Əsas Səhifə > Cəmiyyət > Şikayətçilərdən şikayət...

Şikayətçilərdən şikayət...


25-04-2023, 14:39


Qan Turalı yazır...

Şikayət epidemiyasında yaşayırıq. Hər tərəfdə, hər yerdə şikayət. Hamıya, hamıdan şikayət...

Sosial şəbəkələr də virtual bir “Ağlama divarı”na çevrilib. Hamı burada öz kin və nifrətini qusur, nəticədə isə üfunətli bir nifrət bataqlığı yaranır.

Əlbəttə ki, hər birimizin istər fərdi, istərsə də ictimai həyatında problemlər var, çətinliklər, məşəqqətlər var. Bunsuz insan həyatı olmaz ki...

Məsələ isə çətinliklərdən şikayət etməkdən getmir. Problemlərin uca səslə ifadəsindən də getmir. Məsələ kütləvi bir psixoza çevrilən şikayət epidemiyasından gedir. Və bu epidemiya ictimai ovqatı müəyyən edir. Daha doğrusu, təhdid edir. 

Başqa sözlə, bir insanın şikayəti ancaq şikayətdirsə milyon insanın şikayəti isə fəlakətdir. Psixoloqlar müntəzəm şəkildə edilən şikayəti müalicə edilməsi lazım olan bir simptom hesab edirlər.

Belə ki, müntəzəm şəkildə nələrdənsə şikayət edən insanlar ilk növbədə öz yaxın ətraflarını psixoloji baxımdan yormağa başlayırlar. Ailə, dostlar, iş yoldaşları... Zamanla hamı ondan qaçmağa başlayır və tənhalaşan şikayətçi öz şikayətlərini özü deyib özü eşitməyə, ya da təsadüfi tanışlarına şikayət etməyə başlayır. 

Metroda, avtobusda şikayət edənlər əsasən bu kateqoriyaya aid olan insanlardır. Şairin dediyi kimi, dərdimi kimə deyim, dünya dolu adamdır. Onlar da adam tapa bilmədikləri üçün rastlaşdıqları, çənələrinin altına saldıqları ilk adama öz şikayətlərini çatdırırlar. 

Burada maraqlı bir məqam da var. Şikayətlənirlər ki, insanlarda vəfa qalmayıb. O qədər şikayətlənir ki, ətrafındakı insanlar da onu tərk edib, bezib gedirlər, o da elə bilir ki, insanlarda vəfa qalmayıb. Halbuki, məsələ vəfada deyil, məsələ onun özündədir. Şikayətçinin anlamaq istəmədiyi məqam da bundan ibarətdir. 

Şikayətçinin əsas problemi də budur. Elə şikayətin də... Şikayət edən insanlar  günahı daim başqalarında görmək istəyərlər. Bəzən sevgilisində, bəzən dostunda, bəzən məmurlarda, bəzən isə avtobus sürücülərində... Ola bilsin Makronda, ya da Si Cinpində... 

O, günahı yadplanetlilərdə də görə bilər. Özündən savayı hər yerdə günahkarı axtarar. Ancaq özündə əsla günah yoxdur. 

Bu insanlar üçün hamı günahkardır. Özündən başqa... Onlar hər tərəfə şikayət toxumları səpərkən bircə özlərini toxunulmaz hesab edirlər. 

Ölkədə təhsil pisdir, ancaq özü savadlıdır. Parlament pisdir, ancaq onun deputat tanışı yaxşıdır. Səhiyyə pisdir, ancaq onun diş həkimi idealdır. Bir sözlə, ona aid olan hər şey ideal, başqalarında olan hər şey isə pisdir.

Ən pisi isə bu xəstəliyin yoluxucu olmasıdır. Bu məsələ ilə bağlı bir araşdırma da var. Məlum olmuşdu ki, sosial şəbəkələrin alqoritmləri neqativ, şikayət, giley dolu yazıları, videoları, fotoları daha çox önə çıxarır, daha çox insana göstərir. Sosial şəbəkələr mühəndisləri də bu mexanizmi seçərkən insanların şikayətə daha çox meylli olduğundan, başqa cür desək şikayətin daha sürətli yayılma potensialından çıxış etmişdilər. 

Ən aktual bir məsələni yazaq. “Formula-1”lə bağlı beş məktəbdə bir neçə günlük distant təhsilə keçilməsini məlum şikayətçilər təhsilin məhv olması kimi qiymətləndirdilər. Halbuki, bu addımın ciddi bir problem yaratmadığı və iddiaların əksinə olaraq, şagirdlərin xeyrinə olduğu (nəqliyyat, yarış avtomobillərinin yüksək səsi kimi problemlərlə bağlı) göz qarşısındadır. Ancaq şikayətçilər heç bir zaman dərin düşünməyi seçmirlər. 

Ən pisi isə bu şikayətlərin konkret heç bir məqsədə xidmət etməməsi, insanların təşəbbüskarlıq hissini, vətəndaş məsuliyyətini yox etməsidir. Belə ki, daim şikayətlənən insanlara fikir versəniz onların həyatda ciddi bir uğur qazanmamış insanlar olduğunu görə bilərsiniz. İnsan belə bir varlıqdır, öz yetərsizliyini aradan qaldırmaq əvəzinə sürəkli şəkildə bəhanələr, şikayətlər yaradır. Bu, insanın bir növ özünümüdafiə instinktidir. 

Bu mənada şikayətçilərin varlığı psixoloji bir problem olsa da, ictimai ovqatın şikayətə köklənməsi ictimai bir problemdir. Dünyanı isə şikayət etməyən və ancaq  öz işlərini görənlər dəyişir. 

Şikayətlə dünya düzəlsəydi, nə vardı ki...

Şəffaflıq.az


Geri qayıt