Əsas Səhifə > Gündəm > Ərəb mediası Prezident İlham Əliyevin Şuşa Qlobal Media Forumundakı çıxışına geniş yer ayırıb

Ərəb mediası Prezident İlham Əliyevin Şuşa Qlobal Media Forumundakı çıxışına geniş yer ayırıb


23-07-2023, 16:20



Azərbaycan Prezidenti İlham Əliyevin “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumundakı çıxışı ərəb mediasının da diqqət mərkəzində olub.

Şəffaflıq.az xəbər verir ki, Misirin MENA xəbər agentliyinin saytında və nüfuzlu “Əl Əhram” qəzetində “Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərin inkişafının prioritet məsələ olduğunu bildirib” sərlövhəli məqalə dərc edilib. Yazıda diqqətə çatdırılıb ki, Şuşa Qlobal Media Forumunda iştirak edən dünyanın müxtəlif ölkələrindən gəlmiş jurnalistlərin suallarını cavablandıran Azərbaycanın dövlət başçısı uzun illər işğaldan əziyyət çəkən ölkəsinin sülhə və inkişafa nail olmaq istədiyini bildirib.

Məqalədə qeyd olunub ki, Misirin MENA agentliyinin müxbiri Məcid Şalkinin mina təhlükəsizliyi ilə bağlı sualını cavablandıran Prezident İlham Əliyev müharibə bitəndən sonra minaların azad olunmuş ərazilərdə üç yüzdən artıq insanın həyatına son qoyduğunu və ya onları ağır şəkildə yaraladığını deyib. O vurğulayıb ki, bu, müharibə cinayətidir və həmin minaların xəritəsini təqdim etməyən Ermənistan Azərbaycana qarşı terroru davam etdirir.

Yazıda diqqətə çatdırılıb ki, Azərbaycan Prezidenti bununla bağlı vurğulayıb: “Biz bilirik ki, o xəritələr onlarda var, çünki minalar məhz belə basdırılır. Minaları basdıranların əlində xəritə olur, çünki onlar özləri həmin minaya düşə bilərlər. Əvvəl onlar ən yüksək səviyyədə Ermənistan baş naziri şəxsən rəsmi bizə deyirdi ki, onlarda belə bir xəritələr yoxdur. Nəhayət boyunlarına aldılar ki, belə bir xəritələr var. Bəs, nəyə görə bizə yalan deyirdilər? Çünki istəyirdilər ki, azərbaycanlılar ölməkdə davam etsinlər, şikəst olsunlar. Onlar daha sonra bizə mina xəritələrini təqdim etdilər. Amma həmin xəritələrin dəqiqliyi heç 25 faiz deyildi. Yəni, bunun heç bir mahiyyəti yox idi. Bu, çox mənasız xəritələr idi. Biz ciddi səylər göstəririk, tədbirlər həyata keçiririk ki, minalardan azad olaq. Biz avadanlıq almışıq, xüsusi maşınlar gətirmişik. Bizim yerli şirkətlərdən biri artıq Azərbaycanda onları istehsal etməyə başlayıb. Biz özəl şirkətləri dəvət etmişik və bu istiqamətdə bir neçə özəl şirkət yaradılıbdır, onlar da bu prosesə qoşulublar”.

MENA agentliyi qeyd edib ki, Prezident İlham Əliyev Azərbaycan ərazilərində bir milyondan artıq mina basdırıldığını, ermənilərin verdiyi xəritənin isə təqribən 400 min minanı əhatə etdiyini bildirib. Bu, həm də Ermənistanın 400 min mina basdırması barədə etirafıdır. Azərbaycanın dövlət başçısı təəssüflə qeyd edib ki, ermənilərin mina terroru nəticəsində qurbanlar var və gələcəkdə də olacaqdır.

“Belbaladi” və “Əl Hərir” informasiya portallarında AZƏRTAC-ın xəbərinə istinadla dərc olunan materiallarda qeyd edilib ki, Forumda çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev medianın insanların maarifləndirilməsi və onların problemlərinin həllində mühüm rol oynadığını söyləyib. Azərbaycanın dövlət başçısı, həmçinin ənənəvi media ilə yanaşı, sosial medianın da mühüm rolunu qeyd edib.

Ərəbdilli oxucuların diqqətinə çatdırılıb ki, Azərbaycan Prezidenti İlham Əliyev Şuşa Qlobal Media Forumunda mühüm qlobal və regional məsələlərə toxunub. O, Türkiyənin İkinci Qarabağ müharibəsində Azərbaycanın yanında olması, rəsmi Bakının Moskva ilə münasibətləri, Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyi, müharibədə qazanılmış Qələbədən sonra regionda yaranmış yeni reallıqlar, Ermənistanın mina terroru və sülh prosesi kimi məsələlərdən bəhs edib. Prezident İlham Əliyev vurğulayıb ki, Ermənistan Azərbaycana qarşı hər hansı ərazi iddialarından imtina etsə, bu sülh sazişinin bu ilin sonuna qədər imzalanması kifayət qədər mümkündür. Lakin bu olmasa, o halda sülh olmayacaq. Bu isə bölgə üçün yaxşı ssenari deyil, sabitlik, təhlükəsizlik bəxş etməyəcək. Eyni zamanda, çox həssas geosiyasi vəziyyəti nəzərə alaraq gələcəkdə də çətinliklər yaradacaq.


Geri qayıt