Əsas Səhifə > Cəmiyyət / ELM VƏ TƏHSİL > Tarix üzrə fəlsəfə doktoru Səməd Bayramzadə: “Azərbaycançılığın milli bir ideologiya kimi formalaşmasını araşdırmaq üçün Cənubi Azərbaycan tarixinin tədqiqinə və öyrənilməsinə ciddi ehtiyac var”

Tarix üzrə fəlsəfə doktoru Səməd Bayramzadə: “Azərbaycançılığın milli bir ideologiya kimi formalaşmasını araşdırmaq üçün Cənubi Azərbaycan tarixinin tədqiqinə və öyrənilməsinə ciddi ehtiyac var”


24-06-2023, 17:30


Tarix üzrə fəlsəfə doktoru Səməd Bayramzadə: “Azərbaycançılıq çoxmillətli İran miqyasında yaşayan digər millət və xalqlar üçün bir nümunədir”

 

Məlum olduğu kimi, günümüzdə parçalanmış Vətənimizin cənub hissəsinin problemlərinin tədqiqi böyük aktuallıq kəsb edir. Cənubi Azərbaycan tarixinin müxtəlif problemlərinin ardıcıl, sistemli və əsaslı şəkildə araşdırılması və tədqiq edilməsini həyata keçirən AMEA Şərqşünaslıq İnstitutunun Cənubi Azərbaycan şöbəsi son illərdə bu istiqamətdə əhəmiyyətli elmi nəticələrə, uğurlu tədqiqatlara imza atmışdır. 

Müsahibimiz Şərqşünaslıq İnstitutunun Cənubi Azərbaycan şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Səməd Bayramzadə rəhbərlik etdiyi şöbədə Cənubi Azərbaycan tarixinin dərindən öyrənilməsi istiqamətində görülən işlərə, aparılan tədqiqatlara dair suallarımızı cavablandırıb. 

  1. Səməd müəllim, əvvəlcə istərdik azərbaycanlıların milli şüurunun oyanışı, azərbaycançılıq ideologiyası və azərbaycançılıq məfhumunun mahiyyəti haqqında məlumat verəsiniz. 

Ölkəmiz müstəqillik əldə etdikdən sonra dövlətin iqtisadi özülü üzərində siyasi, inzibati, mədəni və s. təsisatların yaranması, cəmiyyətin sağlam və doğru təməllər üzərində qurulması və inkişafı üçün stimullaşdırıcı, eyni zamanda, birləşdirici bir ideologiyaya daha çox ehtiyac duyuldu və həmin əsaslar üzərində də azərbaycançılıq formalaşıb inkişaf etdi, kütlələrin aparıcı ideologiyasına çevrildi.

Azərbaycançılıq məfhumu, ilk növbədə, coğrafi ərazi bildirən “Azərbaycan” və milli mənsubiyyəti özündə əks etdirən “azərbaycanlı” sözləri ilə birbaşa bağlıdır. Əslində “azərbaycanlı” sözü etnik və milli mənsubiyyətdən çox məkan mənsubiyyəti, haralı olmaq anlayışı ilə eyniyyət təşkil edir, bu sözün etnik və milli mənsubiyyət anlamında işlədilməsi isə müasir tariximizə aiddir. 

