Vaxtilə Vətənimizin cənnət guşələrindən biri olan Zəngilanı 30 illik işğaldan sonra tanımaq mümkün deyildi. Şanlı qələbəmizdən, torpaqlarımızın azad edilməsindən çox vaxt keçməsə də, Zəngilan sürətlə dəyişir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, torpaqlarımızın öz sahiblərinə qovuşmasından cəmi 3 il, Zəngilanın Ağalı kənd sakinlərinin ilk köçündən isə 1 il keçir.
Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığı ilə ilk “ağıllı kənd” layihəsi Zəngilan rayonunun Ağalı kəndində həyata keçirilib. Bu kənd tamamilə yenidən qurulub və burada insanların rahatlığı üçün zəruri olan hər şərait yaradılıb. Bu il iyulun 19-da ağalılılar öz qayıdışlarının birinci ilini qeyd edəcəklər.
Böyük Qələbəmiz nəticəsində azadlığına qovuşan kəndin 2020-ci ildəki ürəkdağlayan görüntüləri ilə bugünkü fərəhli mənzərələrini müqayisəli şəkildə diqqətinizə təqdim edirik.