Əsas Səhifə > Maraqlı > Xruşovun Hollivudda “Kankan” rəqsinə etirazı – O, pencəyini qaldırıb, arxasını amerikalılara göstərib
Xruşovun Hollivudda “Kankan” rəqsinə etirazı – O, pencəyini qaldırıb, arxasını amerikalılara göstərib12-11-2019, 23:20 |
11 illik hakimiyyəti dövründə Nikita Xruşov xarici ölkələrin siyasi liderlərini bir çox hadisələrlə təəccübləndirib. O, təkcə siyasi gedişləri, rəsmi görüşlərdəki çıxışları ilə deyil, həm də qeyri-rəsmi tədbirlərdə özünü “məşhurlaşdırmağı” bacarıb… Nikita Xruşov adətən çılğınlığı, səsinin tonunun tez-tez qaldırmağı ilə fərqlənib. Araşdırmaçıların qənaətinə görə, Xruşovun bu jestləri “hücum” məqsədini daşıyıb. Bəziləri isə baş katibin yaratdığı səs-küyün qorxudan irəli gəldiyini vurğulayıblar. Qorxan adamların tez-tez qışqırmalarını nəzərə alsaq, söylənilən fikirlərin həqiqətə uyğun olduğuna şübhə qalmır. Hər halda dünyanın ən güclü siyasətçilərinin fəaliyyətinə nəzər yetirsək, çox asanlıqla anlamaq olar ki, çılğınlıq, yüksək səs tonu siyasətçi üçün məqbul hal deyil. Amma Nikita Xruşov təkcə səs tonunu qaldırmayıb. O, Amerikada ətəyini bədəninin intim yerinə qədər qaldıran aktrisanı gördükdən sonra, arxasını publikaya çevirərək pencəyini yuxarı qaldırıb və öz arxasını tədbirdə iştirak edən 2500-dən artıq jurnalistə, yüzlərlə amerikalıya nümayiş etdirib. Məlum olduğu kimi, 1959-cu ilin sentyabr ayında Nikita Xruşov 13 gün Amerika Birləşmiş Ştatlarında rəsmi səfərdə olub və bu, sovet liderinin ABŞ-a ilk səfəri kimi tarixı düşüb. İlk dəfə olaraq sovet istehsalı olan Tu-114 markalı təyyarə uzun bir məsafə qət edib, SSRİ-dən birbaşa ABŞ-a uçub. Maraqlı məqamlardan biri də odur ki, uçuşun təhlükəsizliyinə əmin olmaq üçün təyyarənin konstruktoru Andrey Tupolev də nümayəndə heyəti ilə birgə Amerikaya uçub. Rəsmi səfər zamanı sovet lideri ilə ABŞ prezidenti tərksilah problemlərini açıq müzakirə ediblər. Xruşovla Eyzenhauer arasındakı şəxsi əlaqə və birbaşa ünsiyyət beynəlxalq gərginliyin zəifləməsinə kömək edib. Tərəflər arasında razılaşma əldə olunub ki, SSRİ, ABŞ, Böyük Britaniya və Fransanın dövlət başçıları 1960-cı ilin mayında görüşsünlər. Lakin SSRİ səmasında ABŞ təyyarəsinin nəzərdə tutulan görüşdən bir neçə gün əvvəl vurulması SSRİ-nin həmin görüşdə iştirakdan imtina etməsinə səbəb oldu. Bununla yanaşı, səfər zamanı SSRİ və ABŞ arasında müxtəlif sahələr üzrə əməkdaşlıqla bağlı bir sıra sənədlər imzalanıb, rəsmi işgüzar görüşlər keçirilib. Səfər zamanı ABŞ rəhbərliyi Xruşovu zəngin Amerika həyatı ilə tanış etməyi də qərarlaşdırıblar. Daha doğrusu, sovet liderini sosialist ölkəsindən əks qütbdə olan bir cəmiyyətdəki həyat tərzi ilə təəccübləndirmək istəyiblər. Onlar Xruşovu ən böyük supermarketlərdən birinə aparıblar. SSRİ qastronomlarından fərqli olan supermarketdəki çeşidli məhsullar Xruşovu təəccübləndirsə də, o, özünü itirməyib: - Yox, bu sadəcə sizin dildə desək, reklamdır, sözsüz ki, adi vətəndaşın bu qədər malı almağa imkanı çatmaz. Bizdə isə hər şey tam fərqlidir, satılan hər bir məhsul vətəndaşlarımız üçün əlçatandır. Daha sonra Xruşov Hollivuda səfər edib. Ali qonaq yüksək səviyyədə qarşılanıb. Burada Xruşov üçün xüsusi konsert proqramı da hazırlanıb. Bir neçə nömrədən sonra səhnədə “Kankan” rəqsi nümayiş edilib. Qeyd edək “Kankan” qədim fransız rəqsidir. 