Əsas Səhifə > Hadisə > Sabirabadda əkiz qardaşları və qohumunu elektrik cərəyanının vuraraq öldürməsinin təfərrüatı məlum olub

Sabirabadda əkiz qardaşları və qohumunu elektrik cərəyanının vuraraq öldürməsinin təfərrüatı məlum olub


31-07-2023, 13:21


Sabirabadda su kanalında üç nəfəri elektrik cərəyanının vuraraq öldürməsinin bəzi təfərrüatları məlum olub.


“Report”un Aran bürosunun məlumatına görə, hadisə rayonun Cavad kəndində qeydə alınıb.


Belə ki, həmin kəndin sakinləri, 2011-ci il təvəllüdlü Əlizadə Nihad Elçin oğlu, onun əkiz qardaşı Əlizadə Əjdər və qohumları, 2007-ci il təvəllüdlü Əliyev Orxan sərinləmək məqsədilə ərazidəki su kanalına gediblər. Onlar suya girərkən kanalda quraşdırılmış su nasosu işlək vəziyyətdə olub. Nəticədə qurğunu elektriklə təmin edən xəttin suya buraxdığı cərəyan əkiz qardaşları və qohumunu vurub. Əkiz qardaşlar təcili yardım maşını, O.Əliyev isə yaxınları tərəfindən Sabirabad Rayon Mərkzi Xəstəxanasına çatdırılsa da, ancaq həkimlərin səylərinə baxmayaraq, onların həyatını xilas etmək mümkün olmayıb.


12:54

Sabirabadda 3 nəfərin elektrik cərəyanı vurması nəticəsində ölməsi faktı ilə bağlı cinayət işi başlanıb.


Bu barədə "Report"a Sabirabad Rayon Prokurorluğundan məlumat verilib.


İyulun 31-i saat 11 radələrində Sabirabad rayonun Cavad kəndi ərazisindən keçən su kanalında 3 nəfərin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.


İlkin araşdırma zamanı 2007-ci il təvəllüdlü Orxan Əlizadə və onun qohumları - əkiz qardaşlar 2011-ci il təvəllüdlü Nihad və Əjdər Əlizadənin elektrik cərəyanı vurması nəticəsində ölməsi müəyyən edilib.


Fakta görə Sabirabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (iki və daha çox şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.


12.12

Sabirabadda 12 yaşlı əkiz qardaşları və 16 yaşlı qohumunu su kanalında elektrik cərəyanı vuraraq öldürüb.


Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan bildirilib.


Qeyd olunub ki, bu gün saat 11:30 radələrində Sabirabad rayonu Cavad kəndində su kanalında 2007-ci il təvəllüdlü Əliyev Orxan və onun qohumları - əkiz qardaşlar 2011-ci il təvəllüdlü Nihad və Əjdər Əlizadələrin elektrik cərəyanı vurmasından ölmələri barədə polisə məlumat daxil olub.


Faktla bağlı araşdırma aparılır.

Şəffaflıq.az


Geri qayıt