Əsas Səhifə > Cəmiyyət > NASA-nın yarışında uğur qazanan ilk Azərbaycan komandası - FOTO

NASA-nın yarışında uğur qazanan ilk Azərbaycan komandası - FOTO


22-04-2023, 22:20


Dünyanın 4 ən böyük robototexnika yarışından biri olan “FIRST Robotics Competition” (FRC) müsabiqəsinə bu il ilk dəfə Azərbaycan da qatıldı. Ölkəmizi yarışda 14-18 yaş arası gənclərdən ibarət “MeckHack #9030” komandası təmsil etdi.

Komandamız müsabiqənin Nyu-Yorkda baş tutan birinci hissəsini uğurla başa vurdu. 51 komanda içərisindən finala keçən 7 komandadan biri oldu. Hyustonda baş tutan finalda isə 600-dən çox komanda ilə mübarizə apardı.

Qeyd edək ki, yarışın layihə rəhbəri və baş sponsoru NASA-dır ("Milli Aeronavtika və Kosmos İdarəsi"). Yarışın əsas sponsorları isə “Apple”, “FedEx”, “Google” kimi şirkətlərdir.

“Kaspi” qəzeti ölkəmiz adından bu yarışda iştirak üçün ilk addımı atan komandanın bir neçə üzvü ilə həmsöhbət olub. Komandanın texniki mentoru Əhməd Bayraqdarov, qeyri-texniki mentoru Təranə Nəbiyevadır.

56 kiloqramlıq robot

İlk olaraq onların yarışa qatıldıqları robot haqqında danışdıq. Bildirildi ki, yarışın qaydalarına görə, robotun çəkisi maksimum 56 kiloqram, hündürlüyü isə 1,50 metr olmalıdır. 1 millimetr kənaraçıxmaya görə belə, robot oyundan çıxarıla bilər. Onlar da robotlarını verilən ölçüdə hazırlayıblar.

Təranə Nəbiyeva bildirdi ki, bu robotun hazırlanmasından yarışda təqdimatına qədər komandanın hər bir üzvünün öz rolu olub: “İbrahim Əli və Yusif Şükürlü robotun qolunu idarə edəndir. Elektronika hissəsində Nicat Tağızadənin rolu böyükdür. Rəsul əsas sürücüdür. Mətin proqramını yığıb. Təqdimatçılar Dəniz, Firəngizdir. Kapitan Svetlanadır”.

Mentorun sözlərinə görə, yarışa hazırlıq 8 ay davam etsə də, onların bunun üçün vaxtı az olub: “Hazırlıq üçün 5 ay vaxtımız oldu”.

“4 min dollar təqaüd verdilər”

5 ay müddətində komanda üzvlərinə texniki və qeyri-texniki biliklər aşılanıb: “Texniki tərəfləri ilə bağlı “3D Fusion”, proqramlaşdırma, mexanika-elektronika dərsləri keçildi. Qeyri-texniki tərəfi isə biznes plan hazırlamaqla bağlı oldu. Yarışın birinci hissəsi üçün qeydiyyat ödənişi 6 min dollar idi. Hazırladığımız biznes plan sayəsində bizə 4 min dollar təqaüd verdilər”.

T.Nəbiyeva deyir ki, Azərbaycan yarışda ilk dəfə iştirak etdiyi üçün prosesin özü çətin olub. Bir çox qeydiyyat yerlərində ölkəmizin adı yox idi. Növbəti illərdə artıq olacaq.

“Jürilər bizə çox istedadlı yanaşırdılar”

Robotun proqramını yığan Mətin Təhməzli deyir ki, yarışa ilk dəfə qatılmaq çətin olsa da, uğur qazanmaqda da payı olub: “Jürilərin diqqətini çəkirdi ki, ölkəmizin birinci komandasıyıq. İkincisi, sponsorumuz ölkənin böyük şirkətlərindən biri idi. Eyni zamanda, bizdə maliyyələşmə hissəsində ailəmiz də qeyd edilmişdi”.

