Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasına və 1 saylı cəzaçəkmə müəssisəsinə narkotik və psixotrop maddələrin keçirilməsi cəhdinin qarşısı alınıb.
Bu barədə Penitensiar xidmətdən məlumat yayıb.
Bildirilib ki, Cinayət Məcəlləsinin 29,120.2.2; 221.1; 228.5 və 66.3-cü maddələri ilə təqsirli bilinərək 14 il 1 ay müddətinə azadlıqdan məhrum edilmiş və 1 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Hüseyn Nizami oğlu Quliyevə tanışı Şahin Qəhrəman oğlu Bədəlov tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman orada olan ayaqqabının daban hissəsində xüsusi üsulla gizlədilmiş 6 ədəd sellofan bükülüdə ümumi çəkisi 1,815 qram olan narkotik maddə - heroin və ümumi çəkisi 0,152 qram olan psixotrop maddə - metamfetamin aşkar olunub.
Cinayət Məcəlləsinin 177.2.1; və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək həbs edilmiş şəxs Namiq Əli oğlu Zülfüqarov 3 saylı İstintaq təcridxanasına qəbul edilərkən onun üzərinə baxış keçirilən zaman corabının içində gizlətdiyi 1 ədəd kağız bükülüdə ümumi çəkisi 0,211 qram olan narkotik maddə - marixuana və ümumi çəkisi 0,3 qram olan Preqabalin dərman həbi aşkar olunub.
Hər iki faktla bağlı araşdırma aparılır.
Şəffaflıq.az