Əsas Səhifə > SON XƏBƏR > Çin avtomobil festivalı yekunlaşdı, növbədə Yaponiyadır

Çin avtomobil festivalı yekunlaşdı, növbədə Yaponiyadır


3-10-2023, 17:13



Ötən həftə ölkəmizdə ilk dəfə olaraq, Çin avtomobilləri festivalı baş tutub. Üç gün ərzində “Park Bulvar” ticarət və əyləncə mərkəzində keçirilən tədbirlərdə 15 mindən çox ziyarətçi iştirak edib.

Festivalda “Changan”, “Faw”, MG, “Baic”, “Hongqi”, “Kaiyi”, “Skywell”, “Jetour”, “Leap”, “Geely, “Chery”, VGV, “Haval”, “Jac” markalarının Azərbaycanda rəsmi dilerləri ən son modellərini nümayiş etdiriblər. 

Qeyd etməliyik ki, festival təkcə avtomobil sərgisindən ibarət olmayıb. Paytaxt sakinləri və qonaqların mənalı istirahəti üçün maraqlı əyləncə proqramı təşkil olunub. Belə ki, festivalda tamaşaçılar üçün uduşlu müsabiqələr, ənənəvi Çin çay dəsgahı, uşaqlar üçün kompüter oyunları, Çin folklor musiqisi, Çin mifologiyası mövzusunda “kospley-defile” də təşkil olunub.

Xatırladaq ki, yeni formatlı avtoşou Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası (AADA) tərəfindən təşkil olunub. AADA 45-dən artıq avtomobil markasını ölkəmizdə təmsil edən rəsmi idxalçılar və yerli avtomobil istehsalçılarının ictimai birliyidir. Təşkilat ölkədə sivil avtomobil biznesinin bərqərar olması, ölkə avtomobil parkının yenilənməsi istiqamətində araşdırmalar aparır, dünya avtomobil sənayesinin ən yeni məhsullarını nümayiş etdirmək üçün müxtəlif sərgilər və festivallar təşkil edir. 

AADA İdarə Heyətinin sədri Natiq Zərbəliyev məlumat verib ki, son illərdə Azərbaycanda rəsmi təmsil olunan Çin avtomobil brendlərinin sayının sürətlə artmasını, əhalidə Çin avtomobillərinə olan marağın yüksəlməsini nəzərə alaraq, assosiasiya “China Auto Fest 2023” adlı tədbiri birinci növbədə təşkil edib. Əslində isə bu festival böyük layihənin tərkib hissəsidir. Belə ki, bu həftəsonu - 6-8 oktyabr tarixlərində eyni məkanda Yaponiya istehsalı olan ən yeni avtomobillər sərgilənəcək. 

“Toyota”, “Mazda”, “Nissan”, “Subaru”, “Mitsubishi”, “Infiniti”, “Lexus”, “Honda” modelləri ilə tanış olub, sınaq yürüşünə yazılmaq mümkün olacaq. Tamaşaçıları bu dəfə də parlaq əyləncə proqramı gözləyir: Yaponiya mətbəxindən başlayaraq, virtual avtoidman yarışları, aykido üzrə master-klas, “anime kospley-defile”, saysız hesabsız mükafatlı müsabiqə və s. 

Şəffaflıq.az


Geri qayıt