Əsas Səhifə > Cəmiyyət > Şəkərin qiyməti artacaqmı?

Şəkərin qiyməti artacaqmı?


20-04-2023, 14:44


Pərviz Heydərov yazır...

Ərzaq məhsulları sırasında indi də bizi deyəsən, şəkər böhranı gözləyir. Böyük Britaniyada ekspertlər hələ 1 ay öncədən xəbər vermişdilər ki, ərzaq qiymətləri bir az da bahalaşacaq. Buna səbəb kimisə şəkərin qiyməti göstərilmişdi. Həqiqətən də, ağ şəkər tozu rekord həddə bahalaşıb. Belə ki, sözügedən məhsul üzrə qiymətlər son 12 ildə maksimum həddə çatıb.

Bu da ondan irəli gəlir ki, nə Avropa ölkələri, nə də ABŞ özlərini şəkərlə tam təmin edə bilmirlər. Yəni bunun üçün kifayət qədər istehsal həcminə malik deyillər və odur ki, idxaldan asılılıq var. İdxal isə planlaşdırılan həcmdə tutmayanda qiymətlər artmalıdır və artır da. ABŞ-nin özündə şəkər tozu son 6 ildə ən yüksək qiymət həddinə çatıb.

Yeri gəlmişkən, Avropa ölkələrinə şəkər Braziliyadan gətirilir. Hansı ki, adıçəkilən ölkə ildə 37 milyon tondan çox şəkər tozu istehsal edir. İkinci yer isə Hindistana məxsusdur. Tailand da şəkərlə də zəngin ölkədir, burada 10 milyon ton istehsal mövcuddur. İlk baxışda belə düşünmək olar ki, problem yəqin bu ölkələrdə istehsalla bağlıdır. Xeyr!

Şəkərin qiymətinin qalxması qlobal iqtisadi vəziyyətdən irəli gəlir. Yəni bahalaşmaya bu kontekstdən yanaşmaq lazımdır. Başqa sözlə, şəkər istehsalı üçün tələb olunan xammal baxımından əslində, heç bir çatışmazlıq yoxdur. Yuxarıda adlarını çəkdiyim ölkələrdə heç bir obyektiv problem mövcud deyil. Şəkərin bahalaşmasının əsas səbəbi tədarükün azalmasıdır. 

Belə ki, sözügedən məhsulun ixracı üzrə tanınmış ölkələr - Hindistan, Braziliya, Tailand, Pakistan və sair, ixraca məhdudiyyətlər qoyublar. Səbəbsə odur ki, özlərində şəkərə olan tələbatlarını ödəyə bilsinlər. Və bu, yenə də xammal qıtlığı ilə əlaqədar deyil. Problem yanacağın qiymətinin baha olmasındadır, neftin dünya bazar qiymətlərindədir.

Bəli, məsələ yenə gəlib dirənir neftin və ondan alınan yanacaq məhsullarının mövcud qiymətlərində. Dünyada istehsal olunan şəkərin təxminən 80%-i şəkər qamışından, yalnız 20%-i şəkər çuğundurundan əldə olunur. Qamışın qiyməti çuğundurdan xeyli ucuzdur. Neftin, yəni yanacaq məhsullarının qiymətinin baha olması ilə əlaqədar da məsələn, Hindistan etanol istehsalı üçün artıq bir müddətdir daha çox qamışdan istifadə edir və əlindəki xammalı daha çox məhz bu istiqamətə yönəldir. 

Çünki Hindistan üçün yanacaq hazırlamaq indi şəkər istehsal edib ixrac etməkdən daha sərfəlidir. Benzin qiymətiylə bağlı Braziliyada da tədarük azalıb. Ona görə ki, yerli əhali bioyanacaqlardan istifadəyə daha çox üstünlük verdiyindən bu ölkədə də şəkər qamışının əhəmiyyətli bir hissəsi xammal kimi bunun istehsalı üçün istifadə olunur.

Yeri gəlmişkən, şəkər təkcə qənnadı məmulatlarında deyil, həm də ət konservasiyasında, dəri sarğısında, tütün sənayesində, əczaçılıqda və plastik məmulatların istehsalı üçün də istifadə olunur. 

Bu isə o deməkdir ki, şəkərin bahalaşması domino effekti yaradaraq digər ərzaq məhsullarının da qiymətlərini artıra bilər. Girişdə qeyd etdim ki, Böyük Britaniya ekspertləri hələ 1 ay öncədən ərzaq qiymətlərinin bir az da bahalaşacağını söyləyiblər. Söhbət isə məhz bundan gedir.

Azərbaycanda da şəkərin qiyməti arta bilərmi?

Ölkəmizə gəldikdə, biz, bu sahədə həm idxalçı, həm də ixracçıyıq. Statistikaya əsasən, cari ilin yanvarında Azərbaycanda 2,4 min ton qənd və şəkər tozu istehsal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 65,7% çox olub. Fevralın 1-nə ölkədə 15 min ton hazır məhsul ehtiyatı olub.

Ümumiyyətlə, yanvarda Azərbaycan 4 milyon 773 min ABŞ dolları dəyərində 6 399 ton şəkər ixrac edib ki, bu da miqdar nöqteyi-nəzərindən ötən ilin eyni dövrü ilə müqayisədə 2,3 dəfə, dəyərcə isə 2,5 dəfə artıq deməkdir. Və ötən il 1 ton şəkər xaricə 674 ABŞ dollarına satılırdısa, bu il ərzində bu məbləğ 72 dollar artaraq 746 dollara çatıb.

Ölkəmizdən neft-qaz sektoruna daxil olmayan mallar üzrə ixrac olunan əsas mallar siyahısında şəkər cari ilin ötən 3 ayı ərzində 0,13% artım nümayiş etdirib. 

Ölkəmizin şəkər istehsalı sarıdan ən azı xammal nöqteyi-nəzərindən idxaldan asılı olduğunu nəzərə alsaq, təbii ki, sözügedən məhsulun bizdə də qiymətlərinin artacağı real görünür. Azərbaycanın illik şəkər və şəkər məhsullarına olan tələbatının 250 min tondan çox olduğu deyilir. Qida sənayesi inkişaf etdikcə şəkərə tələbat artır.

Demək istədiyim budur ki, şəkər istehsalına diqqəti artırmalıyıq. Ölkəmizdə şəkər qıtlığı yarana bilməz. Ancaq qiymətlər arta bilər. Bu sahədə ixracdan gəlir əldə ediriksə və bu, getdikcə artırsa, niyə də bu tendensiyanı saxlamayaq?

Şəffaflıq.az


Geri qayıt