Əsas Səhifə > REGİON > Politoloq: “Belarus İrandan hərbi ləvazimatlar alaraq Rusiya cəbhəsinə ötürə bilər”

Politoloq: “Belarus İrandan hərbi ləvazimatlar alaraq Rusiya cəbhəsinə ötürə bilər”


9-08-2023, 12:13


“Belarus müdafiə naziri Viktron Xrenin dünya ictimai rəyini çaşdırmaq məqsədilə birgə əməkdaşlıq adı altında İrandan raketlər ala və onları Ukraynaya qarşı istifadəsini təmin edə bilər. Çünki Belarusun Rusiya cəbhəsinə qoşulma ehtimalı var. Yəni, bu əməkdaşlıq sadəcə müxtəlif hərbi ləvazimatları alaraq Rusiya cəbhəsinə ötürmək məqsədi güdür”.

Bunu “Report”a  açıqlamasında politoloq Qabil Hüseynli deyib.

Onun sözlərinə görə, Belarus müdafiə nazirinin İrana rəsmi səfəri Rusiyanın müdafiə naziri Sergey Şoyqunun İrana səfəri kimi bir şeydir:

“Onların hər ikisini raketqayırma sahəsindəki əməkdaşlıq maraqlandırır. İran elə hesab edir ki, raketqayırma məsələlərində Belarus qabaqdadır və ondan hansısa elmi-texniki yeniliklər əldə edə bilər. Eyni şeyləri həmçinin Belarus da düşünür. Doğrudur, hər ikisi raketqayırma sənayesi ilə ciddi məşğul olurlar. Amma bunun müasir tələblər səviyyəsində olduğunu söyləmək çətindir. Ona görə də birgə əməkdaşlıq nəticəsində raketqayırma sənayesinin yeni texnologiyalarını işləyib hazırlamağı düşünürlər. Zənn etmirəm ki, onlar bu sahədəki əməkdaşlıqları effektiv olmayacaq. Birgə hərbi təlimlərin keçirilməsi də kifayət qədər gülməli görünür. Çünki məsafəcə bir-birindən xeyli uzaqda olan, hərbi potensialı elə də diqqətçəkən olmayan Belarusun hansı şəraitdə, hansı ərazidə və hansı qoşun növləri ilə birgə təlim keçirəcəyini söyləmək olmur”


Ekspert diqqətə çatdırıb ki, Belarusun məqsədi müharibədə Rusiyanı silahla təchiz edən tərəf olmaqdır:

“Belarus indiyə qədər Rusiyaya kamikadze dronları göndərirdi. İndi Rusiya gah Şimali Koreyadan, gah İrandan raketlər almağa çalışır. İranın orta mənzilli raketlər sahəsində müəyyən uğurları var və elə Rusiya da Ukraynanı yerlə-yeksan etmək üçün bu cür raketlər alıb. Belarus da Rusiya-Ukrayna müharibəsində istifadə üçün İrandan raketləri almağa çalışır. Yəni, iki dövlətin hərbi-siyasi əməkdaşlığı Ukraynaya qarşı çevrilir. Belarus müharibəyə qatılmış kimidir, çünki ərazisində raketlər yerləşdirməklə bağlı Rusiyaya razılıq verib. Üstəlik, Belarus və Rusiya ordularının birləşmiş qərargahı yaradılıb və Rusiyanın bəzi ordu hissələri Belarus ərazisindədir. “Vaqner” ordu qruplaşmalarının Belarusda dislokasiyasından, onların Belarus ordusu ilə hərbi təlim keçməsindən sonra bölgədə yeni müharibə şəraitinin yarandığını demək mümkündür. Çünki “Vaqnerçi”lər Rusiyanın göstərişi ilə həm Polşanı, həm də Baltikyanı respublikaları təhdid edirlər. Bununla bağlı NATO müəyyən tədbirlər görür və görünür “Vaqnerçi”lərin taleyi də Belarus ərazisində həll ediləcək. Bu proses Belarus rəhbərini hakimiyyətdən məhrum edə bilər. Bu mənada güman edirəm ki, hər şey aydın olduqdan sonra Belarusa, İrana qarşı da sanksiyalar gücləndiriləcək, onların bu sahədəki əməkdaşlığı baş tutmayacaq. Çünki ona qədər cəbhənin müxtəlif hissələrində məsələlər həll ediləcək”.

Politoloq İranın nüvə silahı ətrafındakı proseslərə də diqqət çəkərək vurğulayıb ki, İran Belarusla əlaqələrinin olub-olmamasına baxmayaraq, uranın saflaşdırılması prosesini aparır:

“Uranın saflaşdırılma dərəcəsi artıq 81 faizi keçib, 90 faizə yaxındır. Bu isə nüvə silahının hazırlanmasına kifayət edəcək qədər saflaşdırılmış uran deməkdir. Amma digər tərəfdən, həm İsrail, həm ABŞ tərəfi bəyanatlar verərək bildirirlər ki, İran nüvə silahı hazırlamağa yaxınlaşdığı zaman ora hücum əməliyyatları həyata keçiriləcək”

.Şəffaflıq.az 


Geri qayıt