Əsas Səhifə > SİYASƏT > Ekspert: “Yeni geosiyasi mənzərə Azərbaycana böyük iqtisadi dividendlər vəd edir” - FOTO

Ekspert: “Yeni geosiyasi mənzərə Azərbaycana böyük iqtisadi dividendlər vəd edir” - FOTO


4-05-2023, 17:05


“Müasir qlobal geosiyasi konyunktur Azərbaycan qarşısında böyük iqtisadi imkanlar açır”.

Bunu “Report”a açıqlamasında iqtisadçı-ekspert Amal Həsənli deyib.

“Alovlanan regional münaqişə fonunda Avropa İttifaqı öz enerji siyasətini kardinal şəkildə dəyişməli oldu. Təchizat kanallarının diversifikasiyası “köhnə kontinent”in enerji təhlükəsizliyi doktrinasının əsas prioritetinə çevrildi. Bu, enerjidaşıyıcılarının tədarükçüsü kimi Azərbaycanın qitədəki çəkisini əhəmiyyətli dərəcədə artırmış oldu. Ölkəmiz bu gün faktiki olaraq “ümumavropa qaz təchizatçısı”na çevrilib. Yaxın bir neçə ildə biz bu rolun daha kəskin şəkildə artacağını görəcəyik.

Ölkəmiz həmin vaxt ərzində 10 ölkəni, o cümlədən 8 Avropa ölkəsini qazla təmin edəcək. 2027-ci il üçün qaz təchizatımızın iki dəfə artırılaraq 20 milyard kubmetrə çatdırılması hədəflənir. Bunun üçün isə Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) genişləndirilməsi mühüm əhəmiyyət kəsb edəcək. Ötən il Yunanıstan-Bolqarıstan İnterkonnektorunun (IGB) istifadəyə verilməsi ilə Azərbaycan qazı Balkan regionuna istiqamətləndi. Ölkə başçımızın da dediyi kimi, Avropadakı interkonnektorlar vaxtında tikilsə bu ilin sonuna kimi Macarıstanı və Serbiyanı da qazla təmin edə biləcəyik”, - deyə A. Həsənli bildirib.

Ekspert Azərbaycanın enerjidaşıyıcılarının tranzit ölkəsi kimi də imkanlarının artdığını diqqətə çatdırıb:

“Türkmənistan nefti artıq xeyli vaxtdır Bakı-Tbilisi-Ceyhan (BTC) neft boru kəməri ilə Azərbaycan ərazisindən nəql edilir. Bu kəmər vasitəsilə Qazaxıstan neftinin də tranziti həyata keçirilir. Həmin mənbələrdən daha çox neftin nəql olunacağı gözlənilir. Nəticədə bir müddət sonra BTC-nin tam gücü ilə işlədiyini görəcəyik ki, bu da öz növbəsində daha çox tranzit haqlarının əldə olunması deməkdir”.

A. Həsənli hesab edir ki, iqtisadi imkanların artması Azərbaycan qarşısında böyük çağırış kimi duran Qarabağın və Şərgi Zəngəzurun yenidən qurulması prosesini əhəmiyyətli dərəcədə sürətləndirəcək:

“Belə ki, bu gün həmin ərazilərdə həyata keçirilən bir çox infrastruktur layihələri ölkəmizin tranzit, nəqliyyat və logistika imkanlarının genişləndirməklə Azərbaycan üçün əlavə dəyər təmin edəcək. Bu əsnada Füzulidən Zəngilana və demək olar Ermənistanla sərhədə qədər uzanan dəmir yolunun inşasını xüsusi qeyd etmək lazımdır. Bu layihə tək regional deyil, həm də qlobal əhəmiyyətə malik olacaq və “Bir kəmər, bir yol” layihəsinə yeni nəfəs verəcək Zəngəzur dəhlizinin tərkib hissəsidir. Zəngəzur dəhlizi ərsəyə gələndən sonra faktiki olaraq Çinlə Avropa arasından vacib körpüyə çevriləcək”.

Şəffaflıq.az


Geri qayıt