Əsas Səhifə > SİYASƏT > “Casus yuvaları mütləq xüsusi xidmət orqanları vasitəsilə ifşa edilməlidir” - RƏY + FOTO

“Casus yuvaları mütləq xüsusi xidmət orqanları vasitəsilə ifşa edilməlidir” - RƏY + FOTO


18-05-2023, 18:36


“Vətəndaşlarımıza ölkəmizin hədəfləri və maraqlarını izah etməyi gündəlik təbliğat işinin mərkəzinə qoymalıyıq”.

Bu fikirləri “Report”a açıqlamasında siyasi şərhçi Qabil Hüseynli deyib.

Ekspertin sözlərinə görə, xarici xüsusi xidmət orqanlarının agentura şəbəkəsinin ifşa olunması Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) peşəkarlığı ilə bağlıdır:

“Onlar bu işdə çox böyük qətiyyət, vətənpərvərlik və əzmkarlıq nümayiş etdirirlər. Müstəqilliyimizin illərində bu cür elementlərin cəmiyyətimizə soxulmasına, təşkilatlanmasına ciddi diqqət yetirməmişik. Müxtəlif ölkələr ölkəmizdə xaricdən alınan maliyyə hesabına bu şəbəkələri genişləndirərək, eyni zamanda dini xurafatdan istifadə etməklə bəzi insanları öz torlarına salmağı bacarıblar”.

“Onların sıradan çıxarılması prosesi hazırda da davam edir və prosesin başa çatdığını söyləmək olmaz. Bundan sonra casus şəbəkələrinin ifşası üçün işlər daha böyükmiqyaslı şəkildə aparılmalıdır. Casus yuvaları mütləq xüsusi xidmət orqanları vasitəsilə ifşa edilməlidir”, - o qeyd edib.

Q.Hüseynli vurğulayıb ki, bu cür hallarla ən effektiv mübarizələrdən biri də ölkədə maarifləndirmə tədbirlərinin aparılmasıdır:

“İnsanlar nəyin nə olduğunu dərk edib qiymətləndirməyi bacarmalıdırlar. Burada təkcə intellektual səviyyə, yaxud alınan təhsilin səviyyəsi rol oynamır. Bunlar vacib amil olsa da, biz eyni zamanda vətəndaşlarımıza ölkəmizin hədəfləri, maraqlarını izah etməyi gündəlik təbliğat işinin mərkəzinə qoymalıyıq. Təəssüf ki, hazırda bizim televiziyalarımız sözügedən missiyanı yerinə yetirə bilmir. Hesab edirəm ki, çox gec olmadan bəzi şou proqramları bu cür maarifləndirici proqramlarla əvəz etməliyik”.

Şəffaflıq.az


Geri qayıt