Əsas Səhifə > SİYASƏT > Ombudsman Şuşada aşkarlanan kütləvi məzarlıqla bağlı bəyanat yayıb
Ombudsman Şuşada aşkarlanan kütləvi məzarlıqla bağlı bəyanat yayıb3-06-2023, 16:47 |
Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (Ombudsman) Səbinə Əliyeva Şuşada aşkarlanan kütləvi məzarlıqla bağlı bəyanat yayıb. Bəyanatda deyilir: “Azərbaycanın azad edilmiş ərazilərində Ermənistan işğalı dövründə insanların qətlə yetirilməsi və kütləvi şəkildə dəfn edilməsini sübut edən daha bir kütləvi məzarlıq bu gün Şuşa şəhərində aşkarlanıb. İlkin məlumatlara əsasən, həmin məzarlıqda ən azı dörd nəfərin qalıqları tapılıb. Xüsusi diqqət çəkən məqamlardan biri budur ki, kütləvi məzarlıq Şuşa həbsxanası ərazisində aşkarlanıb. Bu fakt qanunsuz olaraq Şuşa həbsxanasında saxlanılmış azərbaycanlıların həmin həbsxanada dəhşətli işgəncələrə, qeyri-insani rəftara məruz qalması ilə bağlı səsləndirilmiş iddiaları və şahid ifadələrini bir daha təsdiq etmiş oldu. Təəssüf hissi ilə bildiririk ki, Ermənistanın beynəlxalq humanitar hüququn tələblərini pozmaqla törətdiyi cinayətlərə dair faktların sayı bununla məhdurlaşmır. Belə ki, işğaldan azad edilmiş ərazilərimizdə daha öncə aşkarlanmış kütləvi dəfn yerləri ilə bağlı da Ombudsman tərəfindən dünya ictimaiyyətinə müraciətlər ünvanlanıb, Xocavənd rayonunun Edilli kəndində tapılmış məzarlıqlarda aparılmış yerində araşdırmaların nəticələrinə dair ayrıca hesabat hazırlanıb. Azərbaycan Ombudsmanı olaraq, bir daha dünya ictimaiyyətini beynəlxalq hüquq normalarının, insan hüquq və azadlıqlarının kobudcasına pozulmasını sübut edən bu kimi hallarla bağlı Ermənistana qarşı zəruri tədbirlər görməyə və itkin düşmüş soydaşlarımızın taleyi barədə məlumatların əldə edilməsi ilə əlaqədar dəstək verməyə çağırıram”. Şəffaflıq.az Geri qayıt |