Əsas Səhifə > XARİCİ XƏBƏR > Dövlət Komitəsində bir qrup əcnəbi jurnalist və media eksperti ilə görüş keçirilib

Dövlət Komitəsində bir qrup əcnəbi jurnalist və media eksperti ilə görüş keçirilib


2-08-2023, 22:55


Avqustun 2-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev ABŞ-da fəaliyyət göstərən, BMT-nin Baş Qərargahında akkreditə olunmuş bir qrup jurnalist və media eksperti ilə görüşüb.

Komitədən "Report"a bildirilib ki, qonaqlara ölkəmizdə qaçqınlıq və məcburi köçkünlük probleminin yaranmasının səbəbləri, Ermənistanın deportasiya və işğalçılıq siyasətinin ağır nəticələri, öz yurdundan didərgin düşən bir milyondan çox azərbaycanlının üzləşdiyi məhrumiyyətlər onların sosial müdafiəsinin təşkili və dövlət komitəsinin fəaliyyət istiqamətləri, həmçinin 44 günlük Vətən müharibəsindən sonrakı vəziyyət, Böyük Qayıdışla bağlı görülən işlər barədə ətraflı məlumat verilib.

Bildirilib ki, qaçqınlar və məcburi köçkünlər daim dövlətin diqqət və qayğısı ilə əhatə olunublar, onların problemlərinin həllini Prezident İlham Əliyev sosial siyasətin prioritet istiqamətlərindən biri kimi müəyyən edib. Məcburi köçkünlərlə bağlı bütün məsələlərə Birinci vitse-prezident Mehriban xanım Əliyeva da xüsusi diqqət göstərir.

Diqqətə çatdırılıb ki, məcburi köçkünlərin könüllü, təhlükəsiz və ləyaqətlə geri dönüşünə nail olmaq üçün məqsədyönlü iş aparılır. Böyük Qayıdış prosesi getdikcə genişlənir, işğaldan azad edilmiş ərazilərdə məcburi köçkünlərin dayanıqlı məskunlaşması, məşğulluğunun təmin edilməsi üçün zəruri tədbirlər görülür. Zəngilan rayonda “ağıllı kənd” konsepsiyası əsasında yeni salınmış Ağalı kəndinə indiyədək artıq 86 ailə (420 nəfər), Tərtər rayonunun Talış kəndinə 20 ailə (94 nəfər), Laçın şəhərinə 180 ailə (700 nəfər) köçürülüb.

Qonaqlara komitənin beynəlxalq təşkilatlarla əlaqələri, birgə həyata keçirilən layihələr barədə də məlumat verilib.

Sonra Dövlət Komitəsinin sədri və məsul əməkdaşları jurnalistləri maraqlandıran sualları cavablandırıblar.

Əcnəbi media nümayəndələrinin ölkəmizə səfərinin təşəbbüsçüsü, ABŞ-ın Yel Univeristetində təhsilini davam etdirən, “Report” İnformasiya Agentliyinin ABŞ bürosunda çalışan jurnalist Vüsalə Abbasova səmimi qəbula görə minnətdarlıq bildirib. O, səfərin məqsədinin ermənilərin tarixi torpaqlarımızda törətdiyi vəhşiliklər, azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri, həmçinin post-müharibə dövründə regiondakı vəziyyətə dair həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması olduğunu deyib. Nümayəndə heyətinin Füzuli və Zəngilan rayonlarına səfər etdikləri, həm işğal dövründə törədilmiş dağıntılar, həm də hazırda aparılan bərpa-quruculuq işləri ilə yaxından tanış olduqları qeyd edilib.

Nümayəndə heyətinə “Arab News”un BMT bürosunun rəhbəri, Əfqanıstan, İraq və Cənubi Livandakı münaqişə bölgələrində dünyanın tanınmış media qurumlarının (Fox TV, CNN, Al Jazeera) hərbi müxbiri kimi uzun illər çalışmış Əfram Kosafi, Kolumbiya Respublikasının nüfuzlu televiziya şəbəkəsinin (Caracol TV and Canal 1) Nyu-York və Vaşinqtondakı müxbiri, tanınmış blogger Paola Varqas, “Schirach Report”un təsisçisi və baş redaktoru Paolo von Şiraç, “Anadolu” Agentliyinin ABŞ bürosunun fotojurnalisti, “Turkish Journal”ın təsisçisi Selcuk Acar və “RC Communications”nın prezidenti, tanınmış jurnalist və siyasi şərhçi Kelvin Dark daxildirlər.

Şəffaflıq..az


Geri qayıt