Əsas Səhifə > Cəmiyyət > Marketlərdə Ukrayna adı ilə İran duzu satılır? - AÇIQLAMA
Marketlərdə Ukrayna adı ilə İran duzu satılır? - AÇIQLAMA30-05-2023, 11:05 |
“Son illər Azərbaycanın istehlak bazarında saxta məhsulların satışı ilə bağlı bəzi məlumatlar əldə edirik. Hətta ofisimizdə bunlardan bir neçəsinin nümunəsi də var”. Bu sözləri Bizim.Media-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib. O bildirib ki, Ukraynada müharibə getdiyi üçün hazırda Azərbaycana duz idxal olunmur. Bununla belə, müsahibimiz qeyd edib ki, bazarda Ukraynadan gətirildiyi iddia edilən duzların satışına da rast gəlinir: “Onun üzərində guya Ukraynada istehsal olunduğu, markalandığı və yodlaşdırıldığı barədə məlumatlar əks olunub. Əslində isə elə deyil və daha çox İran duzuna oxşayır. Bu da onu göstərir ki, İran ölkəmizə “Ukrayna məhsulu” adı ilə saxta duz idxal edir. Ofisdə başqa bir istehsalçıya məxsus duz da var. İstehsalçı naməlum mənbədən gətirdiyi duzu “yodlaşdırılmış məhsul” kimi satışa çıxarır, amma tərkibində 1 faiz də olsun yod yoxdur. Bazarda yerli duz göllərindən yığılmış və üzərinə “Yodludur” sözü yazılmış, əslində yod olmayan digər duz məhsullarının da satışı təşkil olunur. Bundan başqa, şampunlar, İrandan gətirilmiş, üzərində Azərbaycan dilində məlumatlar olmayan və tərkibində təhlükəli maddələr olan yuyucu vasitələr və digər naməlum məhsullar satılır”. Qeyd edək ki, son vaxtlar mətbuatda və sosial şəbəkələrdə saxta düyü məhsullarının satılması ilə bağlı məlumatlar və videogörüntülər dolaşmaqdadır. Bu məlumatları təkzib edən Eyyub Hüseynov Azərbaycanda süni düyü məhsullarının satılmadığını və ölkəyə belə bir məhsulun daxil olmadığını bildirib: “Dünyada belə bir texnologiyadan istifadə olunur, amma ölkəmizdə buna icazə verilmir. Bizdə hər düyünün öz dəmləmə xüsusiyyətləri var. Əgər düyü düzgün dəm almırsa, o dəqiqə bunu bəzi dövlət qurumlarınınn boynuna yıxırlar ki, gətirdiyiniz məhsullar keyfiyyətsiz, yaxud da saxtadır. Kim belə bir halla qarşılaşırsa və aldığı düyü sünidirsə, ofisimizə yaxınlaşsın. Əgər bizim laboratoriyada məhsulun saxta olduğunu görsək, həmin şəxsə 100 manat verəcəyəm. Yaxşı olardı ki, əhali az təmizlənmiş düyü məhsullarına üstünlük versin. Parıldayan və cilalanmış düyünün qidalılığı az olduğu üçün almasınlar. Nisbətən sarı və yerli düyü yaxşı məhsul sayılır”. Bütün qida məhsullarının Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) nəzarəti altında satışa çıxarıldığını deyən AİB sədri bildirib ki, xaricdən ölkəyə heç bir məhsul daxil olmur: “Saxta məhsul ona deyirlər ki, hansısa şirkətin nişanı ilə başqa məhsulu satışa çıxarırlar. Bu da saxta məhsul adlanır. AQTA yalnız məhsulların təhlükəsizliyinə cavabdehlik daşıyır. Ölkədə məhsulun keyfiyyətinə məsul olan dövlət orqanı isə hələ də yoxdur”. Onun sözlərinə görə, rəhbəri olduğu quruma Ukraynadan və Rusiyadan gətirilən ət məhsullarının tərkibi və keyfiyyəti ilə bağlı istehlakçılardan çoxlu suallar daxil olur: “Məlumdur ki, ölkə əhalisinin çoxu xaricdən gətirilən ət məhsullarına üstünlük verirlər ki, bununla da çox böyük səhvə yol verirlər. Yerli ət məhsulları isə daha ekoloji təmiz və istehlaka yararlıdır. Yaxşı olardı ki, istehlakçılar ət alarkən üzərindəki etiketlərə və nişanlara etibar etməsinlər”. Belə bir sual yaranır: Əgər AQTA istehlak bazarına nəzarət edirsə, o zaman belə məhsullar hansı yollarla satışa çıxarılır? Bu məhsulların kənardan gətirilmədiyini söyləyən ekspertin sözlərinə görə, onlar ölkə daxilində, hətta Bakıda hazırlanırlar: “Düz deyirsiniz, gərək AQTA bu məsələyə də nəzarət etsin, amma təəssüf ki, qurumun nəzarətindən yayınan belə hallar da baş verir”. Şəffaflıq.az Geri qayıt |