Əsas Səhifə > SON XƏBƏR > Bakıda Çin avtomobilləri festivalı keçiriləcək

Bakıda Çin avtomobilləri festivalı keçiriləcək


14-09-2023, 12:56



Bakıda Çin avtomobilləri festivalı keçiriləcək.

Bu barədə Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının (AADA) rəsmi internet saytında məlumat yayıb.

“China Auto Fest 2023” adlanan forum 22-24 sentyabr 2023-cü il tarixində “Park Bulvar” ticarət və əyləncə mərkəzində baş tutacaq. Festivalda 15 Çin avtomobil brendinin ən son modelləri nümayiş etdiriləcək. 

Festival günlərində avtomobillərin sınaq yürüşlərinə yazılmaq və dilerlər tərəfindən təklif olunan xüsusi endirim kampaniyalarından yararlanmaq mümkün olacaq. Tamaşaçılar üçün uduşlu müsabiqələr, ənənəvi Çin çay dəsgahı, uşaqlar üçün isə Çin mütəxəssislərinin yaratdığı dünya şöhrətli “Genshin Impact” kompüter oyunu da təşkil olunacaq. Əyləncə proqramına Çin folklor musiqisi, Çin mifologiyası mövzusunda “Kospley defile” və “DJ party” daxildir. Bir sözlə, Avtodilerlər Assosiasiyası paytaxtımızın sakinləri və qonaqları üçün növbəti avtomobil bayramını təqdim edir.

AADA İdarə Heyətinin sədri Natiq Zərbəliyev bildirib ki, bu festival iri bir layihənin başlanğıcıdır. Son zamanlar ölkə avtomobil bazarında Çin markalarının ekspansiyasını nəzərə alaraq, məhz bu ölkədən başlamaq qərara alınıb. İkinci səbəb isə bu ölkənin avtomobilləri ətrafında formalaşmış köhnə stereotip fikirləri alt-üst etməkdir. Yaxın aylarda isə Britaniya, Almaniya, ABŞ, Yaponiya, Cənubi Koreya və İtaliya avtomobil istehsalçılarının məhsullarını nümayiş etdirmək üçün festivallar keçiriləcək.

Festivalların təşkilində əməkdaşlıq etmək üçün assosiasiya müvafiq ölkələrin səfirliklərinə müraciətlər ünvanlayıb. Qeyd edək ki, növbəti festivalın ulduzları Böyük Britaniya avtomobilləri olacaq.

Şəffaflıq.az


Geri qayıt