Biləsuvarda dolu bir sıra fəsadlar törədib.
"Report"un Muğan bürosunun məlumatına görə, dolu rayonun bəzi ərazilərinə düşüb. Daha sonra güclü leysan yağışı yağıb.
Təhlükəsizlik məqsədilə rayon mərkəzində və bir neçə kənddə elektrik enerjisinin verilişində fasilələr yaranıb.
Hazırda rayon ərazisində yağıntılı hava şəraiti davam edir.
21:33
Cəlilabadda güclü küləyin fəsadları aradan qaldırılır.
“Report”un məlumatına görə, rayon ərazisində baş verən qəfil külək nəticəsində elektrik xətləri qırılıb, rayon mərkəzi də daxil olmaqla, bir neçə kənd işıqsız qalıb.
Həmçinin güclü külək onlarla ağacı aşırıb. Külək köhnə Ələt-Astara avtomobil yolunun Göytəpə şəhərindən keçən hissəsində ağacları yola aşırıb. Eyni zamanda şəhər ərazisində fərdi evlərin və obyektlərin dam örtüyü dağılıb, işıqlar kəsilib.
Hazırda rayon fövqəladə hallar komissiyası və digər dövlət orqanları təbii fəlakətin aradan qaldırılması istiqamətində işlər aparır. Cəlilabad şəhərinin bir hissəsində elektrik enerjisinin verilişi bərpa olunub. İlkin məlumata görə, insan tələfatı yoxdur.
20:46
Cəlilabada güclü dolu yağıb, meyvə ağaclarına ziyan dəyib.
“Report”un məlumatına görə, dolu əsasən rayonun bir neçə kəndinə düşüb.
Təqribən bu gün axşam saat 19:05 radələrindən etibarən yağmağa başlayan dolu 7 dəqiqəyə yaxın güclü yağışla davam edib.
Qeyd edək ki, Cəlilabadda yağan leysan və güclü külək rayon mərkəzində və bir neçə kənddə elektrik enerjisinin kəsilməsinə səbəb olub.
Şəhərin mərkəzində ağaclar aşıb.
Hazırda rayon ərazisində küləyin törətdiyi problemlər aradan qaldırılır.