“Xalq artisti Zülfiyyə Xanbabayevanın qızı Dəniz NASA-nın müsabiqəsində” xəbərləri gündəm olmuşdu. Komandanın təqdimatçılarından olan Dəniz Məmmədova kollektivin zəhmətinin bəhrəsini jürilər qarşısında təqdim etdiyini deyir: “Komandamız böyük zəhmət çəkmişdi, çox işləmişdik. Doğru təqdim etmək lazım idi ki, o zəhmət boşuna getməsin. Bunun məsuliyyətindən və belə bir yarışda ilk dəfə iştirakdan dolayı çıxışımızın ilk dəqiqələrində çox həyəcanlı idim. Jürilər bizə çox istedadlı yanaşırdılar. Bir müddət sonra artıq jürilərlə danışıqda qəribə bir komfort yarandı. Yəni həyəcan olmadı, rahat şəkildə təqdim etdik”.

Təcrübəli rəqiblər…

Rəsul Şərifov deyir ki, onlar bu yarışda uzun illər təcrübəsi olan komandalarla mübarizə aparıblar: “Bizim komandamızın adındakı “9030” o deməkdir ki, bu yarış yarandığı gündən bəri qeydiyyatdan keçən 9030-cu komandayıq. Təsəvvür edin ki, 4, 16 nömrəli komandalar var. Yarış yaradılan vaxtdan qoşulublar, təcrübələri çox böyükdür. Mentorları, komandaları, emalatxanaları, təcrübələri, büdcələri bizdən çox idi”.

İbrahim Əli Xuduyev bildirdi ki, nə qədər çatışmazlıq olsa da, həvəsdən düşməyiblər: “Bakıda robotu hazırlamaq üçün vaxtımız az idi. Yenə də hazırlaya bildik. Sonra qolunda problemlər çıxdı. Yenə də gedib robotu sürürdük, motivasiyamızı salmırdıq. Yarışda da həmçinin”.

“Komanda ruhu qazandıq”

Dəniz komandalar arasında sağlam rəqabət gördüyünü də dedi: “Stenddə hamı bir-birinə kömək edirdi. Digər komandaları rəqib kimi görmürdülər. Amma robot yarışanda, rəqib olurduq. Gözəl rəqabət idi”.

Təqdimatçılardan Firəngiz Həsənova bu yarışda iştirakın onlara böyük komanda ruhu qazandırdığını deyir: “Hər birimiz ayrı orta məktəbdə oxuyuruq. Bu yarış üçün birləşmişik. Bu yarışda komanda olaraq çalışmağı, komandada bir-birimizi həvəsləndirməyi, dəstək olmağı öyrəndik”.

Svetlana Rzayeva deyir ki, valideynləri onları daim dəstəkləyib: “Hər səhər valideynlərimizin bizə “bacaracaqsınız” deməyi çox böyük şeydir. Bəzən dediklərini adam çox hiss etmir, amma nəticəsini görürsən”.

“Həm təcrübəmiz az idi, həm də maliyyəmiz”

Finaldakı nəticələrinə gəlincə, T.Nəbiyeva bildirdi: “600-dən çox komandanın arasında olmaq böyük uğurdur. Robotumuzdan çox, komandanın sayəsində bu siyahıya düşməyi bacardıq. Oradakı robotla bizimkiləri müqayisə edəndə, hər kəs baxıb deyirdi ki, buraya bu robotla gəldiniz? Çünki ən ucuz maliyyə ilə ərsəyə gələn robot idi. Həm təcrübəmiz az idi, həm də maliyyəmiz. Yarışda mükafat qazanmaq kimi gözləntimiz var idi, amma finala çıxmaq gözləntimizin üstündə idi. Biz finalda da iştirak etdik. Yarışa 10-15 il qatılıb finalı görə bilməyən komandalar var”.

Qeyd edək ki, MeckHack #9030 komandası yarışın birinci mərhələsində keçirdiyi sosial layihələrinə görə “Rookie  all star” və "Wild car" mükafatlarına layiq görülüb.

T.Nəbiyeva qeyd etdi ki, dövlət yardım edərsə, özəl şirkətlər təqaüd ayırarsa, yarışın xərclərini valideynləri qarşılaya bilməyən şagirdlərin də bu müsabiqədə iştirakı mümkün olar.

“Birinci mərhələdə nəticələr elan olunanda, Nyu-Yorkda himnimiz səsləndi, bayrağımız dalğalandı. Yüzlərlə insan ayaq üstə himnimizi dinlədi. Çox gözəl hiss idi”, – deyə sonda qrup üzvləri bildirdilər.

Şəffaflıq.az


Geri qayıt