Əsas Səhifə > SİYASƏT > Ulu öndər Heydər Əliyev qan tökülmədən Azərbaycanı parçalanmaqdan xilas etdi

Ulu öndər Heydər Əliyev qan tökülmədən Azərbaycanı parçalanmaqdan xilas etdi


10-05-2023, 12:51


Yazının əvvəli birinci hissədə...

Əliyevin Naxçıvanda hakimiyyəti və uğurları mərkəzdə - Bakıda narahatlıq doğururdu. Heç də təsadüfi deyil ki, daxili işlər naziri İsgəndər Həmidov Naxçıvanda Heydər Əliyevin devrilməsi üçün muxtar respublikaya hərbi desant göndərmək istəyirdi.

Naxçıvan Hava limanını mühasirəyə alan naxçıvanlılar isə bildirirlər ki, İsgəndər Həmidov Naxçıvana gələrsə, biz onu qarşılamağa hazırıq. Bu sözlərdən sonra təbii ki, heç kim Naxçıvana gəlmir. 

Bu, xalqın Heydər Əliyevə olan etibar və inamının möhtəşəm nümunəsi idi. Xalq ona görə ölümə belə getməyə hazır idi.

Lakin Bakıda və ümumiyyətlə Azərbaycanda vəziyyət çox qəliz idi. Mərkəzi olmayan hakimiyyətin indi də Gəncədən təhdidəri başlayır.

Yunun ilkin emalı fabrikinin direktoru, həmçinin Milli Qəhrəman Sürət Hüseynovun başçılığı ilə Gəncədə qiyam başlayır və hərbi birləşmələr Bakıya doğru hərəkətə keçirlər. Elçibəy isə qiyamı yatırtmaq üçün Gəncəyə hərbi qüvvə göndərir. Bildiyiniz vətəndaş müharibəsi. Qardaş qanının tökülməsi isə an məsələsi idi.  

Sürət Hüseynov çıxışında bildirir ki, “mən Bakıda yaşayan insanlara kömək etməliyəm, çünki vəziyyət qeyri-sabitdir”. Daha sonra da bildirir ki, “Elçibəyi və onun komandasını əsas meydanda, Bakıda dar ağacından asacağam”. 

Elçibəyin komandasının Sürət Hüseynovla bütün danışıqları nəticəsiz qalır. Bakıda anlayırlar ki, polkovnik Hüseynov zarafat etmir. Bəs nə etməli? Qarabağda müharibə, milyonlarla məcburi köçkün, aclıq-səfalət, hələ bunun üstünə vətəndaş müharibəsi də gəlsə nə olacaq? Bu gün həmin hadisələrə bir anlıq nəzər salsaq elə bilərik ki, hadisələr sanki Azərbaycanda deyil, Suriyada, ya da İraqda baş verib.

O zaman parlament ayıq tərpənərək Naxçıvandan yardım istəyir. Heydər Əliyevdən xahiş olunur ki, ağır vəziyyətdən çıxış yolu tapsın. 

Əliyevin isə cəmi iki şərti olur. 1. Problemin həlli yolu ilə bağlı fikirlərini ancaq Sürət Hüseynovla danışandan sonra bildirəcək. 2. Parlamentdə baş verən hadisələr canlı yayımda bütün Azərbaycana yayımlanacaq. Elçibəy bu şərtlərlə razılaşır. Çünki Hüseynovun hərbi birləşmələri Bakıya çatan kimi ilk növbədə onu dar ağacından asacaqdılar. 

Və General tək, ordusuz, topsuz-tüfəngsiz Gəncəyə polkovniklə danışığa gedir. Siz də razılaşarsınız ki, generalın bu addımı çox riskli idi. Hüseynovun nə istədiyini bilən müdrik Heydər Əliyev ona Baş Nazir postunu təklif edir. 