19-cu əsrin əvvəllərində bu rəqs Fransada gecə klublarında daha çox populyar olub. “Kankan” rəqsində daha çox ifaçının yarıçılpaq bədəni, enerjili rəqs elementləri, ehtiraslı ifa diqqəti cəlb edib. Ümumiyyətlə, bu rəqs haqqında illər boyu müxtəlif fikirlər səsləndirilib. Bu rəqs əxlaq normalarına sığmayan hərəkətlər toplusu kimi də qiymətləndirilib. Hollivudda “Kankan” rəqsi ilə bağlı eyniadlı film də çəkilib. Filmin əsas süjeti gənc məhkəmə hakiminin “Cənnət” kafesinin sahibəsini ittiham etməkdir. Hakim məhz kafedə ədəbsiz bir rəqsin, “Kankan”ın nümayiş olunmasına görə kafe sahibəsini ittiham edir. Xruşovun qarşısında bu rəqsi tanınmış aktrisa Şirli Makleyn nümayiş etdirib. Çılğın rəqsi seyr edən Nikita Xruşov mədəniyyət xatirinə aktrisanın üzünə gülüb, hətta sonra onunla birgə şəkil də çəkdirib. Amma konsert proqramından sonra jurnalistlərin qarşısına çıxan Xruşov təmkinini və mədəniyyətini saxlaya bilməyib: - Bu əxlaqsızlığın son həddidir. Ətəyini qaldırıb yumşaq yerini tamaşaçılara göstərmək ədəbsizlikdir, tərbiyəsizlikdir. Bizdə insanlar konsertə, teatra gedəndə aktrisanın üzünə baxıb zövq alırlar, arxalarına yox... Bu kiçik açıqlamadan sonra Xruşov arxasını jurnalistlərə və onu müşayiət edən amerikalılara çevirib, pencəyini qaldırıb, əyilərək arxasını onlara göstərib: - Baxın, necədir, bu sizin xoşunuza gələr??? Xruşovu təəccübləndirmək fikrində olanlar onun bu hərəkətindən sonra özləri təəccübdən şoka düşüblər. Tanınmış tərcüməçi Viktor Suxodrev öz xatirələr kitabında həmin anı belə xatırlayıb: “Nikita Xruşov “Kankan” rəqsini səbrlə seyr etdi. Şirli Makleyn ətəyini lap yuxarı qaldıranda Xruşov hətta onu alqışladı. Amma bu başqa alqışlamaq idi. Xeyli müddət Xruşovla işlədiyimdən onun xarakterinə bələd idim. Bilirdim ki, açılacaq və böyük səs-küy yaranacaq. Yanılmamışdım, jurnalistlərin qarşısında Xruşovun dedikləri və göstərdiyi hamını heyrətləndirdi. Sonda o, konsertin təşkilatçısını yanına çağırdı və fikirlərini ona da bildirdi: - Baxın, bu tamaşaları göstərənlər ağıllı və gözəl qızlardır. Amma siz onları düzgün yoldan çəkindirirsiniz, məcbur edirsiniz ki, əxlaqsız və ədəbsiz hərəkətləri ilə şou göstərsinlər. Heç kim Xruşovun cavabını vermədi və o, Hollivudu qalib siyasi ulduz kimi tərk etdi...” Görüşdə iştirak edən Andrey Qromıko da öz xatirələrində “Kankan” rəqsi haqqında yazıb: “Anlaşılmaz bir mənzərə idi. Səhnədəki yarıçılpaq məxluqların rəqsini anlamaq çətin idi. Yəqin ki, Xruşov da həmin anda bu çətinlikdən “əziyyət” çəkirmiş...” Şəffaflıq.az Geri qayıt |