Əsas Səhifə > Şou-biznes > İradə İbrahimova: “Müğənni üçün hər yer səhnədir, toy müğənnisi anlayışı da düzgün deyil” - MÜSAHİBƏ + FOTO

İradə İbrahimova: “Müğənni üçün hər yer səhnədir, toy müğənnisi anlayışı da düzgün deyil” - MÜSAHİBƏ + FOTO


15-05-2023, 18:12


“İllər ərzində itirdiklərimin mənim üçün o qədər də önəmi yoxdur. Qazandıqlarımın yanında dəyərsizdir. Qazandıqlarımı istəsəm də, pul ilə əldə edə bilməzdim”.

Bunu Oxu.Az-a müsahibəsində uzun illər Türkiyədə yaşayan müğənni İradə İbrahimova deyib.

Müsahibəni təqdim edirik:

- İradə xanım, xoş gəlmisiniz. Öncə hər kəsə maraqlı olan sualı ünvanlanmaq istərdik. Bakıya gəliş səbəbinizi bilmək olarmı? Bəziləri fikirləşirlər ki, Türkiyədəki fəaliyyətinizi yekunlaşdırırsınız. Bu həqiqətənmi belədir? Bəlkə nədənsə yoruldunuz?

- Bakıya neqativ səbəb ilə gəlməmişəm. Tam tərsinə, hər şey o qədər gözəldir ki.. İki-üç il ərzində pandemiya, daha sonra savaş oldu. Gələ bilmədim. O illər ərzində burada verdiyim sözləri tutmaq üçün gəldim. Mən məsuliyyətli insanam. Muxtar Hüseynov, Turan Rəhmanoğlu və Gövhər Həsənzadə ilə mahnılarımız, yeni proyektlərimiz var. Bunların hamısını həyata keçirməyi düşünürəm. Sizin üçün də darıxmışdım. Sizlə görüşmək istədim. Ruhum “ac” qalmışdı. Gəldim ki, bir az onu şənləndirim, doyuzdurum. Mən sevgi ilə bəslənən bir insanam. Neqativ oldumsa, gözlərimin içi əsla gülməz, parıldamaz. İçimdəki hər şey üzümdə əks olunar. Ona görə, çox xoşbəxtəm. Allah hər kəsi xoşbəxt etsin.

- Müsahibələrinizin birində həyat yoldaşınız Ceyhun bəyin köklü azərbaycanlı olduğunu açıqlamısınız. Yoldaşınızın Azərbaycan mentalitetli biri olması Türkiyədə səhnəyə çıxmanıza hər hansı bir maneə olubmu?

Ceyhunun atasının anası, yəni nənəsinin azərbaycanlı olduğunu bilirdim. Amma köklü qarabağlı, Seyid Həmzə Nigarinin kötükçəsi olduğunu bilmirdim. Ona dedim ki, “sən məndən daha artıq azərbaycanlısan”. Mənə əvvəllər çox qəribə gəlmişdi.

Ceyhunun həyata baxışı tam fərqlidir. Bəzən mən özüm də məəttəl qalıram. Deyirəm “necə oldu ki, məni seçdin?” Şübhəli suallar verirəm. Onun baxdığı pəncərəni mən bilmirəm. Heç baxa da bilmərəm. Düzdür, qadın da, kişi də hamımız insanıq. Lakin yaradılışımız başqadır. Allah bizi fərqli yaradıb. Ona görə, onun baxıb, gördüyü şeyləri mən bilməmişəm. Ceyhun hər zaman məni dəstəkləyib. Heç bir zaman önümə maneələr qoymayıb. İstər cümlə, istərsə də baxışla qətiyyən bunu etməyib. Lakin mən də yerini bilən qadın olmuşam. Özümə haqsızlıq etməyim. Ona sual da verirəm ki, “sən haradan bilirdin mən belə qadın olacağam? Ailəyə bağlı olacağam”. Deyir ki, “mən bilirdim”. Allah bizi gözəl yazıb. Taleh, qismət işidir. Yaxşı ki, bizi birləşdirib. Biz bir-birimizi hər mənada tamamlayırıq. Xasiyyətlərimizin fərqliliyi, müxtəlif dövlətlərdə və ailələrdə yaşayıb böyüməyimiz, dünyaya baxışımız belə bizi birləşdirir. Onun çox zarafatcıl olub, mənim ağır təbiətli olmağım belə çox gözəl təsadüfdür.

