Əsas Səhifə > Cəmiyyət > “Süni intellektə nəzarət edilməlidir, yoxsa gec olacaq” - “Tesla”da çalışan azərbaycanlı ilə MÜSAHİBƏ + FOTO
“Süni intellektə nəzarət edilməlidir, yoxsa gec olacaq” - “Tesla”da çalışan azərbaycanlı ilə MÜSAHİBƏ + FOTO26-05-2023, 11:44 |
ABŞ-də yaşayan həmyerlimiz Vüsal Məmmədov dünyaca məşhur avtomobil və digər nəqliyyat vasitələri istehsalçısı olan “Tesla” şirkətində vəzifəyə təyin edilib. Vüsal Məmmədov ABŞ-dəki fəaliyyəti və “Tesla”dakı işi haqqında Oxu.Az-ın əməkdaşının suallarını cavablandırıb. - Vüsal bəy, Amerikada neçə ildir yaşayırsınız? Bu müddət ərzində fəaliyyətiniz və təhsiliniz haqqında məlumat almaq istəyərdik. - ABŞ-də artıq yeddi ildən çoxdur yaşayıram. Mən 2011-ci ildə Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetini, 2015-ci ildə Xarkovda Texniki Universitetin magistr dərəcəsini bitirdim. 2016-cı ildə yenidən magistr tələbəsi olaraq Amerikaya gəldim. Burada oxuduğum müddətdə bir neçə biznes sahəsi ilə məşğul oldum. Texnologiyaya marağım isə məni “Tesla” şirkətinə gətirdi. - “Tesla” şirkətinə müraciətiniz və qəbul olunmağınız haqqında detalları sizdən dinləyək. - Şirkət və onun qurucusu İlon Maskın layihələri diqqətimi cəlb etdi, mənə maraqlı gəldi. İzlədikcə həmin layihələrin bir hissəsi olmaq istədim. CV göndərdim və bir müddət sonra şirkətə qəbul edildim, əməliyyatlar üzrə texnik mövqeyində işə başladım. Səkkiz ay sonra gördüyüm işlərin nəticəsi olaraq əməliyyatlar üzrə mühəndis vəzifəsinə təyin olundum. Bu vəzifəyə qəbul bir aya yaxın müddətdə baş tutdu, mühəndislər və rəhbərlik tərəfindən təşkil edilən müxtəlif müsahibə mərhələlərini uğurla keçdiyimə görə mühəndis olaraq işə başlamağım haqqında qərar təsdiqləndi. - Şirkətdə fəaliyyətiniz nədən ibarət olacaq? - “Tesla Model Y” avtomobilinin istehsalatında ölçülərlə və keyfiyyətlə bağlı yaranan problemləri aradan qaldırmaqda məsulam. - Hər zaman qeyd edirlər ki, ABŞ-də azərbaycanlıların yüksəlməsi baxımından mühit kasaddır. Sizin hansı çətinlikləriniz oldu? - O fikirlə razı deyiləm. Məncə, bunu bəhanə axtaran insanlar deyirlər. İnsanın həyatında mühit də vacib rol oynayır, amma o mühiti özümüz təyin edirik, yəni imkanlar geniş və sərhədsizdir. Sadəcə, insanın içində istək və o istəyin arxasınca gedib, nəticə əldə etmək lazımdır. Nə çətinlik olur-olsun, məqsədinin arxasınca getməlisən. İlon Maskın yaxşı bir sözü həmişə yadımdadır: “Bir şey kifayət qədər vacibdirsə, ehtimallar sizin xeyrinizə olmasa belə, bunu edin”. Bütün çətinliklərin sonundakı uğurlu nəticənin verdiyi zövq o çətinliyi unutdurur. - Memarlıq və İnşaat Universitetindən (AzMİU) təcrübənizi Azərbaycandakı gənclərlə hansısa şəkildə bölüşmək haqqında təklif almısınızmı? Ümumiyyətlə, təhsil aldığınız bu universitetin karyeranız, inkişafınız üçün hansı rolu olub? - AzMİU-dan heç bir təklif almamışam. Məlum məsələdir ki, ölkədən kənarda baş verənlərdən gec xəbərdar oluruq. Əlbəttə, təhsil aldığım AzMİU-nun başlanğıc olaraq mühəndis kimi akademik təhsilimdə rolu var, amma tək universitet təhsili ilə kifayətlənməmişəm. Təhsillə bərabər, bacarıq da