Azərbaycançılıq bir məfhum, ideya və ideologiya kimi öncə Azərbaycan adlı arealda formalaşmış, sonra isə dünyanın müxtəlif nöqtələrində məskunlaşmış azərbaycanlılar arasında yayılmışdır. Azərbaycanlılar parçalanmış bir millət, Azərbaycan isə bölünmüş bir ölkə olduğundan, bu gün Azərbaycan Respublikasında azərbaycançılığın milli bir ideologiya kimi formalaşmasını, onun dünya azərbaycanlıları arasında təsir gücünü araşdırmaq üçün Cənubi Azərbaycan tarixinin tədqiqinə və öyrənilməsinə ciddi ehtiyac vardır. Belə ki, İran İslam Respublikasının bugünkü inzibati-ərazi bölgüsünə uyğun olaraq Şərqi və Qərbi Azərbaycan, Ərdəbil, Zəncan, Qəzvin, Həmədan kimi ostanlarında (əyalətlərində), eləcə də ölkənin paytaxtı Tehran şəhərində və ətrafında (Kərəc şəhəri də daxil olmaqla), Savədə, Xorasan əyalətində, cənub bölgələrində, həmçinin bir sıra digər yaşayış məntəqələrində 32-35 mln. nəfər arasında Azərbaycan türkü (azərbaycanlı) məskunlaşmışdır. Onlar ölkənin müvafiq sahələr üzrə idarəçiliyində, onun ərazi bütövlüyünün və sərhədlərinin qorunmasında fəal iştirak etməklə yanaşı, eyni zamanda da ölkənin daxili və xarici siyasətinə, o cümlədən Azərbaycan Respublikası ilə iqtisadi-ticarət, ədəbi-mədəni və turizm əlaqələrinin inkişafına ciddi təsir göstərmək gücünə malikdirlər. Bu əlaqələri tədqiq etmək və azərbaycançılığın bu əlaqələr fonunda inkişaf etdirərək milli bir ideologiyaya çevrilməsi məsələsi Azərbaycan tarixinin az öyrənilmiş cənub qolunun tədqiqini bizim üçün zəruri edir. 

  1. Səməd müəllim, Azərbaycanın Şimali və Cənubi olmaqla iki hissəyə parşlanmasının əsas səbəbləri nələr idi?

XIX əsrin əvvəllərində İran və Rusiya arasında baş vermiş iki müharibə, 1804-1813 və 1826-1828-ci illər müharibələri, Azər­bay­canın iki yerə parçalanması ilə nəticələndi. Eyni tarixi köklərə malik, tarixən eyni ərazidə yaşayan, vahid bir dildə danışan, eyni mədəniyyətə və həyat tərzinə malik vahid bir xalq iki hissəyə ayrılmış oldu. Ruslar şimalda işğal etdikləri xanlıqları Azərbaycan adlı əyalət adı altında birləşdirərək özlərinin bu işğallarına bəraət qazandırdılar. Etiraf olunmalıdır ki, bu işğal Azərbaycanın şimalında milli birliyin, milli şüurun, millətin yaranması və formalaşmasına təkan verdi, eyni zamanda, azərbaycançılığı da sürətləndirdi.

Qacarlar da cənubda “Azərbaycan” adlı əyalətlərə xüsusi diqqət yetirməyə başladılar, azərbaycanlıların iqtisadi və hərbi qüdrətlərinə, birliklərinə söykəndilər, onlara daha çox etibar etdilər. Bununla belə, Qacarların hakimiyyəti altında yaşayan Azərbaycan türkləri onlara münasibətdə milli məhdudiyyəti, milli ayrı-seçkiliyi hiss etməsələr də, ağır istismara, dilənçi həyat tərzinə düçar oldular. "Gülüstan"dan, "Türkmənçay"dan üzü bu yana Azərbaycan xalqı neçə dəfələrlə ayağa qalxdı, milli mənsubiyyətini, dilini, mədəniyyətini əzmək istəyənlərə öz əzmkarlığını nümayiş etdirdi. Cənubi Azərbaycanda Səttar xanın, Bağır xanın, Şeyx Məhəmməd Xiyabaninin başçılığı altında milli-azadlıq, milli-demokratik ruhlu inqilablar baş verdi. Bu hərəkatlar İran irticasının və onun xarici himayədarlarının əli ilə yatırılsa da əslində bu, Azərbaycan və azərbaycançılıq uğrunda ideoloji mübarizə idi.

