Əsas Səhifə > Cəmiyyət > Şöbə müdirini və qohumunu avtomobillə qəsdən vuran şəxslə bağlı QƏRAR

Şöbə müdirini və qohumunu avtomobillə qəsdən vuran şəxslə bağlı QƏRAR


25-05-2023, 14:07


Gəncə Apellyasiya Məhkəməsində İsmayıllı rayonunda qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Fazil Ağamirzəyevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Akif Eyvazovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, onun apellyasiya şikayəti təmin olunmayıb.

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, Cinayət Məcəlləsinin 29,120.2.4 (qəsdən adam öldürməyə cəhd) və 29,120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini anlaqsız vəziyyətdə törətməsi sübuta yetirilmiş hesab olunub və Fazil Ağamirzəyev cinayət məsuliyyətindən azad edilib. Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 95.0.2-ci maddəsinə uyğun olaraq ümumi tipli psixiatriya stasionarında məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin olunub. Qərarın icrası Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasına tapşırılıb. Fazil Ağamirzəyev barəsində seçilmiş həbs qətimkan tədbiri qərar qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, 2021-ci il noyabrın 28-də İsmayıllı rayonunda iki piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Belə ki, İsmayıllı rayon sakini, 1966-cı il təvəllüdlü Fazil Səməd oğlu Ağamirzəyev idarə etdiyi 10-LZ-067 dövlət nömrə nişanlı VAZ-2107 markalı minik avtomobili ilə Heydər Əliyev prospektində hərəkətdə olarkən əvvəlcədən aralarında mübahisə olmuş İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının terapiya şöbəsinin müdiri, 1975-ci il təvəllüdlü Elçin Şahsuvar oğlu Abbasovu və onun qohumu, 1981-ci il təvəllüdlü Rövşən Aydın oğlu Əzizovu yolun əks istiqamətindəki səkidə piyada hərəkətdə olduqlarını görüb və qəsdən nəqliyyat vasitəsini onların üzərinə sürüb.

Nəticədə hər iki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Sonradan vəziyyəti ağırlaşan yaralılar müalicə üçün Bakı şəhərindəki xəstəxanalardan birinə aparılıblar.

Faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsi tərəfindən Cinayət Məcəlləsinin (CM) 127-ci maddəsi ilə (qəsdən sağlamlığa ağır zərər vurma) cinayət işi başlanılıb, Fazil Ağamirzəyev təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub. Daha sonra onun törətdiyi cinayət əməli ağırlaşdırılıb.

Belə ki, Fazil Ağamirzəyevin barəsində CM-nin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.

Şəffaflıq.az


Geri qayıt