Ağcabədi rayonu, Dördyol ərazisində fəaliyyət göstərən fiziki şəxs Təşkilat Qərib oğlu Nəcəfova məxsus pendir sexində yoxlama keçirilib. Baxış zamanı sexdə gigiyena qaydalarına və qida təhlükəsizliyi tələblərinə əməl edilmədiyi, həmçinin müəssisədə sanitar-texniki və sanitariya-gigiyenik vəziyyətin qüvvədə olan normativlərə cavab vermədiyi aşkarlanıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.
Bildirilib ki, müəssisədə mexaniki havalandırma sisteminin quraşdırılmadığı, süni işıqlandırma zamanı istifadə olunan lampaların qoruyucu üzlüklə üzlənmədiyi, texnoloji ardıcıllıq prinsipinə əməl olunmadığı, döşəmə və divar səthlərinin asan təmizlənə bilən və dezinfeksiyaedici vasitələrin təsirinə davamlı materialla üzlənmədiyi, pəncərələrin toz və həşəratlara qarşı qoruyucu torla təmin olunmadığı, işçi heyətin müvafiq sahə ilə təchiz edilmədiyi və dövri tibbi müayinədən keçmədiyi, müvafiq təmizlik işlərinin aparılmadığı və digər nöqsanlar məlum olub. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyə uyğun olaraq sahibkar barəsində inzibati protokol tərtib edilib, pendir sexinin fəaliyyəti məhdudlaşdırılıb və icrası məcburi göstərişlər verilib. Araşdırmalar davam etdirilir.
AQTA əhalinin təhlükəsiz qida məhsulları ilə təmin edilməsi sahəsində mütəmadi olaraq tədbirlər həyata keçirir.