1925-1979-cu illərdə Rza şah və oğlu Məhəmməd Rza şahın anti-Azərbaycan siyasəti də son nəticədə azərbaycançılığın güclənməsinə böyük təsir göstərdi. Belə ki, şahın və onun xarici himayədarlarının gözləntilərinin əksinə olaraq, bu siyasətə qarşı azərbaycanlılar ayağa qalxdılar. 12 dekabr 1945-ci il tarixində Cənubi Azərbaycanda Milli Hökumət quruldu və 6 yanvar 1946-cı ildə bu diyarda Azərbaycan dili rəsmi dövlət dili elan edildi, bu əsasda da təhsilin, mədəniyyət və incəsənətin inkişafı üçün güclü zəmin yaradılmış oldu. Azərbaycan  Milli Hökuməti İrandakı azərbaycanlılara milli mənlik, milli kimlik hisslərini aşıladı və onların milli şüurunu formalaşdırdı. Azərbaycan Milli Hökuməti, ilk olaraq, İran kimi çoxmillətli bir ölkədə milli-mədəni, hətta siyasi muxtariyyət əldə etmək, federativ dövlət quruluşuna nail olmaq imkanını təsdiqlədi. Milli Hökumətin həyata keçirdiyi bir illik islahat tədbirləri milli dövlətçiliyə güclü inam yaratdı, onun mümkünlüyünü, qurulması yollarını, formasını göstərdi, azərbaycançılığı çoxmillətli İran miqyasında yaşayan digər millət və xalqlar üçün bir nümunə etdi.

 

  1. Rəhbərlik etdiyiniz Cənubi Azərbaycan şöbəsinin yaradılması ideyası hansı zərurətdən yarandı? 

Əvvəlcə qeyd edim ki, 1978-1979-cu illər İran inqilabı Şimali Azərbaycanda azərbaycançılıq ideyasının inkişafına təsirini göstərən amillərdən oldu, inqilabın qələbəsindən sonra İranda yaşayan millətlər və xalqlar bəzi nisbi azadlıqlar əldə etdilər. Azərbaycan dilində kitablar, qəzet-jurnallar çap edildi, şəxsi təşəbbüslər əsasında Azərbaycan dilini öyrədən kurslar açıldı, bir sıra mədəniyyət ocaqları, o cümlədən Tehran və Təbrizdə ayrı-ayrılıqda Azərbaycan Yazıçılar və Şairlər Cəmiyyəti işə başladı. 

Bu ərəfədə o zaman Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin I katibi olan Ulu Öndər Heydər Əliyev sözügedən əlaqələrin möhkəmləndirilməsi, azərbaycançılığın ideyadan ideologiyaya çevrilməsi istiqamətində ilk ciddi addımlarını atdı. Onun israrlı təşəbbüsləri nəticəsində Azərbaycan SSR-də “Cənubi Azərbaycan” adı elmi-siyasi məfhum kimi rəsmiləşdirildi; Azərbaycan Yazıçıları İttifaqında, Azərbaycan Radio və Televiziya Verilişləri Komitəsində, AMEA-nın Ədəbiyyat və Şərqşünaslıq institutlarında müvafiq şöbələr təsis edilərək fəaliyyətə başladı. Bununla da Cənubi Azərbaycan tarixinin, ədəbiyyatının və mədəniyyətinin öyrənilməsi və tədqiqi üçün böyük imkanlar açılmış oldu.

1976-cı ildə AMEA-nın Yaxın və Orta Şərq xalqları (indiki Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda) Cənubi Azərbaycan şöbəsi yaradıldı. Qeyd edim ki, Şərqşünaslıq İnstitutunun mövcud olduğu uzun illər ərzində Cənubi Azərbaycanın problemləri əsasən İran tarixi və iqtisadiyyatı şöbəsi daxilində öyrənilmişdir.

  1. Vətənimizin cənub hissəsinin tarixinin öyrənilməsi üçün indiyədək hansı tədqiqat işləri aparılmışdır?

Cənubi Azərbaycanla bağlı tədqiqatlarda 1941-1946-cı illər milli-azadlıq hərəkatı, xüsusən Azərbaycan Milli hökumətinin yaranması, onun müxtəlif sahə və istiqamətlər üzrə fəaliyyəti, həmçinin həmin dövrdə meydana gəlmiş müxtəlif ictimai-siyasi təşkilatların işi, Azərbaycanda mövcud olan mədəni və mənəvi həyat geniş şəkildə araşdırılmış, eləcə də hərəkatın meydana gəlmə səbəbləri, hərəkətverici qüvvələri, məğlubiyyət səbəbləri əsaslı şəkildə öyrənilmişdir. Bu baxımdan Tağı (Şahin) İbrahimov, Əbdülhüseyn Agahi, Əhməd Əminzadə, Maşallah Rəbizadə, Məmmədəli Dəvəli, İrəc xanım İbrahimi, K.Məmmədov, Mirqasım Çeşmazər, Soltanəli Mirzəzadə, Fərəc Dəstqoşadə, Hökumə xanım Bülluri və Mir RəhimVilai kimi alimlərin tədqiqatları diqqətəlayiqdir. 

