Əsas Səhifə > İqtisadiyyat > Xarici taksi şirkətləri azərbaycanlıların məlumatlarını üçüncü tərəfə ötürür? - FOTO

Xarici taksi şirkətləri azərbaycanlıların məlumatlarını üçüncü tərəfə ötürür? - FOTO


23-05-2023, 13:37


Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) məlumatına görə, Azərbaycanda taksi xidməti göstərən, eyni zamanda taksi xidmətlərinin təşkili, sifarişlərin idarə olunmasını həyata keçirən əksər şirkətlərin məlumat bazası xarici ölkələrdə yerləşir və bu da “Fərdi məlumatlar haqqında” Qanuna ziddir. Nazirlik rəsmiləri bəyan ediblər ki, qanuna əsasən, ölkədə fərdi məlumatların informasiya sistemləri dövlət qeydiyyatından keçməlidir. Yalnız bundan sonra fərdi məlumatların toplanılmasına və işlənilməsinə icazə verilir.

Ölkədə xarici taksi şirkətlərinin aktivliyi kifayət qədər yüksək olduğuna görə səsləndirilən problem istifadəçilərin də narahatlığına səbəb olub. Bəzi iqtisadçı və ekspertlər isə hesab edirlər ki, xarici taksi şirkətlərinin Azərbaycanda fəaliyyətini tənzimləyən yeni qanun layihəsi və dövlət səviyyəsində hansısa hüquqi tənzimləmələrin hazırlanmasına artıq ehtiyac var.

Bununla bağlı Oxu.Az-a danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev düşünür ki, xarici taksi şirkətləri ilə əlaqədar problem təkcə bundan ibarət deyil. Deputatın fikrincə, məsələnin vergi-maliyyə tərəfi də ayrıca tənzimlənməlidir: 



“Həqiqət budur ki, Azərbaycanda fəaliyyət göstərən xarici taksi şirkətləri dünyaca nəhəng şirkətlərin nümayəndələridir. Onların yaratdığı maliyyə problemləri də diqqət edilməli məsələdir. Çünki onlara nəzarət etmək, vergi ödənişlərinin tənzimlənməsi, yoxlanılması və s. ciddi prosedurlardır. Xarici nəhəng şirkətin nümayəndələrindən biri, bildiyim qədərilə, ermənidir. Ona görə istisna etmirəm ki, həmin şirkətin Azərbaycanda fəaliyyəti bizə ziyan gətirəcək. Bu günə qədər Azərbaycanın xeyrinə deyil, heç neytral mövqedə belə dayanan nüfuzlu, imkanlı erməni görməmişəm. Onların xisləti türkə, azərbaycanlıya nifrətlə yoğrulub. İlk fürsətdə ölkəmizə ziyan vuracaqlar”.

Xarici taksi şirkətlərinin Azərbaycanda fəaliyyətinin ölkədə taksi xidmətinin ucuzlaşmasına səbəb olduğunu vurğulayan R.Quliyev hesab edir ki, bu faktoru da nəzərə almaq lazımdır. Çünki onların tamamilə bazardan çıxarılması qiymətlərin yenidən bahalaşmasına səbəb ola bilər:

“Ona görə məsələni tənzimləyəndə hər iki nöqteyi-nəzərdən baxmaq lazımdır. Elə etməyək ki, qaş düzəldən yerdə gözü də çıxaraq. Mənə elə gəlir, bununla ciddi məşğul olmaq, hansısa formada xarici taksi şirkətlərinin Azərbaycanda fəaliyyətinə nəzarəti artırmaq lazımdır. Bunun üçün ayrıca qaydalar, hətta qanun layihəsi də hazırlana bilər.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi açıqlayıb ki, şirkətlərin məlumat bazası xarici ölkələrdə yerləşdiyinə görə bu, qanun pozuntusudur. Sadə dillə desək, azərbaycanlılar haqqında məlumatlar, bu və ya digər sirlər ölkədən xaricə çıxarıla bilər və mənə elə gəlir, bu, inandırıcı faktordur. Düşünmürəm ki, taksi şirkətləri hansısa hərbi məlumatları, təhlükəsizlik baxımından ölkəmizin ziyanına ola biləcək, təxribat xarakterli məqamları üçüncü tərəfə ötürməyə cəhd etsinlər. Bu proseslərə dövlət təhlükəsizlik orqanları da nəzarət edirlər. Amma məsələn, bir taksi şirkəti məqsədli şəkildə elan verə, taksi sürücülərinin hamısını bir yerə yığaraq, hansısa fəaliyyətə cəlb edə, məcbur edə bilər. İstəyinə nail olmasa da, məqsədi təşviş yaratmaq olan taksi şirkətləri ən azından buna cəhd edə bilərlər. Bu baxımdan, Azərbaycanda fəaliyyət göstərən xarici taksi şirkətlərinin fəaliyyətinə nəzarət gücləndirilməlidir. Bu elə də nəhəng problem deyil və öhdəsindən gəlmək mümkündür”.

Aysel Aslan

Şəffaflıq.az


Geri qayıt