Əsas Səhifə > MALİYYƏ > Hesablama Palatası Gənclər və İdman Nazirliyinin tikinti layihələrində pozuntular aşkarlayıb

Hesablama Palatası Gənclər və İdman Nazirliyinin tikinti layihələrində pozuntular aşkarlayıb


16-10-2023, 15:22


Hesablama Palatası Gənclər və İdman Nazirliyinin tikinti layihələrində pozuntular aşkarlayıb.

Şəffaflıq.az xəbər verir ki, bu, Palatanın “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə bəzi tikinti layihələri üzrə ayrılan dövlət investisiyalarının auditi” üzrə aparılmış kənar dövlət maliyyə nəzarəti tədbirinin nəticələrinə dair auditor hesabatında əks olunub.

Bildirilir ki, auditlə əhatə olunan dövrdə nazirlik və onun tabeliyində olan Tikilməkdə Olan Obyektlərin Müdiriyyətinin (TOM) tərəfindən qurumdaxili dövlət investisiya siyasətinin həyata keçirilməsi və investisiya layihələrinin icrasına nəzarət, həmçinin bu layihələrin maliyyələşdirilməsi qeyri-qənaətbəxş səviyyədə təşkil olunmuş və bir sıra hallarda qanunsuz xərclərə yol verilib. Belə ki, tikilən obyektlərin dövlət proqramlarında nəzərdə tutulan tədbirlərə uyğunluğu, texniki-iqtisadi əsaslandırılması və qiymətləndirilməsi tam təmin edilməyib, regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında nəzərdə tutulan tədbirlər qismən və ya tam icra edilməmiş, investisiya xərcləri üzrə vəsaitin vaxtında və müəyyən edilən məbləğdə ayrılması üçün tədbirlər görülməyib, bu səbəbdən layihələrin icrasını başa çatdırmaq üçün 161,5 milyon manat məbləğində vəsaitin istifadəsi təmin edilməyib.

Tikinti norma və qaydalarının tələbləri pozularaq smeta sənədlərində və yerinə yetirilən işlərin qəbul aktlarında işçi layihə ilə müqayisədə kənarlaşmalara yol verilmiş, “Neftçala rayonunun Olimpiya İdman Kompleksinin tikintisi” obyekti üzrə smeta sənədlərində və yerinə yetirilmiş işlərin qəbulu aktlarında iş həcmlərinin layihədə nəzərdə tutulandan çox göstərilməsi nəticəsində 3 halda podratçıya 27,9 min manat, 7 halda yerinə yetirilməyən işlərə görə 221 min manat və 18 adda idman və mebel avadanlıqlarının mövcud olmamasına görə 38,8 min manat, cəmi 287,7 min manat məbləğində büdcə vəsaiti podratçıya artıq ödənilib.

TOM tərəfindən qeyd edilən kənarlaşma məbləğinin 206 min manatının dövlət büdcəsinə ödənildiyi, 42,9 min manat dəyərində yerinə yetirilməyən işlərin yerinə yetirilərək bərpa edildiyi və 38,8 min manat dəyərində idman və mebel avadanlıqlarının digər lazımı avadanlıqlarla əvəzləşdirildiyi barədə Hesablama Palatasına müvafiq məlumatlar təqdim edilib. “Goranboy rayonunda Olimpiya İdman Kompleksinin tikintisi” obyekti üzrə smeta sənədlərində və işlərin qəbulu aktlarında iş həcmlərinin layihəyə nisbətən çox göstərilməsi nəticəsində 6 halda 135,2 min manat və 80 halda yerinə yetirilməyən işlərə və mövcud olmayan mebel avadanlıqlarına görə 379,6 min manat, 1 halda yerinə yetirilmiş iş həcmlərinə bazisəmsal üsulu tətbiq edilməklə hesablanmış işin dəyəri üzrə yaranan kənarlaşmaya görə 457,6 min manat, cəmi 972,4 min manat məbləğində büdcə vəsaiti podratçıya artıq ödənilib.

Satınalma müqaviləsinin şərtlərinə, həmçinin öhdəliklərin icrasına düzgün əməl edilməyərək 2 obyekt üzrə 5 % miqdarında və ya 1 milyon 379,9 min manat məbləğində keyfiyyət zəmanəti vaxtından əvvəl podratçılara ödənilib, “Dövlət satınalmaları haqqında” qanunun tələblərinə, satınalma müqavilələrinin şərtlərinə və müvafiq satınalma prosedurlarına düzgün əməl olunmayıb, 1 halda bank təminatının müddətində uyğunsuzluq olan iddiaçı prosedurdan kənarlaşdırılmaq əvəzinə qalib elan edilib, 6 halda ehtimal olunan qiymətdən yüksək qiymət təklif edən iddiaçıların adı yekun protokolda qeyd edilməyib və bu barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verilməyib, 7 halda satınalma müqaviləsi nümunəvi formaya uyğun tərtib edilməyib, 3 halda satınalma müqavilələrinə əlavə edilmiş dəyişikliklər üzrə artırılan dövr üçün müqavilənin icrasının bank təminatı və 1 halda müqavilə müddətindən sonrakı 30 bank günü üçün bank təminatı podratçılar tərəfindən təqdim edilməyib, 5 halda obyektin ehtimal olunan qiyməti satınalma müqaviləsi bağlandıqdan sonra (tərtib) müəyyən edilib, 1 halda müqavilənin müddətinin uzadılması ilə bağlı müqaviləyə əlavə razılaşma protokolu tərtib edilməyib, 7 halda satınalma müqavilələrinin nəticəsi barədə məlumatlar tender elanının verildiyi mətbuat orqanında və ya rəsmi internet saytında yerləşdirilməyib, 1 halda isə gecikmə ilə yerləşdirilib.

Bəzi hallarda mühasibat uçotunun aparılması və maliyyə hesabatlarının tərtibi “İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması qaydaları”nın və müvafiq hüquqi aktların tələblərinə, həmçinin Dövlət Statistika Komitəsinə və Əmlak Məsələləri Dövlət Xidmətinə təqdim olunan hesabatların göstəriciləri maliyyə hesabatlarının və Hesablama Palatasına təqdim olunan “Dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya) xərcləri çərçivəsində icra olunan layihələrin icra vəziyyəti barədə hesabat”ın müvafiq göstəricilərinə uyğun olmayıb.

Hesablama Palatası, Gənclər və İdman Nazirliyinə bəzi tikinti layihələri üzrə ayrılan dövlət investisiyalarının auditi zamanı Goranboy Olimpiya İdman Kompleksinin tikintisi üzrə dövlət büdcəsindən ayrılan vəsaitin istifadə və idarə olunması sahəsində aşkar edilmiş hüquqpozmalarda cinayət tərkibinin əlamətlərinin ehtimal olunmasını nəzərə alaraq auditin nəticələrinə dair müvafiq materialların Baş Prokurorluğuna göndərilməsinə dair qərar verib.


Geri qayıt