Əsas Səhifə > ELM VƏ TƏHSİL > Deputat məktəblərdə psixoloqların sayının az olmasının səbəbini açıqlayıb

Deputat məktəblərdə psixoloqların sayının az olmasının səbəbini açıqlayıb


3-11-2023, 17:58


"Bu gün məktəblərdə psixoloq ştatının azlığı onların aldığı əməkhaqqının az olması ilə əlaqədardır".

Şəffaflıq.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Azər Badamov parlamentdə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində deyib.

Onun sözlərinə görə, təxminən 5 il əvvəl məktəblərdə müəllim və psixoloqların əməkhaqqısı, demək olar, eyni səviyyədə idi: “Ona görə də psixoloq olmaq istəyənlər həvəslə məktəbdə işləmək istəyirdi. Sonra müəllimlərin bilik və bacarıqlarının yoxlanılması üçün imtahanlar təşkil edildi və onların əməkhaqqısı artırıldı. Bu gün müəllimin orta aylıq əməkhaqqısı 800 manatdan yüksək olduğu halda, psixoloqların maaşı 450 manatın üzərindədir. Bu qədər fərq aradan qaldırılmalıdır. Eyni zamanda psixoloqların sayı məktəbdə olan şagirdlərin sayına görə tənzimlənməli və normalar müəyyənləşdirilməliidr”.

A.Badamov hərbçilərin maddi təminatı məsələsinə də toxunub: "Dövlət büdcəsində müdafiə xərcləri nəzərdə tutulub. Əlbəttə ordu quruculuğunu daha da gücləndirmək, ordumuzun maddi-texniki bazasını daha da yaxşılaşdırmaq vacibdir. Amma orduda xidmət edən həbçilərin və sərhəd xidməti əməkdaşlarının maddi vəziyyətinin də yaxşılaşdırılmasının zəruri olduğunu hesab edirəm. Yəni gələn il də onların maddi-sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı addımlar atılsa, yaxşı olardı".

Milli Məclisin üzvü bildirib ki, müzakirəyə çıxarılan dövlət büdcəsi layihəsi gələn il də ölkədə iqtisadi siyasətin uğurla aparılmasına imkan verəcək, işğaldan azad edilmiş ərazilərdə başlanan yenidənqurma və tikinti işlərinin sürətlə davam etdirilməsinə və regionların tarazlı inkişaf proqramlarının yerinə yetirilməsinə imkan yaradacaq.


Geri qayıt