- Sənətinizin pik nöqtəsində - zirvəsində ailə qurmağınız sizi səhnədən xeyli uzaqlaşdırdı. Sizcə, nələri itirib, nələri qazandınız?

- Əgər oturub, mənim həyata baxışımla baxsaq, fərqli mənzərə ortaya çıxar. O zaman aydın olacaq ki, hansı mənim üçün daha önəmlidir. Qazanc, əlbəttə ki, ailədir. Qazandıqlarım çox dəyərlidir. Həyata baxışım dəyişdi, özümü inkişaf etdirdim. Bunlar mənim üçün heç biri pul ilə alınacaq şeylər deyil. Heç kəs ala bilməz. Qazandıqlarımın yanında itirdiklərim dəyərsizdir. Mənim üçün onların önəmi yoxdur.

- İradə xanım, Bakıda toy sifarişləri qəbul etmək fikriniz varmı?

- Mən Türkiyədə azərbaycanlıların toylarında böyük məmnuniyyətlə iştirak edirəm. “Yox” demirəm. Əlimdən gələni etməyə çalışıram. Bura gəlməmişdən öncə də toy məclisləri oldu. “Yox” demək məcburiyyətində qaldım. Çünki Bakıya gəlməli idim. Verdiyim sözləri yerinə yetirməli idim. İnsanlar xoş gününü mənimlə paylaşmaq istəyirsə, bu, mənim üçün şərəfdir. Nədən olmasın. Heç bir zaman da geri çevirmirəm. Bakıda olan məclislərdə də iştirak etmişəm. Önəmli olan proqramlarımız üst-üstə düşsün. İnşallah, Allah hər zaman hər kəsə toy-büsat qismət etsin. Onların o xoş gününə şahid olmaq qədər gözəl bir şey yoxdur.

- Toydan danışmışkən bu suala da aydınlıq gətirilməsini istərdik. Sizcə, toy müğənnisi ilə sənətçinin nə kimi fərqi var?

- Müğənni müğənnidir. Toy müğənnisi anlayışı düzgün deyil. Son zamanlar yaranmış bir fikirdir. Mən hər zaman səhnədə də, dövlət konsertlərində də iştirak etmişəm. Böyük səhnələrdə boy göstərmişəm. Amma eyni zamanda toy məclislərimizdə də olmuşam. Belə ayrılıq yoxdur. Müğənni üçün hər yer səhnədir. Mən orada ayırma edə bilmərəm. Əksinə, toy dediyimiz yer çox məsuliyyətlidir. Qədim köklərimizə bağlıdır. Adət-ənənələrimizi davam etdiririk. Düşünürəm ki, Azərbaycanda yaşayan körpə balalarımıza da adət-ənənələrimizə aşılamalıyıq. Mən kasıbam ki, övladlarım bizim rəqslərimizi, mahnılarımızı bilmirlər. Bizim folklorumuz, Dədə Qorqudumuz var. Bunların hamısını istəyirəm ki, bilsinlər. Hamısını görüb şahid olmalarını, hiss etmələrini istəyirəm. Toy mədəniyyətdir, birlikdir. Orada yardımlaşmaq, paylaşmaq var. Toya elə belə baxmamalıyıq. Toy ilə biz gözəl dəyərlərimizi ötürürük. Övladlarımıza, gənclərimizə miras qoyuruq. Allah hər ocağa toy nəsib etsin. Hər bir gəncin başına gəlsin.

- İllərdir ki, Azərbaycan şou-biznesindən kənardasınız. Əvvəlki illərlə fərqləndirsək, hazırda Azərbaycan şou-biznesinin vəziyyəti, sizcə, nə yerdədir?