İranda Kommunist Partiyasının (KP) yaranması və fəaliyyətini, eləcə də I Dünya Müharibəsi dövründə İranın cənub və qərb rayonlarında milli azadlıq hərəkatını tədqiq etmiş Tağı (Şahin) İbrahimovun əsərlərində də Azərbaycan məsələsinin bəzi cəhətləri öz əksini tapmışdır. Azərbaycan məsələsini öyrənmək baxımından Rauf Seyidovun əsərlərinin əhəmiyyətini qeyd etmək lazımdır. Onun İranda burjuaziyanın formalaşmasına həsr olunmuş əsəri XIX əsrin axırı XX əsrin əvvəllərində Azərbaycan məsələsini aydınlaşdırmaq üçün olduqca faydalıdır. 

Cənubi Azərbaycanda milli-azadlıq hərəkatının əvvəlki mərhələləri də İran şöbəsində tədqiqatçıların diqqət mərkəzində olmuşdur. Gərgin elmi axtarışların nəticəsində Şövkət xanım Tağıyeva tərəfindən Şeyx Məhəmməd Xiyabaninin başçılığı ilə 1920-ci il Təbriz üsyanının tədqiqinə həsr edilmiş “İran Azərbaycanında milli-azadlıq hərəkatı. 1917-1920-ci illər” adlı namizədlik dissertasiyası 1956-cı ildə uğurla müdafiə edilmiş və 1990-cı ildə “1920-ci il Təbriz üsyanı” adlı monoqrafiya şəklində işıq üzü görmüşdür. 

AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun elmi strukturunda Cənubi Azərbaycan şöbəsi yaradıldıqdan sonra, xüsusilə 1978-1979-cu illərdə, bir sıra istedadlı gənc tədqiqatçılar bu şöbə ətrafında cəmləşdi və bu şöbənin sonrakı fəaliyyəti dövründə Nəsib Nəsibli, Səməd Bayramzadə, Cavanşir Vəkilov, Vidadi Mustafayev, Nüşabə Bayramova, Səriyyə Gəncəliyeva, Sübhan Talıblı, Yeganə Hacıyeva, Həsən Səfəri kimi bacarıqlı cənubi azərbaycanşünas alim və tədqiqatçılar hazırlandı. Odur ki, Cənubi Azərbaycan tarixi problemlərinin kompleks şəkildə öyrənilməsində və aparılmış tədqiqatların nəticələrinin geniş oxucu kütləsinə çatdırılmasında, ümumiyyətlə, Güney mövzusunu qabartmaqda bu şöbənin böyük fəaliyyəti olub.

Cənubi Azərbaycan tarixinin müxtəlif problemlərinin ardıcıl, sistemli və əsaslı şəkildə araşdırılması və tədqiq edilməsinin nəticəsi olaraq 1828-1917-ci illər dövrünə həsr olunmuş və bu sahədə ilk fundamental əsər olan “Cənubi Azərbaycan tarixinin oçerki” adlı kitab Şövkət xanım Tağıyevanın redaktorluğu ilə 1985-ci ildə işıq üzü gördü. Bu kitab 2021-ci ildə latın qrafikasında mənim məsul redaktorluğum ilə yenidən nəşr edilmişdir. 

Cənubi Azərbaycan tarixi şöbəsinin yaranmasından keçən 40 il müddətində XIX əsr Təbriz tarixinə, Cənubi Azərbaycan maarifçilərinin fəaliyyətinə, Cənubi Azərbaycan milli şüurunun formalaşmasına, XX əsrin birinci yarısında Azərbaycan-İran mədəni əlaqələrinə, Cənubi Azərbaycanın siyasi, iqtisadi, sosial və mədəni inkişafına, Azərbaycan Demokrat Partiyasının yaranması və fəaliyyətinə dair namizədlik dissertasiyaları müdafiə edilmiş, sonralar onların bəziləri təkmilləşdirilərək monoqrafiya şəklində çap edilmişdir.

