Atası və nikahda olduğu ailəsi tərəfindən məcburi şəkildə maşına salınaraq qaçırılan, daha sonra övladı əlindən alınan 22 yaşlı Elvina Əhmədova övladına qovuşub.
Bizim.Media-ya bu barədə açıqlama verən Elvina Əhmədova iki həftədir ki, övladına qovuşduğunu bildirib:
“Dəfələrlə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə müraciət etdim. Binəqədi Rayon Polis Şöbəsi məcburi uşaqgətirmə ilə bağlı qərar çıxardı və beləliklə həmin rayonun icra hakimiyyətinin iştirakı ilə övladımı geri aldım. Amma qarşı tərəfdən hələ də təzyiq və təhdidlər gəlir. Təhlükə olsa da, əsas odur oğlum yanımdadır. Uşaq bərbad durumdadır. Xiffət və qorxudan psixoloji durumu pozulub. Elə arıqlayıb ki, onu görəndə tanıya bilmədim. Yanımdan aralanmır, “ana, heç yerə getmə” deyə dəqiqədə təkrarlayır. Psixoloqa aparmışam və indi də bağçaya yazdırmışam. Özümün ikiotaqlı evim var və işləyirəm. Əlimdən gələn qədər övladımı əvvəlki kimi saxlayıram”.
Elvina Əhmədovanın sözlərinə görə, keçmiş həyat yoldaşı ona hər gün təzyiq edir:
“Məhkəməyə az vaxt qalıb deyə mənə rahat boşanmamız üçün şərt qoyur. Deyir, alimentdən imtina et, mən də boşanma ərizəsinə imza atım. Yoxsa üç ay uzanacaq. Dedim, alimentdən imtina etsəm, şənbə-bazar uşağın səndə qalmasından da sən imtina edəcəksən. Çünki mən uşağı yenidən ona verə bilmərəm. O da dedi ki, mənim üçün problem yoxdur, amma alimentdən əl çək. Onsuz da o adam əvvəl də uşağına baxmırdı və atalıq etmirdi. Məsələlərin bu yerə gəlməsində isə birbaşa atam günahkardır. Yeganə istəyim övladımla rahat və təhlükəsiz şəkildə həyatıma davam etməkdir”.
Məlumat üçün bildirək ki, Elvina Əhmədova uşaq ikən anasını itirib. Atası və nənəsinin himayəsində böyüyüb.
Dörd il əvvəl bibisi oğlu Fərid Əhmədovla ailə həyatı qurub. Onların birgə nikahdan üç yaşlı övladları var. Dəfələrlə şiddət və fiziki təzyiqlərə məruz qalan qadın boşanmaq istəyib. Amma ailə buna imkan verməyib. Nəhayət qadın evdən qaçıb və övladı əlindən alınıb. Bir müddət sonra atası, həyat yoldaşı və qayınanası tərəfindən guya övladı ona veriləcəyi vədi ilə məcburi şəkildə avtomobilə salınaraq qaçırılıb. Qadın isə özünü avtomobildən ataraq, onların əlindən xilas ola bilib. Beləliklə məsələ ictimailəşib və aidiyyəti qurumlar qadının təhlükəsizliyini nəzarətə götürüblər.
Şəffaflıq.az