Əsas Səhifə > SİYASƏT > Baş nazir: “Bu gün böyük iftixar hissi ilə deyirik ki, Heydər Əliyevin kadrlarıyıq”
Baş nazir: “Bu gün böyük iftixar hissi ilə deyirik ki, Heydər Əliyevin kadrlarıyıq”2-05-2023, 18:04 |
“Bu gün biz böyük iftixar hissi ilə deyirik ki, Heydər Əliyev məktəbinin məzunları, Heydər Əliyevin kadrlarıyıq”. “Report” xəbər verir ki, bunu Baş nazir Əli Əsədov ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilən “Azərbaycandan kənarda təhsil almış mütəxəssislərin toplantısı”nda çıxışı zamanı deyib. O bildirib ki, H.Əliyevi fenomenal şəxsiyyət, nüfuzlu dövlət xadimi, nadir natiqlik istedadına malik olan təkrarolunmaz lider hesab edirdilər: “Görkəmli siyasi və dövlət xadimləri, diplomatlar, tanınmış insanlar Heydər Əliyevə böyük hörmət və ehtiram göstərirdilər. Bunu mən 6 il ərzində ulu öndərin yanında çalışmaq, onun köməkçisi olmaq, əksər görüşlərində və qəbullarında iştirak etmək, xarici səfərlərdə onu müşayiət etmək şərəfinə və xoşbəxtliyinə nail olan bir insan kimi tam səmimiyyətimlə deyirəm. Heydər Əliyevin yanında işləmək çox böyük məsuliyyət tələb edirdi. Eyni zamanda, həm də çox qürurverici idi. Onunla işləyən, ünsiyyətdə olan hər kəs ondan çox şey öyrənib”. “Həm ali məktəbdə müəllim, həm Milli Məclisin deputatı, həm də Heydər Əliyevin köməkçisi işlədiyim dövrdə ulu öndər mənim müəllimim olub, ondan çox şey öyrənmişəm – həm peşəkar fəaliyyətimdə, həm şəxsi həyatda Heydər Əliyevi hər zaman özümün ən böyük müəllimi hesab etmişəm. Ulu öndərin məşhur kəlamına əsaslanaraq bu gün demək istəyirəm ki, mən hər zaman fəxr etmişəm və hər zaman fəxr edəcəyəm ki, Heydər Əliyevin köməkçisi olmuşam, Heydər Əliyev məktəbini keçmişəm. Hər birimiz böyük həyat yolu keçərək şəxsiyyət kimi formalaşmışıq, müxtəlif peşələrə yiyələnmişik, müxtəlif vəzifələr tutmuşuq. Lakin bizi birləşdirən mühüm bir faktor var – əksəriyyətimiz ulu öndərin böyük diqqət və qayğısı nəticəsində Azərbaycandan kənarda ali təhsil almaq şərəfinə nail olmuşuq. Və bu gün biz böyük iftixar hissi ilə deyirik ki, Heydər Əliyev məktəbinin məzunları, Heydər Əliyevin kadrlarıyıq”, - Ə.Əsədov vurğulayıb. Baş nazir bildirib ki, Azərbaycanın ən yeni tarixinin bütöv bir dövrü ulu öndərin şərəfli adı və möhtəşəm fəaliyyəti ilə bağlıdır: “Heydər Əliyev istəyirdi ki, hər bir azərbaycanlı gənc valideynlərinin kimliyindən, ailəsinin maddi vəziyyətindən asılı olmayaraq, əgər istedadı varsa və ali təhsil almaq istəyirsə, buna nail ola bilsin. Ulu öndər Azərbaycandan kənarda təhsil alan gəncləri hər zaman diqqət mərkəzində saxlayır, onların inkişafına hər cür qayğı göstərirdi”. O xatırladıb ki, 2007–2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 32 ölkənin 350-dən çox ən nüfuzlu ali təhsil müəssisəsində təhsil almaları məqsədilə ümumilikdə 3500-dən artıq gənc xaricə göndərilib və onlara təqaüd verilmiş, bu məqsədlər üçün 200 milyon manat vəsait xərclənib: “Prezident İlham Əliyev müvafiq sərəncamı ilə “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı”nı təsdiq edib. Dövlət Proqramının icrası müddətində hər il 400 nəfər olmaqla, ümumilikdə 2000 nəfərədək vətəndaşın xaricdə nüfuzlu ali təhsil müəssisələrində bakalavriat və magistratura səviyyələrində təhsil alması təmin ediləcək”. “Heydər Əliyevin heç kəslə müqayisə edilməz güclü məntiqi və dəmir iradəsi var idi. Öz fikirlərini elə köklü surətdə əsaslandırıb deyirdi ki, qarşı tərəf tamamilə arqumentsiz qalırdı. Eyni zamanda, qəbul etdiyi insanlarla çox mehriban ünsiyyət yaradırdı, sadə və səmimi idi, tərəf-müqabilinin problemlərinə çox böyük həssaslıq, diqqət və qayğı ilə yanaşırdı. Bu gün öz Vətənini, xalqını, dövlətini sevən hər bir Azərbaycan vətəndaşının qəlbində Heydər Əliyev abidəsi ucaldılıb. Və nə qədər Azərbaycan xalqı, Azərbaycan dövləti varsa, Heydər Əliyev də yaşayacaq”, - Baş nazir əlavə edib. Şəffaflıq.az Geri qayıt |