Əsas Səhifə > Maraqlı > Seçkiyə qatılan bloger: "Fəaliyyətimi bələdiyyə binasından davam etdirəcəyəm"

Seçkiyə qatılan bloger: "Fəaliyyətimi bələdiyyə binasından davam etdirəcəyəm"


10-11-2019, 14:22

 

Bloger Mehman Hüseynov bələdiyyə seçkilərində iştirak etmək üçün namizədliyini irəli sürüb.
 
O, Qaraçuxur bələdiyyəsinə namizədliyini verib və noyabrın 7-də 31 saylı Suraxanı İkinci Dairə Seçki Komissiyasından imza vərəqlərini götürüb.
 
Toplum Tv mövzuyla bağlı Mehman Hüseynova suallar ünvanlayıb.
 
- Mehman bəy, necə oldu ki, bələdiyyə seçkilərinə qatılmaq qərarına gəldiniz?
 
- Mən bu qərara aylar əvvəl gəlmişdim. Düşünürəm ki, bu, mənim üçün bir test, sınaqdır. Parlament seçkisi qabağı  təcrübədir. Parlament seçkilərində nələr etməliyəm, hansı hüquqi addımlar atmalıyam, bir təcrübə olacaq. Ona görə də qərara gəldim ki, namizədliyimi verim. Əvvəl öz işimdə də bir bloger kimi xalqa xidmət etmişəm. Seçilsəm, artıq mənim məsuliyyətimi 2 qat artırır.
 
- Proseslə, sənədlərin alınıb imzalanması ilə bağlı hər hansı problem yaranıb?
 
- Biz artıq o proseslə məşğul oluruq. İmzatoplama kampaniyasına başlamışıq. Növbəti həftə Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edəcəyik. Bizə 100 imza lazımdır ki, qeydiyyata alınaq. Amma biz 150 imza toplayacağıq.
 
- Necə təbliğat aparacaqsınız?
 
- Bu barədə danışmaq hələ tezdir. Çünki hələ qeydiyyata alınmaq üçün imzatoplama mərhələsindəyəm. İndidən təbliğat aparmağım düz olmaz. Sonra açıqlamamı qarşıma qoyub namizədliyimi ləğv edə bilərlər. Ondan sonra mən nələr edəcəyəm, nələr vəd edəcəyəm, hamısı kampaniya çərçivəsində bilinəcək. Qeydiyyatımı təsdiq etsələr, seçki tarixində kreativ, maraqlı təbliğat olacaq. Mən əlimdə olan bütün platformalardan, sosial şəbəkələrdən, hətta "tik-tok"dan belə istifadə edəcəyəm.
 
- Bələdiyyənin səlahiyyətləri daha azdır. Siz seçildiyiniz təqdirdə nələr edə, nələri dəyişə biləcəksiniz?
 
- Bizdə Qaraçuxur bələdiyyəsi yox səviyyəsindədir. Orada nə olurlar, nə iş görürlər. Onlar ona görə iş görmürlər ki, təyin olunublar. Onları xalq seçməyib. Oturub müftə pul yeyirlər. Ola bilsin ki, hansısa bələdiyyə üzvü Suraxanı Rayon İcra Hakimiyyəti başçısının və ya başqa məmurun qohumu idi. Yəni dilləri qısa olurdu. Düşünürəm ki, mən seçilsəm, artıq qohumbazlıq və ya tanışlıq sistemini yığışdıracağam. Artıq icra başçısının da, bələdiyyə üzvlərinin də fəaliyyətinə nəzarət edəcəyəm. Çünki elə bir struktur olmalıdır ki, dövlət qurumları çəkinsin.
 
- Bələdiyyə seçkilərində qalib gəlsəniz, blogerliyinizi davam etdirəcəksiniz?
 
- Əlbəttə. Mən seçildiyim təqdirdə Qaraçuxur sakinləri biləcək ki, həm də jurnalist kamerası ilə daim onların yanındayam. Hər hansı bir ərazinin problemini çəkib işıqlandıracağam. Mən hətta  öz blogerlik fəaliyyətimi bələdiyyə binasının daxilindən davam etdirəcəyəm. Yəni orada korrupsiyanın qarşısını alacağam, torpaqları pulla satmaq, vətəndaşları incitmək və s. bu özbaşınalıqların qarşısını öz kameram ilə alacağam.

Şəffaflıq.az
Geri qayıt