Əsas Səhifə > Cəmiyyət > “Sakinlərə hədə-qorxu gəlib, söküntü işləri aparırlar” - ŞİKAYƏT + FOTO/VİDEO

“Sakinlərə hədə-qorxu gəlib, söküntü işləri aparırlar” - ŞİKAYƏT + FOTO/VİDEO


25-05-2023, 13:30


Bakıda yaşayış olan binada söküntü işləri aparılır. Hüquqlarının pozulduğundan şikayət edən sakin Oxu.Az-ın redaksiyasına müraciət edib.

Şikayətçi binada yaşadıqları halda söküntü işlərinin aparıldığını bildirib:

“Bakı şəhəri Nəsimi rayonu Mirqasımov küçəsi 4 ünvanında qanunsuz söküntü işləri aparılır. Üçmərtəbəli yaşayış binamız köhnədir. 1926-cı ildə tikilib. 177 mənzil var idi. Hazırda 60 mənzil qalıb.

2020-ci ildə bir şirkət gəldi. Abadlaşma işləri apardıqlarını bildirdilər. Bizim binanı söküb, yerinə başqa bir bina tikmək istəyirlər. Lakin əllərində sökmək üçün heç bir sənəd yoxdur. Bəzi sakinlər qorxduqları üçün çıxdılar. 2022-ci ilin dekabr ayında icra hakimiyyəti abadlıq işləri aparmaq üçün sərəncam verib. Bu ilin yanvarında icra müqaviləsi bağlanıb. Müqavilədə bina, tikili, yaşayış və yaşıllaşma ilə bağlı heç bir yazı yoxdur. Guya abadlıq işləri aparırlar. Deyirlər ki, zamin də dayanmırıq. Sənədi boş torpaq şəklində təqdim ediblər. Mülkiyyətçi olduğu göstərilmir. Biz sənədi alandan sonra təəccübləndik”.

Sakin mənzilini kiməsə vermək istəmədiyini qeyd edib:

“Mən öz mənzilimi kiməsə vermək istəmirəm. Bu mənim mülkiyyət hüququmdur. Onlar da deyirlər ki, “mən sənin evini istəyirəm, çıxmalısan”. İcra deyir ki, “çıxın, təmizliyə çıxacaqsınız”. 2020-ci ildən mübarizə aparırıq. Evi söksələr, biz havada qalacağıq. Biz necə sübut edəcəyik ki, burada evimiz olub. Çünki müqavilədə göstərilməyib.

Şirkətin kimin adına olduğu bilinmir. Sakinlərdən biri dedi ki, mənə “300 min ver, gedim, ev alım, yaşayım. Mən bilmirəm, sən neçə ilə tikəcəksən. Sən bəri başdan pulumu ver”. Şirkət sahibi deyir ki, “pulum yoxdur”. Pulu yoxdursa, camaatın evini necə tikəcək? Evi vermək adı ilə camaatı çıxarır. 177 mənzildən 60 mənzil qalıb. Biz çıxandan sonra 110 mənzildən çıxanların kirayə haqqının da ödənilməyəcəyini düşünürəm. Qonşu məhəllədə də belə olmuşdu. Üç ildir ki, kirayə pulları ödənilmir”.

Şikayətçi sakinlərə zor tətbiq edildiyini söyləyib:

“Şəhərsalma və Arxitektura Komitəsinə müraciət etmişik. Komitədən bildirilib ki, bu qanunsuz işlər onların razılığı olmadan aparılır, polisə müraciət edək. Fövqəladə Hallar Nazirliyinə də müraciət etmişik, oradan da bildiriblər ki, şirkətin binanı sökməyə haqqı yoxdur.

Sakinlərə zor tətbiq edirlər. Hədə-qorxu gəlirlər. Söküntü işləri gedir. Aprel ayından evləri sökürlər. İnsanları 2020-ci ildən yavaş-yavaş çıxarırlar. Haqsızlıq baş alıb gedir.

Çox çətin vəziyyətdəyik. Heç bilməzdim, bu qədər qanunsuzluq olar. İllərdir mübarizə aparıram. Nəticə yoxdur. Bizim həyət “yaşıl həyət” adlanırdı. Ağaclarımızı da kəsdilər”.

Qeyd edək ki, şikayətlə bağlı Nəsimi Rayon İcra Hakimiyyətinə edilən zənglərimiz cavabsız qalıb.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən isə Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılacaq:

“Məsələ ilə bağlı araşdırma başladılacaq. Bizdən tikintiyə icazə alınıb-alınmaması dəqiqləşdiriləcək”.








Nəzrin Vahid

Şəffaflıq.az


Geri qayıt