Əsas Səhifə > SİYASƏT > Bakıda Türkiyənin Zəfər Günü qeyd olunub

Bakıda Türkiyənin Zəfər Günü qeyd olunub


30-08-2023, 22:23


Türkiyənin Azərbaycandakı səfirliyində 30 avqust - Zəfər Günü münasibətilə mərasim keçirilib.

"Report" xəbər verir ki, tədbirdə Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, ictimai-siyasi xadimlər iştirak ediblər.

Mərasimdə əvvəlcə Azərbaycan və Türkiyə Dövlət himnləri səsləndirilib.

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı ilk olaraq Mustafa Kamal Atatürkün rəhbərliyində Zəfər üçün canından keçən şəhidləri yad edib, Allahdan onlara rəhmət diləyib.

Diplomat daha sonra Türkiyədəki zəlzələ fəlakətinə diqqət çəkib: "Biz əsrin fəlakətini yaşadıq. Amma qısa müddətdə 85 milyon çiyin-çiyinə verib yenidənqurma işlərini başlatdı. Əsrin fəlakətində başda Azərbaycan olmaqla ölkəmizə yardım edən hər kəsə təşəkkür edirəm. Cümhuriyyətimizin 100-cü ilinə çatarkən Türkiyə müdafiə sənayesində inkişafı 80 faizə çatdırıb. Türkiyə bu gün bölgədə güclü ölkə səviyyəsindədir".

C.Bağçı Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının zəruri olduğunu söyləyib: "Azərbaycanla Ermənistan arasında bir-birinin ərazi bütövlüyünün tanınması ilə nəticələnəcək sülh müqaviləsinin imzalanacağını ümid edirik. Bu istiqamətdə Azərbaycanın atdığı addımları dəstəkləyirik".

Şəffaflıq.az 


Geri qayıt