Əsas Səhifə > İqtisadiyyat > Bakıda “çiyələk mövsümü” yay gəlməmiş başa çatdı? - FOTO
Bakıda “çiyələk mövsümü” yay gəlməmiş başa çatdı? - FOTO22-05-2023, 17:22 |
Bakı bazarlarında çiyələk satışı azalıb. Aprelin sonu – mayın əvvəlindən, mövsümü olmasa da, məhsula hər yerdə, üstəlik, münasib qiymətə rast gəlmək mümkün idi. İndi isə satışın azalması ilə qiyməti də artıb - ən ucuz 4 və ya 5 manata satılan çiyələyə rast gəlmək olur. Bunu bir müddət əvvəl əksər rayonlarda baş verən sel fəlakəti ilə də əlaqələndirirlər. Hətta dəyən ziyana görə çiyələyin olmayacağını iddia edənlər də oldu. Mayın 21-də isə çiyələk istehsalı üzrə dünyada 10-cu, Avropada isə 6-cı sırada Cəlilabadda bu giləmeyvənin festivalı keçirilib. Belədə sual yaranır: bəs Bakıda çiyələk niyə qəhətə çıxıb? Həmçinin, əgər qıtlıq hava şəraiti ilə bağlıdırsa, o zaman başqa meyvə və giləmeyvələrdə də eyni halın şahidi ola bilərikmi? Yəni bu gedişlə mürəbbə mövsümündə meyvə tapılmaya bilərmi? Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən kənd təsərrüfatı məsələləri üzrə ekspert Cəfər İbrahimlinin sözlərinə görə, hava şəraitinin sərin keçməsi məhsulun bazara çıxma imkanlarını azaldıb: “Çiyələk xeyli gəlirli sahədir. Son illər görünür ki, bu sahələrin əkini genişlənib. Bununla yanaşı, əkin metodları və aqrotexniki qaydalardan istifadə olunaraq məhsuldarlığın artmasına da nail olunub. Eyni zamanda, ölkədə istehsal olunan bu məhsulun bir hissəsi də ixraca gedib. Məsələyə indiki vaxtda hava şəraitinin sərin keçməsi aspektindən yanaşıram. Bazara, ola bilsin ki, məhsulun çıxma imkanları azalıb. Hava şəraitinə görə az olub. Bu səbəbdən qiymətlərdə hərəkətlilik müşahidə oluna bilər”. Ekspert qeyd edib ki, hər hansı bir məhsulun və ya meyvənin ciddi şəkildə istehsalının azalmasına təsir edəcək qədər təbiət hadisəsi olmayıb: “Builki qeyri-sabit hava şəraiti - dolu və digər təbiət hadisələri nəticəsində müəyyən əkin sahələrinə və rayonlara zərər dəyib. Hər hansı bir məhsulun, meyvənin ciddi şəkildə istehsalının azalmasına təsir edəcək qədər təbiət hadisəsi olmayıb. Xırda, lokal ərazilərə ziyan dəyib ki, bu da ümumi məhsul istehsalının aşağı olmasına gətirib çıxarmayacaq. Ölkədə hər hansı bir meyvə-tərəvəz sahəsində qıtlıq olması gözlənilən deyil”. C.İbrahimli əlavə edib ki, ötən il ilə müqayisədə meyvə-tərəvəz qiymətlərində ciddi dəyişikliyin olacağı gözlənilmir: “Havaların isinməsi ilə əlaqədar bazarlar yavaş-yavaş mövsümi meyvələrlə təmin olunacaq. Ötən il ilə müqayisədə bu il meyvə-tərəvəzin qiymətlərində ciddi dəyişiklik olacağını gözləmirəm”. İqtisadçı ekspert Emin Qəribli çiyələyin qiymətinə təsir edən bir neçə amilin olduğunu vurğulayıb: “İlk dövrlər nübar idi. İndi isə mövsümüdür. Qiymət artıb. Çiyələyin qiymətinə təsir edən bir neçə amil var. Ən əsası - təbiət və iqlim dəyişiklikləridir. Digər bir məqam isə ixrac potensialımızdır. İxrac imkanlarımız genişlənib. İstehsal olunan çiyələk və digər məhsullar standartdan keçərsə, xarici bazarlarda payı artar. Ola bilsin ki, müəyyən dövrdə yerli bazarda azala bilər”. E.Qəribli bildirib ki, yaxın zamanlarda bazarlarda daha çox çiyələyə rast gəlinəcək: “Çiyələk sahəsində ciddi problem olacağını düşünmürəm. Xaçmazda və digər bölgələrdə 10-15 gün sonra yenidən bazarlarda çiyələk görəcəyik. Yay dövründə olacaq. Əsas məsələ ixracın çoxalmasıdır. İxracın həcmi artdıqca, daxili bazarlarda satışı bir qədər azala bilər. Qiymətlərdə artım müvəqqətidir. Bir qədər sonra alternativ digər məhsullar çıxacaq. Çiyələk bazarda daha da çoxalacaq”. Nəzrin Vahid Şəffaflıq.az Geri qayıt |