Əsas Səhifə > Şou-biznes > Flora Kərimova oğlunu QARADƏRİLİ VARLI QIZLA evləndirdi - FOTO

Flora Kərimova oğlunu QARADƏRİLİ VARLI QIZLA evləndirdi - FOTO


8-12-2018, 11:41
 
 Tezliklə Azərbaycanda səbirsizliklə gözlənilən “Qayınana 2” filminin premyerası keçiriləcək.
Publika.az xəbər verir ki, “Qayınana 2” eyniadlı məşhur Azərbaycan əsərinin yeni versiyasıdır. Filmin ümumi mövzusu saxlansa da, sujet xətti fərqlidir. Ən mühüm xüsusiyyəti ondadır ki, Xalq artisti Flora Kərimova komediyada əsas rolu canlandırıb. Bu barədə layihənin direktoru və baş prodüseri Hüseyn Cavadzadə filmin təqdimatına həsr olunmuş mətbuat konfransı zamanı məlumat verib.
Layihənin prodüseri mətbuat konfransında bildirib ki, baş rollarda ölkənin tanınmış artistləri: Xalq artisləri Flora Kərimova, İlham Namiq Kamal, Səfa Mirzəhəsənov, həmçinin Sevinc Əliyeva, Elməddin Cəfərov çəkilib:
“Eyniadlı ekran işinin yeni versiyasının yaranması ideyası təsadüfi deyil. Belə ki, 2018-ci ildə baş rol əfsanəvi aktrisa Nəsibə Zeynalovanın canlandırdığı "Qayınana" filminin 40 illik yubileyi tamam olacaq. 40 il əvvəl lentə alınan “Qayınana” filmində Flora Kərimova rol almasa da, görkəmli bəstəkar, SSRİ Xalq artisti Tofiq Quliyevin film üçün yazdığı bəstələri o, ifa edib. Böyük xoşbəxtlikdir ki, Azərbaycan musiqisinə bənzərsiz mahnıları ilə böyük töhfələr verən Flora xanım 40 il sonra “Qayınana”nın növbəti hissəsində qayınana rolunu canlandıra bildi. Bu, bizim üçün böyük bir şansdır.
Yeni versiya 40 il əvvəl lentə alınan filmdən fərqlənir. Biz sadəcə, bəzi qəhrəmanları saxladıq. Sujetə əsasən, varlı ailənin yeganə oğlu onların evində işləyən qulluqçu qıza aşiq olur. Amma onların valideynləri, xüsusilə onun anası Canan xanım obrazını ifa edən Flora Kərimova bu nikahın əleyhinə çıxış edir. Bundan sonra oğlu “Sütül gəlinlər” şirkəti ilə razılığa gələrək valideynlərini Nigeriyadan olan varlı ailənin qızı ilə tanış edir. Bütün maraqlı hadisələr də elə bundan sonra başlayır. Nigeriyalı gəlin Coy Oqaçuk rolunu ifa edib. Şübhə etmirik ki, o, tezliklə məşhur olacaq. Nigeriyadan aktrisa dəvət etmək istəyirdik, amma o, rolunun öhdəsindən məharətlə gəldi", - deyə Cavadzadə bildirib.
Mətbuat konfransında çıxış edən Flora Kərimova Hüseyn Cavadzadəyə təşəkkür edib. Müğəni bildirib ki, H.Cavadzadə onun bütün şıltaqlıqlarına böyük səbirlə dözüb. Xalq artistinin sözlərinə görə, o, hər dəfə hansısa səhnəni oynamaqdan imtina edib, amma bir müddət sonra hər şey dəyişib:
“Çəkiliş prosesi həqiqətən də çox gözəl keçdi, bir-birimizi incitmədik. Hüseyndə elə bil ki, şeytan tükü var, məni yola gətirə bilirdi, hər sözünə əməl edirdim. Uşaq kimi küsürdüm, makiyaj və paltar davası edirdim, Hüseyn böyük səbirlə bütün nazımla oynayırdı”.
Kədərli notlara köklənən Flora Kərimova bildirib ki, mahnıları onu daim yaşatsa da, bu film onu sevənlərə bir xatirə olaraq qalacaq:
"Pessimist deyiləm, həqiqəti və gələcəyi görən bir insanam. "Qayınana 2" filmindən savayı mənim haqqımda bioqrafik film çəkilir. Bu ekran işinin orijinalına çəkilməsəm də, həmişə deyirdilər ki, səsim baş rol qədər idi. İndi isə hər iki film sizə məndən yadigar qalacaq".
Xalq artisti söz-söhbətə səbəb olan vanna səhnələrinə də aydınlıq gətirib:
"Bu günlərdə gül-çiçəklə bəzədilmiş vannada çəkilən şəklim KİV-də yayıldı. Hüseyn üç gün mənə deyə bilmədi ki, onlar belə bir kadrı çəkmək istəyir. Nəhayət ki, onlar məni süd dolu vannaya girib həmin səhnəni canlandırmağa məcbur etdilər. Bu kadrlar müzakirələrə səbəb olmuşdu. Mən buna görə bir az bərk hirsləndim, ancaq sonra sakitləşdim", - deyə Kərimova bildirib.
Müğənninin sözlərinə görə, janr baxımdan “Qayınana” tragikomediyadır, çünki burada bir çox müasir ailə reallıqları nümayiş etdirilib. Kərimova hesab edir ki, Azərbaycanda nadir hallarda analar öz uşaqlarının seçimiylə razılaşır.
"Özümü tərifləmək istəmirəm, ancaq mən çox yaxşı qayınanayam. Mənim uşaqlarımla problemim olmayıb. Düşünürəm ki, bu film kimlər üçünsə bir dərs olacaq, gözlərini açacaq. Hesab edirəm ki, hər kəsin istədiyi insanla ailə qurmaq haqqı var. Başlıcası odur ki, gənclər xoşbəxt olsun. Bizim vaxtımızda münasibətlər daha saf idi. "Aktrisa və müğənni ilə evlənmək olmaz" söhbətləri yox idi. Demirəm ki, cavanlar valideynlərinin məsləhətini dinləməsin, sadəcə ehtiyatlı və ayıq olsunlar. Hansı qapını döydüyünüzə və hansı çırağı yandırdığınıza diqqət edin. Seçdiyiniz insanın şəxsiyyətinizə və özünüzə yaraşıb-yaraşmadığını ölçün.
Bir dəfə qızımın atası ilə maşında gedirdik. Maşın dayananda vağzalı səsi eşidildi. Təsirləndim və Faiqə dedim ki, mən o vağzalını eşitmədim, qismətim belə oldu. O, cavab olaraq bildirdi ki, indi klarnetlə gedirlər, zurna ilə qayıdırlar. Allah eləməsin ki, kimsə "zurna" ilə qayıtsın” , - deyə Kərimova məsləhət görüb.
Aktyor Elməddin Cəfərov əminliklə bildirib ki, yeni işi hamının ürəyincə olacaq, çünki bu, ailə filmidir. O, həmçinin qeyd edib ki, kinoteatrların əksəriyyəti filmi göstərməkdən imtina edir. Cəfərovun sözlərinə görə, bu, kinoteatrlar arasında olan rəqabət Azərbaycan kinematoqrafiyasına həqiqətən böyük zərbə vurur. O, ümid edir ki, tezliklə kinoteatrlar öz aralarında razılığa gələcər, çünki rejissorlar filmi tamaşaçı üçün çəkir, öz şəxsi arxivi üçün deyil.
Komediya ustası etiraf edib ki, Flora Kərimova, İlham Namiq Kamal, Səfa Mirzəhəsənov kimi tanınmış peşəkar artistlər, eləcə də aktyorlar Sevinc Əliyeva və Riad Əbdül kimi həmkarları ilə işləmək xoş idi. Elməddin sözlərinə onu da əlavə edib ki, böyük sənətkarlarla çalışmaq ona qiymətli təcrübə qazandırıb.
Aktrisa Sevinc Əliyeva da həmkarının sözlərini təsdiqləyərək qeyd edib ki, çəkilişin geditaşında heç bir problem yaranmayıb: “Sevinirəm ki, “Qayınana” filmi ilə cavan nəsil də tanış olmaq imkanı qazanacaq. Eyni zamanda, bu filmin yeni versiyası əvvəlki nəsildə nostalji hisslər oyadacaq”.
“Caspian Media Group”un istehsalı ilə çəkilən "Qayınana" filminin layihə direktoru və baş prodüseri Hüseyn Cavadzadədir. Filmin rejissoru Orxan Ağazadə, operatoru Şahmar Səfəroğlu, ssenari müəllifi Nicat Dadaşov, rəssamı İmruzə Hüseynova, səs rejissoru Ədalət Xəlilov, ikinci rejissoru Dilşad Baxşəliyeva, qrim ustaları Sevda Zeynalova, Səbinə İmanova, icraçı prodüserləri Azər Qasımov və Ömər Abdulkərimovdur.
Filmin premyerası dekabrın 26-də keçiriləcək. Film Azərbaycanın regionlarında və xaricdə də nümayiş olunacaq.
Aytən
Geri qayıt