Deyirlər necə baxarsansa, elə də görərsən. Mən güllük, gülüstanlıq görmək istəyirəm. Sadəcə onları görürəm. Pis, zövqsüzlük hər zaman olub. Onlara baxmamağa çalışıram. Lakin hörmət edirəm. Onlar da gücləri yetdiyi qədər edə biləcəklərini edirlər. Hamı öz gücünə nə edirsə, etsin. Bu, heç də asan deyil. Müğənnilər həqiqətən də təkbaşına savaşırlar. Müəyyən yerlərə gəlmək üçün böyük əmək veririk. Mən nə çəkdiyimi özüm bilirəm. Görüntünün arxasında maddi, mənəvi nələr yatır. İki rəqs etmək, pozalar vermək deyil. Hamımız insanıq. Məsuliyyətimiz, duyğularımız var. Bizə əmək verənlərin əməyinin də yerdə qalmasını istəmirik.

İşinin peşəkarı olan insan üçün dünyanın harası olursa-olsun hər bir şəxsin gördüyü iş çətindir. Ayaqda qalmaq üçün mübarizə aparır. Mən zənn etmirəm ki, rahat yol ilə buralara gəlib çıxmışam. Elə deyə biləcək şəxs də tanımıram. Varsa da, demək ki, həmin şəxs ailədə zəngin olub. Heç bir şey etmədən gəlib. Onu əmək qəbul etmirəm. Mübarizə olmasa, maraq olmaz. Bizim üçün o zaman dəyərli olur. Mübarizəyə görə, atdığımız addım, gördüyümüz işlər daha dəyərli olur. Keçmişi xatırlayırsan. Bəzən qürur da duyuruq. Öz-özümə deyirəm ki, “halal olsun mənə, nə işlər görmüşəm”. Düşünürəm ki, zamanına görə, bir adın altında mahnılar qoymuşam.

- Övladlarınızdan biri sizin yolunuzu davam etdirmək istəyirmi? Övladınız müğənni olmaq istəsə, həyat yoldaşınızın buna münasibəti necə olar?

- Kaş ki, övladlarımdan hər hansı biri mənim yolumu davam etdirsin. Çox istəyərdim ki, musiqini sevsinlər. Musiqi olmasa belə, incəsənətin digər növləri ilə məşğul olsunlar. Hər hansı bir qolunda payları olsun. İpəyin rəssam olmağını istəyərdim. Ən böyük arzularımdan biridir. Əlində qabiliyyəti də var. Görürəm ki, istəmir. Öz seçimi olmasını istəyirəm. Məcburiyyət olmamalıdır. Sənətlə atan ürək fərqli olur. İnsan olaraq da fərqli olur. Həyata baxışı da dəyişir. Qismət...

Ceyhun övladlarımızın bu istəyinə qarşı çıxmaz. Dəstəyini heç vaxt əsirgəməz. Biz açıqfikirli insanlarıq. Əlimizdən gələni edərik. Önəmli olan sənət işığının olmasıdır. Yoxdursa, boş xəyallar qurmasını istəmərəm.

- İradə xanım, bundan sonra Bakıda qalacaqsınız, yoxsa yenidən qayıtmağı planlaşdırırsınız?

- Hələ ki, buradayam. İnşallah, işlərimi sahmana salacağam. İşlərimi gördükdən sonra gedib yenidən gələcəyəm. Mahnılar var. Onları təqdim etməliyəm. Klip, solo konsert düşünürəm. Çox şey istəyirik. Xanım İsmayılqızına məxsus “İgidim” mahnımız var. O mahnı illər öncə 2004-cü ildə yazılıb. O mahnının sözlərini dəyişdirəcəyik. Təkrarən aranjiman edirik. Çünki orada sözlər belə idi: “Qalib olacağıq, qələbə çalacağıq. Azərbaycanın gözünün nuru Qarabağı alacağıq”. İndi sözləri bu şəkildə dəyişdiriləcək: “Qalib olmuşuq, Qələbə çalmışıq, Azərbaycanın gözünün nuru Qarabağı almışıq, qarabağlı olmuşuq”. Mahnıya Allahın izni ilə Şuşada klip çəkdirməyi düşünürük.

Daha çox foto burada: PhotoStock.az

Nəzrin Vahid

Şəffaflıq.az


Geri qayıt