Bu arada Elçibəy gərginliyə tab gətirməyərək, Bakını tərk edib Naxçıvana, Kələki kəndinə üz tutur. Və oradan ölkəni idarə etməyi düşünür. Və bu son iki ildə üçüncü prezidentin ən çətin məqamda postundan, məsuliyyətindən qaçması idi. Xalq təəssüf içində daha bir prezidenti tarixin səhifəsinə yola salır. 

Yeni prezident seçkiləri isə 1993-ci ilin oktyabr ayının 3-nə təyin olunur. Qeyd edim ki, xalq referendum yolu ilə Elçibəyin istefasını tələb edərək onu vəzifəsindən azad edir. 

70 yaşlı müdrik, dünya görmüş, mümkün olan bütün yüksəliş və qələbələr, xəyanət və uğursuzluqlar görən Heydər Əliyev xalqın təkidi ilə ikinci dəfə hakimiyyətə gəlir. Videoxroniklarda xalqın necə böyük sevgi və coşqu ilə bunu qeyd etmək üçün meydanlara, küçələrə axışdığı aydın görünür. Xalqın əsas dərdi isə aclıqdan, səfalətdən, daha öndə duran Qarabağ problemi idi. Hər kəs bu məsələnin həllini ancaq və ancaq Heydər Əliyevdə görürdü.

Heydər Əliyev isə bu məsələni həll etmək üçün çox tələsirdi. Sanki o başa düşürdü ki, zamanı azdır. O, mümkün olan bütün siyasi vasitələrlə Rusiyanın ovaxtkı prezidenti Yeltsinlə razılığa gəlməyə çalışır. Çünki o zaman Qarabağda atılan hər bir güllə Rusiyadan, rus generalları tərəfindən atılırdı, satılırdı. Yeltsin isə uzaqgörən siyasətçi deyildi. Lap dərinə baxsaq, nə siyasətçi deyildi, nə də uzaqgörən. Yeltsinin Qarabağın açarının əvəzinə bir şərti var idi. Azərbaycan nefti ancaq və ancaq Rusiyanın nəzarəti altında nəql olunacaq və istədiyi qədər də özünə pay götürəcək. Rusiyanın əsas məqsədi bu vasitə ilə Azərbaycanı özünə tam tabe etmək idi. Təbii ki, müstəqilliyi yenicə əldə etmiş dövlət üçün, onun başçısı və xalqı üçün bu qəbuledilməz idi. Və Heydər Əliyev vəziyyətin qəlizliyi və zamanın darlığını nəzərə alaraq dayanmadan xarici ölkələrə səfərlərə başlayır. ABŞ-nin prezidenti Bill Klinton isə Heydər Əliyevi xüsusi mehribanlıq və təmtəraqla qarşılayır. 

Böyük Britaniya, Fransa və digər ölkələrə səfərlər zamanı həm Qarabağ problemindən, həm də Azərbaycanın iqtisadiyyatını ayağa qaldıra bilən maliyyə layihələrdən danışır. Təbii ki, əsas hədəf Azərbaycan neftinin dünyaya ən sərfəli şərtlərlə satışı və nəqli idi. Məntiqi sonluqda isə “Əsrin müqaviləsi” imzalanır.

Və burada Heydər Əliyevin peşəkarlığının daha bir üst səviyyəsi ilə qarşılaşırıq. 

Ölkənin 20 faizi Ermənistanın işğalı altındadır, milyondan çox məcburi köçkün var, hələ dünən qardaş-qardaşa güllə atırdı, küçələrdə, şəhərlərdə vətəndaş müharibəsi, qiyamlar yaşanırdı. Lakin bütün bunlara baxmayaraq, xarici dövlətlərin və şirkətlərin milyardlarla investisiyasını Heydər Əliyev öz zəmanəti, öz imzası altında Azərbaycana yatırtmağa nail olur. Ölkə dirçəlməyə başlayır. 

