Əsas Səhifə > Gündəm > Azərbaycanda elektrikli avtomobillərə maraq niyə artıb?

Azərbaycanda elektrikli avtomobillərə maraq niyə artıb?


17-10-2023, 18:02



Cari ilin yanvar-sentyabr aylarında Azərbaycana elektrik mühərrikli avtomobillərin idxalında kəskin atım baş verib.

Dövlət Gömrük Komitəsinin 9 aylıq hesabatında bildirilib ki, ötən ilin eyni dövründə ölkəyə gətirilən belə avtomobillərin sayı 301 ədəd, maliyyə dəyəri isə 10 142 680 dollar təşkil edirdisə, cari ildə bu say 2 118 ədədə, maliyyə dəyəri isə 85 882 070 dollara yüksəlib.

Bir sözlə, bir ildə sayda birdən-birə 1 817 ədəd və ya 85,79 faiz, maliyyə dəyərində isə 75 739 390 dollar və ya 88,19 faiz artım qeydə alınıb.

Marağın artmasının səbəbləri

Mövzunu şərh edən nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov Azərbaycanda elektromobillərə marağın artmasının əsas səbəblərindən danışıb.

Ekspert birinci səbəbin hökumətin tətbiq etdiyi stimullaşdırıcı amillərlə bağlı olduğunu diqqətə çatdırıb:

“2022-ci ildə Nazirlər Kabineti yanında Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Dövlət Komissiyası ekoloji təmiz avtomobillərin ölkəyə idxalının stimullaşdırılması və ölkə daxilində həmin vasitələrinin istismarının stimullaşdırılması ilə bağlı yol xəritəsi hazırlandı. Bunun əsasında da ötən ildən etibarən belə avtomobillərin idxalı həm gömrük, həm də vergi rüsumlarından azad olundu.

Eyni zamanda, elektrikdoldurma məntəqələrinin hazırlanması və qurulması üçün lazım olan avadanlıqların gətirilməsi də bütün rüsumlardan azad olundu. Belə olan halda sahibkar üçün belə avtomobilləri ölkəyə gətirmək daha sərfəli oldu və onlar üçün bir fürsət yarandı”. 

İdxalı ucuz başa gəlir...

Ekspert vurğulayıb ki, bu avtomobillərin idxalı ucuz başa gəldiyi üçün ölkə daxilində də baha qiymətə satılması mümkün olmur:

“Elektromobillər onsuz da bahalı avtomobil sayılır. Ancaq bu tədbirlər qismən də olsa, vətəndaş üçün əlçatanlılığı təmin etdi. Əgər 2022-ci ilin sonunda ölkədə 40 elektrik doldurma məntəqəsi vardısa, cari ilin oktyabr ayına qədər onların sayı 2 dəfə artırılıb. Artıq həm bölgələrdə, həm də Bakıda onların sayı kifayət qədərdir”.

Şəffaflıq.az


Geri qayıt