Əsas Səhifə > İqtisadiyyat > Azərbaycan fermerləri Rusiyanın kənd təsərrüfatı texnikasını sınaqdan keçirəcəklər

Azərbaycan fermerləri Rusiyanın kənd təsərrüfatı texnikasını sınaqdan keçirəcəklər


17-08-2023, 12:49


25-26 avqust tarixlərində Azərbaycanın Ağstafa rayonunda “Rusiya-Azərbaycan Tarla Günü 2023” ixtisaslaşdırılmış sərgisi keçiriləcək.

Sərgi “Rosspetsmash” Assosiasiyasının fəal dəstəyi ilə Rusiya Federasiyasının Sənaye və Ticarət Nazirliyi tərəfindən təşkil olunur. Sərginin operatoru “EXPOCENTRE” SC-dir.

Rusiyanın aparıcı kənd təsərrüfatı maşınqayırması müəssisələri ikinci dəfədir ki, ən yaxşı texnika və avadanlıqlarını Azərbaycan fermerlərinə göstərmək və sınaqdan keçirmək imkanı yaratmaq məqsədilə Azərbaycana gətirəcək.

Bu il “Rusiya-Azərbaycan Tarla Günü” yeni formatda - Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar İnnovasiyalar Mərkəzinin təşkilatçılığı ilə “AqroİnnoFest” festivalı ilə birgə keçiriləcək. Tədbir Ağstafa aqrar-sənaye kompleksinin ərazisində baş tutacaq.

Rusiya ekspozisiyası ixtisaslaşdırılmış texnika bazarının liderləri olan 14 müəssisəni: Rostselmaş, Sankt-Peterburq Traktor Zavodu (KİROVETS), Peqas-Aqro, Melinvest, ALMAZ, Cənubi Ural Tərəzi Zavodu (CUTZ), Salskselmaş, Texnostal, Voronej Aqromaş Zavodu, Aqromexanika, AqroPostavka və s. bir araya gətirəcək.

Rusiyanın ixtisaslaşdırılmış texnika sərgisi 800 kvadratmetrdən çox ərazini əhatə edəcək. Onu ziyarət etməklə azərbaycanlı fermerlər, kənd təsərrüfatı holdinqləri, kənd təsərrüfatı texnikası üzrə dilerlər və digər alıcılar Rusiya istehsalı olan taxılyığan kombaynlar, kotanlar, dırmıqlar, çiləyici və səpələyicilər, kultivatorlar, taxıltəmizləyən separatorlar və digər texnikanın həm yeni, həm də artıq tanınmış modelləri ilə tanış ola biləcəklər.

Rusiyanın kombaynqayırma sahəsində əvəzsiz lider olan “Rostselmaş” ziyarətçilərə “Power Stream 4m” taxılbiçənli “NOVA 340” kombaynını nümayiş etdirəcək. “Rostselmaş” brendinin məhsulları dünyanın 40-dan çox ölkəsində tanınır və indi Azərbaycanın kənd təsərrüfatı istehsalçıları onu şəxsən öyrənə və satış qiyməti ilə maraqlana biləcəklər. Stenddə kombaynla yanaşı, bir neçə ildir Azərbaycanın tarlalarında uğurla fəaliyyət göstərən “Tukan” kipbağlayan presləyici-yığıcı da nümayiş etdiriləcək.

ALMAZ Ticarət evi (Altay Maşınqayırma Zavodları Şirkətlər Qrupunun bir hissəsi) sərgidə özünün bestsellerini - quraşdırılmış reversiv “PERESVET PON-4+1” kotanını nümayiş etdirəcək. Azərbaycan fermerləri ALMAZ stendində kotanla yanaşı, kənd təsərrüfatı texnikasının təmiri və texniki xidməti üçün lazım olan bütün ehtiyat hissələrini də seçə biləcəklər.

İlk dəfə olaraq Azərbaycan bazarında Samara vilayətinin “Pegas-Agro” şirkətinin istehsalı olan “TUMAN-2” özügedən çiləyici-səpələyici qurğu təqdim olunacaq. Kənd təsərrüfatı texnikasının “Tuman” xətti çox modulluluq, universallıq, sahəyə ehtiyatlı münasibət və nəticədə yüksək məhsuldarlıq və xərclərini tez bir zamanda (orta hesabla 1,5-2 mövsümə) çıxara bilmək kimi fərqləndirici xüsusiyyətlərə sahibdir.

Penza vilayətinin “Aqromexanika” şirkəti ekspozisiyanın qonaqlarına Azərbaycan fermerlərinin bütün aqroiqlim zonalarında və bütün növ torpaqlarda, o cümlədən küləş, ağır torpaqlar və zəif hazırlanmış kənd təsərrüfatı fonlarında istifadə edə biləcəkləri flaqman məhsullarını - “KPU-6m” qoşqulu universal kultivatoru və “BDM-3x2PK” yarımqoşqulu diskli dırmığı nümayiş etdirəcək.

Nijni Novqorodun “SC Melinvest” şirkəti yerli sahibkarlara taxılın təmizlənməsi, emalı və saxlanması üçün geniş çeşiddə avadanlıq təqdim edəcəkdir - onlar həm kiçik bir separator seçə, həm də elevator və silos tikintisi üçün kompleks layihə haqqında razılığa gələ biləcəklər.

“Rusiya-Azərbaycan Tarla Günü” sərgisi Rusiya ilə Azərbaycan arasında kənd təsərrüfatı sahəsində qarşılıqlı faydalı əməkdaşlığın inkişafı üçün mühüm hadisədir.

Kənd təsərrüfatının inkişafı Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi baxımından prioritet məsələdir, deyə kənd təsərrüfatı naziri Məcnun Məmmədov 25 aprel 2023-cü il tarixində Qida Təhlükəsizliyi Agentliyi, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) birgə təşkilatçılığı ilə keçirilən tədbirdə bildirib.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədovun sözlərinə görə, 2022-2026-cı illərdə Azərbaycanda kənd təsərrüfatı istehsalı həcminin ildə orta hesabla 4% artacağı gözlənilir.

Öz növbəsində, 2023-cü ilin fevralında keçirilən II Aqrobiznes Forumunda çıxışı zamanı kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova son illərdə aqrar sektora, xüsusilə də qeyri-dövlət mənbələri hesabına investisiyaların artdığını diqqətə çatdırıb.

Bu amillər, eləcə də yüksək alıcılıq qabiliyyəti sayəsində Azərbaycan bazarı Rusiya şirkətləri üçün böyük maraq doğurur.

Azərbaycan tərəfi də bu istiqamətdə ikitərəfli əməkdaşlığın intensivləşdirilməsində maraqlıdır. Belə ki, əla “qiymət-keyfiyyət” nisbəti və Rusiya texnikasının etibarlılığı, ölkənin kənd təsərrüfatı xüsusiyyətləri və ərazi yaxınlığı sayəsində, Rusiyadan Azərbaycana kənd təsərrüfatı texnikası və avadanlıqlarının çatdırılması sahəsi böyük artım potensialına malikdir.

Sizi 25 və 26 avqust 2023-cü il tarixlərində Azərbaycanın Ağstafa rayonunda baş tutacaq “Rusiya-Azərbaycan Tarla Günü” sərgisinə və “AqroİnnoFest” Festivalına dəvət edirik!


Geri qayıt