Rusiya bir müddət əvvəl Qarabağ probleminin həll olunmasının qarşılığında düzgün qərar versəydi, onun bu layihədə daha çox payı olacaqdı. Lakin artıq gec idi. Əliyev qərar vermişdi. Azərbaycan neftinin nəqli Türkiyə üzərindən keçəcəkdir. Təbii ki, Əliyevin bu qərarı nə Kremlin, nə də ona yaxın oliqarxların xoşuna gəlmir. Və Kremlin Əliyevlə növbəti döyüşü başlayır. 

29 sentyabr 1994-cü il tarixində, Nyu-Yorkda Heydər Əliyev BMT Baş Məclisinin 49-cu sessiyasında çıxışı zamanı Sürət Hüseynovun növbəti dəfə qiyam qaldırması və Şəmsi Rəhimovla Afiyəddin Cəlilovun qətli xəbərini alır. Bu qiyamın və qətllərin imzası cənab generala bəlli idi. Kreml ənənəsinə sadiq qalaraq eyni vasitələrlə generalı təhdid edirdi. Eynilə 1987-ci ildə olduğu kimi, o, ölümlə təhdid edilirdi. Tələb isə çox adi idi, ya istefa verəcəkdi, ya da öldürüləcəkdi. Yerinə isə Rusiyanın adamı olan Sürət Hüseynov gətiriləcəkdi.  

Heydər Əliyev vətəndaş müharibəsinin başlamasına imkan verə bilməzdi. Bu, onun prinsiplərinə zidd idi. Əliyev, ölkə başçısı kimi televiziya ilə canlı yayımda xalqa müraciət edir. Və xalq öz rəhbərinə bu çətin məqamda dəstəyini verir. İnsanlar gecə vaxtı küçələrə çıxır, Prezident aparatının qarşısında böyük insan kütləsinin önündə Heydər Əliyev çıxış edir. Kütlə isə onun xalqa minnətdarlıq sözlərini böyük coşqu ilə qarşılayır. Heydər Əliyev növbəti dəfə Azərbaycan dövlətini, dövlətçiliyini qorumağa müvəffəq olur. Bir damla qan tökmədən, tökdürmədən Azərbaycanı parçalanmaqdan xilas edir. Doğma övladı kimi bağrına basır.

Heydər Əliyevin qurduğu dövlət bu gün yaşayır, böyüyür, inkişaf edir. Bu gün Azərbaycan daha qüdrətli və möhkəmdir. Bu gün Azərbaycan qalibdir. Bu gün Azərbaycan azaddır. Bu gün Qarabağ evinə qayıdıb. Şuşa, Ağdam, Füzuli, Kəlbəcər işğaldan azad olunub. 

Bu gün üçrəngli bayrağın ay-ulduzu aydın səma altında bərq vurur. Əminəm ki, ulu öndər bunların hamısını əvvəldən bilirdi. Bilirdi ki, özülünü möhkəm qoyduğu dövlət bir gün belə parlayacaq. Amma çox təəssüf ki, zaman ona qarşı işlədi. Tez-tələsik, bir göz qırpımında əcəl onu aramızdan apardı. 

Bəzən düşünürəm ki, Azərbaycan ikinci dəfə müstəqillik əldə edəndən sonra bu qədər uzun yol qət edəcəyindən heç əmin də deyildi. Bəlkə də, o vaxt meydanlara çıxanların heç biri düşünmürdü ki, bir gün Azərbaycan qalib gələcək. 

Heydər Əliyev bu gün Azərbaycanı, onun uğurlarını, onun qələbəsini, “Zəfər” paradını görsəydi, çox sevinərdi, çox qürur duyardı. Şuşanı, Ağdamı, Füzulini, Laçını görsəydi onun dərin və ala gözləri mütləq və mütləq yaşarardı. Yenə əsgərlərə general kimi dəstək olardı, körpələri bağrına basardı. 

Böyük hörmət və ehtiram hissi ilə yad edirik. Ruhu şad olsun!

Kubra Məhərrəmova

Şəffaflıq.az


Geri qayıt