1987-ci ildə çap edilmiş Azərbaycan Sovet Ensiklopediyasının X cildində getmiş “Cənubi Azərbaycan” başlıqlı iri həcmli məqalə də bu şöbə tərəfindən təqdim edilmişdir. Həmçinin ilk dəfə 1994-cü ildə ali məktəb tələbələri üçün çap edilmiş “Azərbaycan tarixi” dərsliyinin I cildində getmiş “Cənubi Azərbaycan (1828-1917)” adlı fəsil bu şöbənin əməyinin məhsuludur.

 

  1. Cənubi Azərbaycanın müasir tarixinin kompleks şəkildə öyrənilməsi üçün şöbənin cənubi azərbaycanşünas alim və tədqiqatçıları tərəfindən hazırda hansı işlər görülməkdədir?

Əvvəlcə qeyd edim ki, Azərbaycan Respublikası 1991-ci ildə müstəqilliyini elan etdikdən sonra formalaşan yeni beynəlxalq münasibətlər, İran İslam Respublikası ilə əlaqələr Cənubi Azərbaycan şöbəsinin ləğvi barədə qərarın verilməsinə səbəb olmuşdu. Onun bazasında İran tarixi və iqtisadiyyatı şöbəsi nəzdində “Cənubi Azərbaycan elmi araşdırmalar qrupu” yaradılmış, bundan sonra həmin qrupun elmi əməkdaşlarının səyi ilə “Güney Azərbaycan” məlumat kitabı (Ş.Ə.Tağıyeva, Əkrəm Bije, Səməd Bayramzadə) və “Güney Azərbaycanda milli-demokratik hərəkat (1941-1946)” adlı monoqrafiya (Əkrəm Rəhimli-Bije) nəşr olunmuşdur. 

Son illərdə şöbə əməkdaşları Cənubi Azərbaycan tarixinin çağdaş ictimai-siyasi, iqtisadi və mədəni vəziyyəti ilə əlaqədar müxtəlif aspektlərdə öz tədqiqatlarını uğurla davam etdirirlər. Belə ki, 1941-1946-cı illərdə Cənubi Azərbaycanda milli azadlıq hərəkatının öndəri, tanınmış mütəfəkkir-ziyalı, inqilabçı-demokrat Seyid Cəfər Pişəvərinin həyat və mübarizəsinə həsr olunmuş kitablar işıq üzü görmüşdür.

Bundan başqa, şöbə əməkdaşları tanınmış tarixçi alim Səməd Sərdariniyanın “Arazın hər iki tayında müsəlmanların soyqırımı” əsərini, “Azadlıq uğrunda mübarizə tariximizdən: Xiyabani hərəkatı - 90” elmi məqalələr toplusunu nəşr etmiş, cənublu tarixçi-alim Tohid Məlikzadə Dilməqaninin “Güney Azərbaycan Birinci Dünya müharibəsi illərində - soyqırım” kitabını fars dilindən Azərbaycan dilinə çevirərək nəşr etdirmiş və həmin müəllifin “Azərbaycan Pəhləvilər dövrünün ilk illərində” kitabını da fars dilindən dilimizə tərcümə edərək çapa təqdim etmişlər.

Səməd Sərdariniyanın tarixən Azərbaycan müsəlman türklərinə mənsub olan İrəvanın ən qədim dövrlərdən XX əsrin əvvəlinə qədər keçdiyi tarixi dövrləri, elm və mədəniyyəti, türk mənşəli tarixi abidələri geniş aspektdə şərh edilən “İrəvan müsəlman sakinli vilayət olmuşdur” və Hüseyn Əlizadənin (Barış Mərəndlinin) Pəhləvi şah rejimi dövründə İranda öz milli və mədəni hüquqlarını qorumaq uğrunda mübarizəyə qalxmış və Azərbaycan Demokratik Firqəsinin rəhbərliyi ilə 12 dekabr (şəmsi təqvimi ilə “21 Azər” günü) 1945-ci il tarixində Milli Hökuməti qurmuş xalqımıza və onun vətənpərvər övladlarına qarşı 1946-47-ci illərdə rejim tərəfindən soyuqqanlılıqla və qəddarlıqla törədilən kütləvi qırğınlar, qətl və qarətlərin tarixindən bəhs edən “21 Azər soyqırımı” kitabları da fars dilindən Azərbaycan dilinə tərcümə edilərək mənim və şöbənin aparıcı elmi işçisi, i.ü.f.d. Əkrəm Rəhimli-Bijenin elmi redaktorluğu ilə çap olunmuşdur. 