çox önəmlidir. Təhsil hamıda olmaya bilər, amma bacarığı hamı inkişaf etdirə bilər. Ona görə də bacarığı və həvəsi daha üstün hesab edirəm. - Həyatınıza, karyeranıza ən çox təsir edən dönüş nöqtəsi olubmu? - Həyatımdakı kəskin dönüş nöqtəsi Azərbaycandakı əzizlərimi, doğmalarımı və işimi geridə qoyub Amerikaya gəlməyimdir. - Niyə məhz ABŞ? - ABŞ imkanlarının genişliyi və əlçatanlığına görə həmişə məni cəlb edib. Buraya gəlməzdən öncə də artıq ABŞ haqqında, demək olar, çox şeyi araşdırmışdım və risk, qazanc nisbətinin mənə uyğun olduğunu təyin etdikdən sonra seçdim - burada yaşamaq istəyirdim. - Amerikada yaşayan azərbaycanlılarla əlaqəniz varmı? Orada soydaşlarımızın bir-biri ilə münasibətləri, əlaqələri, dəstəyi, Vətən üçün gördüyü işlər haqqında təəssüratınız necədir? - Əlbəttə, burada yaşadığım yeddi ildən artıq müddətdə fürsət və şərait həmyerlilərimizi tanımağa, onlarla dostlaşmağa imkan yaradıb. Ostin şəhərində həmyerlilərimiz az olsa da, ABŞ-nin hər yerində varıq və maksimum şəkildə bir olmağa çalışırıq. Yaxşı və ya pis günlərdə azərbaycanlıların bir-birinə dəstəyini hiss edirəm. - Xarkovda magistr təhsili almısınız. Bu gün orada səngiməyən müharibə gedir. Sizcə, texnologiyanın gücü müharibələrə, insan itkilərinə hansı şəkildə təsir edə bilər? Yəni texnologiya sayəsində bu problemləri azaltmağa və ya dayandırmağa qadirikmi? - Təəssüflə qeyd etmək istərdim ki, bəli, texnologiyanın gücü ilə insanlığı məhv etmək də olar, xilas etmək də. Sadəcə, o gücü şəxsi mənafeyi üçün istifadə edənlər onun yaratdığı əks-təsirləri görmür və ya görməzdən gəlirlər. Texnologiya və süni intellekt artıq insanlığın önünə keçib, gec olmadan və pis insanların əlinə keçmədən beynəlxalq qurumların bunu idarəetmə prinsipləri çərçivəsində tənzimləməsi şərtdir. Yoxsa, qeyd etdiyim kimi, çox gec ola bilər. - “Tesla” şirkətinin Azərbaycanla əməkdaşlığı genişləndirmək planları varmı? Yeni müqavilələr, Azərbaycanla əməkdaşlıq düşünürlər? - Təəssüf ki, şirkətin məxfilik müqaviləsində qeyd olunan müddəaya görə şirkət adından və planlar haqqında heç bir söz deyə bilmərəm. Amma bu hamımız üçün fəxr olar ki, belə bir şirkətin ölkəmizlə də əməkdaşlığı olsun. - Bizim gənclərə, konkret olaraq, azərbaycanlı tələbələrə məsləhət və arzularınız nələrdir? - Öncə təcrübələrimə dayanaraq kiçik məsləhətlər vermək istəyərdim. Ölkəmizdə savadlı və bacarıqlı gənclərimiz çoxdur. O gənclər daha yaxşı yerlərdə fərqlənmək istəyirlərsə, universiteti bitirmək və gündəlik işə getməklə kifayətlənməsinlər, daim araşdırsınlar və öz üzərlərində işləsinlər. Ən vacibi isə öyrənməyi və ondan zövq almağı adət halına çevirməkdir. Yaxşı adətlər və vərdişlər özünü inkişaf etdirmək üçün ən gözəl vasitələrdir. Bir az şablon səslənsə də, oxumağı vərdiş halına gətirərək, çox yaxşı nəticələr əldə etmək olar. Çətinliklərdən qorxmaq lazım deyil. Planlı risk etmək lazımdır. Həyatdakı ən böyük və təhlükəli risk - həyatı boşuna və risk etmədən yaşamaqdır. Arzum isə budur ki, vaxtlarını düzgün dəyərləndirsinlər və öz istəklərinə zamanında çatsınlar. Aysel Aslan Şəffaflıq.az Geri qayıt |