Əsas Səhifə > Cəmiyyət > Başdaşısı insanlarından dəyərli olan ölkə...
Başdaşısı insanlarından dəyərli olan ölkə...6-06-2023, 17:28 |
Kubra Məhərrəmova yazır... Birincisi Allah cəmi ölənlərə rəhmət eləsin, bu öz yerində. İkincisi bizdə hər şey əndazədən çıxdığı kimi, ölülərlə də, dirilərlə də işimiz təmiz əndazədən çıxıb. Heç kimə sirr deyil ki, Bakı şəhərində elə qəbiristanlıqlar var ki, yerin qiyməti “od tutub, yanır”. Düşünürəm ki, görən adamı bahalı yerdə, ya da ucuz yerdə dəfn edəndə nə olur ki? Adam var ki, ata-anası üçün 50 min manatlıq başdaşı, heykəl düzəltdirib qoyur. İndi deyəcəksiniz ki, öz işidir, özü bilər. Amma bu addım nə qanunla, nə də şəriətlə belə tənzimlənir axı. Həmişəki kimi, nə müsəlman kimi müsəlmanıq, nə də vətəndaş kimi vətəndaş... Nazirlər Kabinetinin 2018-ci il 4 dekabr tarixli 522 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları”nın 22-ci bəndinə əsasən başdaşının hündürlüyü bir, eni isə yarım metrdən çox olmamalıdır. Əla! Bəs buna kimsə əməl edirmi? Yoxsa, elə həmişə olduğu kimi, pulunu ver, sifarişini elə “qayda”ları hökm sürur? Təəssüf ki, bu millətə avtomobildə təhlükəsizlik kəmərindən istifadəni belə zorla, cərimə hesabına öyrətdi bu dövlət. Görünür, indi də bu başdaşılara da bir əncam çəkilməlidir. İndi deyəcəksiniz ki, nə oldu birdən? O oldu ki, bizim qövm çox maraqlı qövmdür. Acından ölsə də bahalı ehsan verəcək, borca girib ölən üçün qara mərmərdən başdaşı düzəltdirəcək. Borc da tapa bilməsə, gecə-gündüz zülm çəkib, pulu daş-divara verəcək ki, təki camaat bir söz deməsin. Bu məsələni dəfələrlə işıqlandırsam da, axırıncı hadisə məni lap bikef elədi. Artıq bir həftə olar ki, sosial şəbəkələrdə su daşıyıb satan 10 yaşlı Elvinin videosu yayılıb. Elvin həyat hekayəsini danışanda deyib ki, “Atası rəhmətə gedib, nənəsinin himayəsində yaşayır. Bir neçə il əvvəl anası onu və qardaşını tərk edib. Su daşıyaraq qazandığı pulu da nənəsinə verir ki, atasına başdaşı düzəltdirsinlər”. Bu gün isə sosial şəbəkələrdə Elvinin atasının məzarı ilə çəkdirdiyi fotoşəkil yayıldı. Çox miskin, kədərli bir foto idi. Uşaq və atasının məzarı... Kaş ki, atası sağ olardı və onun qucağında çəkilərdi bu foto... Amma bu fotodan daha miskin və kədərli olan iki balaca uşağın min-bir əziyyətlə qazandığı pulun başdaşı üçün yığılmasıdır. Bu pulun onların təhsilinə, səhhətinə deyil, başdaşına, yağışın yuyub, günəşin qurudacağı daşa yığılmasıdır... Evdən-eşikdən uzaq olan daşa... Bəli, yaxın adamı itirmək çətindir, amma bir daş üçün bu qədər qurban vermək heç düzgün deyil. Qarda-yağışda, soyuqda-istidə uşaq əməyinin əvəzini daşa qoymaq dəhşətli mənzərədir... Bunun da günahı cəmiyyətdədir. Elvin də özünə bu qədər əziyyəti verir ki, “filankəsin oğlu onun üçün özü boyda daş qoydu, bu isə yetimdir” deyə ona tənə etməsinlər. Bu adamların belə ürəkləri yanırsa, yığılıb əllərini daşın altına qoyardılar, uşaqlara dəstək olardılar ki, onlar vaxtlarını pul qazanmağa deyil, təhsilə sərf etsinlər. Ailənin sosial vəziyyəti, hər hansı sosial yardım verilib-verilmədiyini öyrənmək üçün Dövlət Sosial Müdafiə Fonduna müraciət edilib. Fonddan bildirilib ki, ailəyə ünvanlı sosial yardımla bağlı müraciət etmələri tövsiyə olunub. Onu da qeyd edim ki, Gədəbəy rayonu, Slavyanka kənd sakinləri 10 yaşlı Elvin Elbrus oğlu Yusibov və qardaşı 13 yaşlı Emin Elbrus oğlu Yusibovun hər birinə ailə başçısını itirməyə görə 120 manat aylıq müavinət verilir. Həmçinin nənələri (qəyyumları) Fatma Bəşir qızı Yusibovaya 327,2 manat yaşa görə pensiya ödənilir. Bircə onu bilirəm ki, həyat tərzimizə hopmuş qonşudan geri qalmamaq ənənəsi bizi heç də yaxşı yerə aparmır. Belə getsə, xalq olaraq qazancımız başdaşına dönəcək. Ölü yiyəsinin hesabına isə başqaları daha da varlanacaq. “Palatka” yiyəsi, qəbir yeri satan, başdaşı satan özü üçün qazanacaq, olan isə elə yetim-yesirə olacaq. İslam dinində isə bütün israflara yox deyilib. Həm ehsanında, həm məzarında. Amma ki, kimə deyirsən... Yazını isə çox sevdiyim Xalq şairi Vaqif Səmədoğlunun düşüncəsi ilə bitirirəm. Məzarıma Şəffaflıq.az Geri qayıt |