Son illərdə Cənubi Azərbaycan şöbəsinin elmi potensialı, kadr bazası gücləndirilmiş, şöbəyə istedadlı gənc tədqiqatçılar cəlb edilmiş, onların elmi fəaliyyətlərinin istiqaməti, həmçinin elmi tədqiqat işlərinin mövzuları günün tələblərinə, tariximizin hazırkı mərhələsində işlənilib üzə çıxarılması daha aktual görünən məsələlərə uyğun olaraq müəyyənləşdirilmiş, dissertasiya mövzuları kimi təsdiq edilmişdir.

Məsul redaktorluğum ilə “Azərbaycan” qəzeti. Azərbaycan Demokratik Firqəsi Mərkəzi Komitəsinin orqanı (1945-1946-cı illər, Təbriz)” farsca və əski əlifbada orijinal şəkildə 4 hissədə çapa hazırlanmışdır. Qəzetin 1-ci və 2-ci hissəsi artıq çap edilmişdir. 

Bundan başqa, mənim tərtibatımda və məsul redaktorluğum ilə “Sülh uğrunda” kitabı Azərbaycanın diplomatiya tarixini, milli ideologiyamız olan azərbaycançılığın formalaşması və inkişafını izləmək və öyrənmək baxımından çox faydalıdır. 

2020-2022-ci illərdə Cənubi Azərbaycan şöbəsinin əməkdaşları tərəfindən plan işi olaraq kollektiv şəkildə “Cənubi Azərbaycan tarixinin oçerki. Ən yeni dövr: 1918-1979” adlı kitab işlənib hazırlanmış və 2023-cü il üçün çapı nəzərdə tutulmuşdur. Nəşrin üzərində hazırda elmi redaktə işləri aparılır. Kitabda Cənubi Azərbaycanın sosial-siyasi və iqtisadi vəziyyətindən bəhs olunur. Həmçinin Cənubi Azərbaycanın qərb bölgəsində azərbaycanlılara qarşı törədilən 1918-ci il soyqırımı, Rza şah hakimiyyətinin azərbaycanlılara qarşı fars şovinizmi əsasında həyata keçirdiyi assimilyasiya siyasəti açıqlanır, Cənubi azərbaycanlıların milli şüurunun formalaşması, 21 Azər hərəkatının zirvəsi sayılan Azərbaycan Milli hökumətinin yaranması və fəaliyyəti (1945-1946), onun siyasi, iqtisadi və mədəni sahələrdə milli məzmunda həyata keçirdiyi islahatlar işıqlandırılır. 

Hazırda “İran İslam Respublikasının regional siyasətində Cənubi Azərbaycan” (S.Bayramzadə), “Dağlıq Qarabağ münaqişəsi İran mətbuatı və elmi ədəbiyyatında (1979-2009-cu illərdə)” (S.Talıblı), “İranda dövlət siyasəti və milli münasibətlər” (Y.Hacıyeva) və “Cənubi Azərbaycanda milli-demokratik hərəkatda Azərbaycan Demokratik Firqəsinin yeri və rolu (1945-1982)” (H.Səfəri) kimi mövzular üzərində tədqiqat işləri davam etdirilir.

Qeyd edim ki, 1976-cı ildən başlayaraq bu günə kimi AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu nəzdində fəaliyyət göstərən Cənubi Azərbaycan şöbəsi parçalanmış Vətənimizin cənub hissəsinin çağdaş tarixini kompleks şəkildə öyrənmək, tədqiq etmək və bununla bağlı onlarla elmi-tədqiqat, elmi-publisistik əsərləri ortaya qoymaqla artıq ənənəvi bir məktəbə çevrilmişdir.

Müsahibəni apardı: Nərgiz QƏHRƏMANOVA, AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin Elektron informasiya sektorunun müdiri

Şəffaflıq.az


Geri qayıt