Əsas Səhifə > ELM VƏ TƏHSİL > AzTU-da tələbə-məzun təcrübə proqramının təqdimatı olub
AzTU-da tələbə-məzun təcrübə proqramının təqdimatı olub20-10-2023, 14:19 |
Azərbaycan Texniki Universitetin (AzTU) Davamlı İnkişaf Mərkəzində "Maarifçi" tələbə-məzun təcrübə proqramının təqdimat mərasimi keçirilib. Şəffaflıq.az xəbər verir ki, Texniki Universitetin Davamlı İnkişaf Mərkəzində keçirilən təqdimat mərasimində Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədr müavini Nərgiz İsmayılova, nazirliyin İnformasiya və Vətəndaşlara Xidmət Şöbəsinin müdir müavini Səbuhi Rzayev, nazirliyin İnsan Resursları şöbəsinin Korporativ İdarəetmə Sektorunun müdiri Şəhriyar Laçınov iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Elm və Təhsil Nazirliyinin İnformasiya və Vətəndaşlara Xidmət Şöbəsinin müdir müavini Səbuhi Rzayev bildirib ki, bu layihə Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondu tərəfindən maliyyələşdirilir: "Bu proqram vasitəsilə ölkədə elmin təhsilin inkişafına töhfə vermək və bu sahədə işləmək istəyənlərin motivasiyası yüksələcək, daha yaxşı işləməyinə gətirəcək. Bu proqramın daha da genişlənməsi planlaşdırılıb" - o, vurğulayıb. Daha sonra "Maarifçi” tələbə-məzun təcrübə proqramının təqdimatını edən Elm və Təhsil Nazirliyinin əməkdaşı proqram haqqında ətraflı məlumat verib. Bildirilib ki, "Maarifçi” proqramında iştirak üçün elm və təhsil sahəsində karyera qurmağı hədəfləyən, bu sahənin inkişafına töhfə vermək istəyən, ali təhsilin bakalavriat səviyyəsi üzrə müvafiq ixtisaslarda təhsil alan III və IV kurs tələbələri, magistratura səviyyəsində təhsil alan tələbələr, eləcə də son 3 il ərzində məzun olmuş şəxslər müraciət edə bilərlər. “Maarifçi” proqramı ildə 2 dəfə olmaqla 3 ay müddətində həyata keçiriləcək. Proqram iştirakçılarına gündəlik yol və qida xərclərinin qarşılanması məqsədilə aylıq qonorar verilməsi nəzərdə tutulub. Bu məbləğ Bakı şəhərində aylıq 200 manat olacaq, regionlarda isə uyğun olaraq dəyişə bilər. Proqram çərçivəsində iştirakçılar Elm və Təhsil Nazirliyinin Aparatı, tabe qurumları və regional təhsil idarələrində təcrübə keçmək imkanı əldə edəcəklər. Təcrübə proqramı çərçivəsində tələbə və məzunlar nazirliyin struktur bölmələrində həyata keçirilən layihə və proqramlarda, müxtəlif mövzular üzrə təlimlərdə, eləcə də təcrübəli rəhbər şəxslərlə mentorluq proseslərində iştirak imkanı qazanacaqlar. Geri qayıt |