Əsas Səhifə > XARİCİ XƏBƏR > Ədliyyə naziri türk dövlətlərindən olan həmkarları ilə görüşüb, əməkdaşlıq məsələləri müzakirə olunub
Ədliyyə naziri türk dövlətlərindən olan həmkarları ilə görüşüb, əməkdaşlıq məsələləri müzakirə olunub6-10-2023, 15:23 |
Əliyyə naziri Fikrət Məmmədov “Türk Dünyası Notariuslar Assosiasiyasının yaradılması haqqında” Anlaşma Memorandumun imzalanması mərasimində iştirak etmək üçün Ankarada səfərdə olub. Şəffaflıq.az xəbər verir ki, səfər çərçivəsində nazir Türkiyənin ədliyyə naziri Yılmaz Tunç ilə görüşüb. Görüşdə Azərbaycan-Türkiyə qardaşlıq və dostluq münasibətlərinin Ulu Öndər Heydər Əliyevin "bir millət, iki dövlət" prinsipinə uyğun uğurla inkişaf etdiyi bildirilib, Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən əlaqələrimizin müttəfiqlik səviyyəsinə yüksəldiyi vurğulanıb. Nazir xalqlarımızın daim bir-birinin yanında olduğunu bildirib, Vətən müharibəsində Türkiyə Prezidenti başda olmaqla türk xalqının qəti siyasi və mənəvi dəstəyini xüsusilə qeyd edib. Torpaqlarımızın 30 il erməni işğalından azad edilməsinin Türkiyədə böyük sevinclə qarşılandığını söyləyən Y.Tunç qazanılmış tarixi zəfər münasibətilə təbrikini ifadə edib, Azərbaycana səfərləri zamanı hərtərəfli inkişafı müşahidə etdiyini vurğulayaraq hüquqi əlaqələrin genişləndirilməsi üçün yeni imkanların olduğunu qeyd edib, bu məqsədlə səfərlə bağlı niyyətini bildirib. Ədliyyə naziri Ankarada həmçinin, qazaxıstanlı həmkarı Azamat Eskarayev ilə görüşüb. Ortaq tarixi köklərə malik xalqlarımız arasında ikitərəfli münasibətlərin möhkəmləndirilməsində dövlət başçılarının xüsusi rolu vurğulanıb, hüquqi sahədə əlaqələrə toxunulub. Bildirilib ki, Ulu Öndərin Qazaxıstana tarixi səfəri zamanı Ədliyyə nazirlikləri arasında əməkdaşlığa dair Saziş imzalanıb, nümayəndə heyətləri müntəzəm səfərlər edərək faydalı təcrübə mübadiləsi aparırlar. Nazir A.Eskarayev Azərbaycana səfərini xatırladaraq ölkəmizdə gedən inkişaf prosesi barədə məlumatlı olduğunu bildirib, torpaqlarımızın işğaldan azad olunması və suverenliyimizin bərpası münasibətilə təbrik edib, hüquqi sahədə əlaqələrin genişləndirilməsinə maraq göstərərək insan hüquqlarının qorunması, hüquqi yardım, notariat və digər sahələrdə Azərbaycan təcrübəsi ilə tanış olmaq barədə niyyətini ifadə edib. Ədliyyə orqanları arasında əməkdaşlığa dair yeni sənədin imzalanması ilə bağlı fikir mübadiləsi aparılıb. Keçirilən görüşlərdə məhkəmə, ədliyyə, o cümlədən penitensiar sahədə islahatlara və yeniliklərə dair müzakirələr aparılıb, təcrübə mübadiləsinin tərəflər üçün əhəmiyyəti vurğulanıb, əməkdaşlığa dair konkret tədbirlər müəyyən edilib. Səfər zamanı həmçinin, Özbəkistan və Qırğız Respublikasının ədliyyə orqanlarının rəhbərləri ilə danışıqlar aparılaraq əməkdaşlığın perspektivləri müzakirə olunub. Eyni zamanda Türk Dövlətləri Təşkilatının Baş katibi ilə işgüzar görüş keçirilib, növbəti ay quruma sədrliyin Özbəkistandan Qazaxıstana keçəcəyi qeyd olunaraq təşkilat çərçivəsində gələcək tədbirlər barədə faydalı fikir mübadiləsi aparılıb. Tədbirlərdə Azərbaycanın ədliyyə naziri həmsöhbətlərini azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işləri barədə məlumatlandıraraq bu prosesdə türk dövlətlərinin dəstəyini qeyd edib. Bu işlərə ciddi əngəl törədən Ermənistan tərəfindən ərazilərimizin, hətta müharibədən sonra məqsədyönlü şəkildə terror aktlarını həyata keçirmək üçün minalandığı, 300-dən çox insanın mina terrorunun qurbanı olduğu və ya ağır yaralandığı bildirilib, iki həftə öncə buna qarşı lokal xarakterli antiterror tədbirləri aparılaraq qanunsuz erməni silahlı birləşmələrinin tərk-silah edildiyi və suverenliyimizin tam bərpa olunduğu vurğulanıb. Geri qayıt |