Əsas Səhifə > İdman > “Formula-1” yarışları Azərbaycanın turizm potensialını dünyaya tanıdır” - RƏY + FOTO

“Formula-1” yarışları Azərbaycanın turizm potensialını dünyaya tanıdır” - RƏY + FOTO


24-04-2023, 21:15


500 milyon nəfərlik auditoriyanın izlədiyi dünyaca məşhur “Formula-1” yarışının Azərbaycanda keçirilməsi turizm potensialımızın dünyada təbliğ edilməsində müstəsna rol oynayır.

Bu barədə “Report”a açıqlamasında turizm üzrə ekspert Rəhman Quliyev deyib.

Ekspert bu Qran-prinin ölkəmizi dünyada tanıtmaq üçün ideal platforma olduğunu vurğulayıb:

“2018-ci ildə Bakıdakı bu möhtəşəm yarışı izləməyə gələn turistlər 78 ölkəni təmsil edirdisə, 2023-cü ildə bu rəqəm 100-ü ötüb. Bu o deməkdir ki, dünya ölkələrinin yarısından çoxu azarkeş kimi yarışlarda təmsil olunacaq və Azərbaycan mədəniyyəti, qonaqpərvərliyi, gülərüzlü insanları ilə tanış olmaq imkanı əldə edəcək. Artıq Azərbaycan dünya siyasi arenasında qalib ölkə kimi tanınır və bu il də keçən il olduğu kimi qalib paytaxtda fərqli bir statusda “Formula-1” üzrə Azərbaycan Qran-prisini keçirəcəyik. Tək bu yarış deyil, digər beynəlxalq yarışların da Azərbaycanda keçirilməsi, müxtəlif yarışlarda Azərbaycan bayrağının yüksəklərə qaldırılması da Azərbaycanın dünyada tanıdılması baxımından önəm kəsb edir”.

R.Quliyev yarışları izləməyə gələn xarici turistlərin sayının hər il artdığını bildirib:

“Bakıda keçirilən üçüncü “Formula-1” yarışını izləməyə gələn əcnəbilərin sayında 2017-ci illə müqayisədə 31% artım olub. Bu tendensiya hər il artmaqda davam edir. Statistika göstərir ki, turistlərin iqtisadiyyatın müxtəlif sahələrinə, o cümlədən peşəkar xidmətlər, hotel və mehmanxana, hava yolları, iaşə obyektləri, restoran, nəqliyyat, sosial və mədəni xidmətlər, poçt və telekommunikasiya, topdan ticarət və elektrik, qaz, su və digər sektorlara verdikləri faydalar həddən artıqdır. Bu tədbir ölkəmizin dünyaya sürətli inteqrasiyasını təmin etməklə yanaşı, sosial-iqtisadi yüksəlişimizə də təkan verir. Bu kimi yarışların keçirilməsi ilə ölkəyə valyuta axını olur, Azərbaycanı hər kəs daha yaxından tanıyır. Bu yarışı televiziya və ya sosial şəbəkələr vasitəsilə izləyən hansısa xarici vətəndaş gələcəkdə Azərbaycana səfər edə bilər”.

Ekspert deyib ki, yarış bitdikdən dərhal sonra ölkəyə kütləvi turist axınının olacağını gözləmək doğru deyil:

“Bəziləri hesab edir ki, bu yarış bir anda ölkəyə böyük gəlir gətirməlidir. Belə deyil. Bu, Azərbaycan rəhbərliyi tərəfindən düşünülmüş uğurlu xarici siyasi kursun bir qoludur. Belə yarışların ölkəmizdə keçirilməsi Azərbaycanda ictimai asayişin yüksək səviyyədə qorunmasından xəbər verir. Çünki sözügedən yarış çox ölkədə keçirilə bilərdi. Onun Azərbaycanda keçirilməsi ölkənin reputasiyasının artırılmasına xidmət edir. Bununla bütün dünyaya da məlum olur ki, Azərbaycanda ictimai asayiş yüksək səviyyədə qorunur”.

““Formula-1” yarışı ərəfəsində Azərbaycana əsəsən yüksək kateqoriyadan olan turistlər gəlir. Bunu həm bron edilən hotel nömrələrindən, həm də tur proqramlardan bilmək olur. Bu dönəmdə ölkəyə gələn turistlər digər dövrlərdə gələnlərdən çox fərqlənir. Bu da yarışın ən yüksək səviyyədə keçirilməsi və daha üst səviyyəli bir yarış olmasından xəbər verir”, - deyə R.Quliyev əlavə edib.

Qeyd edək ki, “Formula-1” üzrə Azərbaycan Qran-prisi aprelin 28-30-u tarixlərində keçiriləcək.

Şəffaflıq.az


Geri qayıt