Əsas Səhifə > Cəmiyyət > Yay gəlincə donu açılan kirayə bazarı: İstirahətə gedənlərin fikir verməli olduğu məqamlar - FOTO

Yay gəlincə donu açılan kirayə bazarı: İstirahətə gedənlərin fikir verməli olduğu məqamlar - FOTO


14-06-2023, 10:33


İlboyu əmlak qiymətləri müxtəlif səbəblərdən dəyişir. Hazırda yay tətili mövsümü başladığından istirahət zonalarında, xüsusən bölgələrdə evlərin kirayə bazarının da donu açılır.  

Kirayə bazarında minimum və maksimum qiymətlər, eləcə də üstünlük verilən ərazilər barədə ekspertlərin fikirlərini öyrəndik.

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Oxu.Az-a açıqlamasında bildirib ki, əvvəllər yayda dənizkənarı ərazilərdəki evlərə daha çox tələbat var idi, indi isə prioritet dəyişib:

“Hər il may ayından başlayaraq avqustun sonuna qədər, xüsusilə, Bakı şəhəri, Abşeron ərazisində dənizə yaxın olan bağ evlərinə tələbat daha çox idisə, son üç ildə maraq digər turistik zonalara istiqamətlənib. Buna səbəb 2020-ci ildən, yəni koronavirus pandemiyası başlayan dövrdən ölkə sərhədlərinin qapanmasıdır”.

E.Fərzəliyev qeyd edir ki, hazırda ölkənin rayonları üzrə hər məbləğə kirayə ev tapmaq mümkündür:

“Bölgələrdə, xüsusən də turistik zonalarda, mənzərəli yerlərdə həyət evlərinin bir günlük təqribi qiyməti 40-50 manatdan başlayaraq 300-400 manata qədər dəyişə bilir. Bu, evin komfortundan, otaq sayından, yerləşdiyi ərazidən asılıdır. Hotellərdə otaqların qiyməti isə bölgələr üzrə 30 manatdan 150 manata qədər dəyişə bilir. Kottec tipli evlərə tələbat daha çoxdur ki, istirahət mərkəzlərində həmin evlərin bir günlük qiyməti təqribən 100 manat civarında hesablanır”.

Turizm eksperti Ceyhun Aşurov isə Oxu.Az-a açıqlamasında bildirib ki, regionlarda bəzi evlərdə qiymət hətta 600 manata çatır:

“Bakıda qiymətlərdə elə də ciddi artım yoxdur. Rayonlarda isə qiymətlər evlərin yerləşdiyi ərazi, hotellərin kateqoriyasına görə təxminən 50-60 manatdan, bəzən 450-500 manata qədər dəyişir. Çünki qalma yeri təkcə otaq yox, kotteclər və s. də ola bilər. Rayonlarda evlərin qiyməti əraziyə və qalma yerlərinin kateqoriyasına, villalara görə 30 manatdan 500-600 manata qədər dəyişə bilər. Ucuz evlər 30 manatdan başlayan kənd evləri, ən bahalısı isə villalardır.

Kriteriyalar həyətdə hovuzun olması, evin standartları, rahatlığı təmin edən əşyalara görə dəyişir. Evlər var ki, sadəcə, qalma yeri təklif olunur. Evlər də var ki, böyük villadır, bir neçə hamamı, yaxud da bağlı və açıq hovuzu var. Bunlar da qiymətlərə təsir edir”.

C.Aşurovun fikrincə, qiymətlərə tələbatdan savayı, infrastruktur da əhəmiyyətli dərəcədə təsir edir:

“Qəbələ, İsmayıllı, Şəki, Şamaxı, Lənkəran, Astara rayonları daha çox tələbat olan ərazilərdir. Bunlarda qiymətlər müxtəlifdir. Turizm infrastrukturu daha çox inkişaf etmiş zonalarda qiymətlər nisbətən yüksək olur. Bunu daha çox Qəbələ zonasına şamil etmək mümkündür. Orada qiymətlər 100 manatdan başlayırsa, Quba-Qusar zonasında 30 manatdan, cənub zonasında 50-60 manatdan başlayan qiymətləri görə bilərik. Həmin ərazilərdə də qiymətlər paytaxta yaxınlıq, uzaqlıq, təklif olunan evin komfort səviyyəsi və s. görə dəyişə bilir”.  

Zərif Salmanlı

Şəffaflıq.az


Geri qayıt