Əsas Səhifə > Cəmiyyət > Abşeronda sudan qanunsuz istifadə halları aşkarlanıb - FOTO/VİDEO

Abşeronda sudan qanunsuz istifadə halları aşkarlanıb - FOTO/VİDEO


19-04-2023, 16:33


Prezident İlham Əliyevin təsdiqlədiyi “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair Tədbirlər Planı”na uyğun olaraq su itkilərinin və israfçılığın qarşısının alınması məqsədi ilə Abşeron rayonunda nəzarət tədbirləri həyata keçirilib.

Bu barədə “Azərsu” ASC xəbər yayıb

Məlumata görə, aparılan araşdırmalar zamanı məlum olub ki, Xırdalan şəhərindəki yaşayış kompleksində fəaliyyət göstərən restoranda su sayğacı olsa da, obyekt sahibi özbaşına çəkilmiş 32 mm diametrli boru vasitəsilə sudan qanunsuz istifadə edib.

Hökməli dairəsi adlanan ərazidə fəaliyyət göstərən dekorativ ağacların satışı məntəqəsində də sudan qeyri-qanuni istifadə edildiyi aşkarlanıb. Obyekt sahibi texniki şərt almadan və müqavilə bağlamadan yaxınlıqdan keçən xəttə qanunsuz qoşulma verib.

Araşdırmalar zamanı Bakı-Sumqayıt şosesi yaxınlığında yerləşən obyektdə də suyun talanması aşkar edilib. 50 mm diametrli boru vasitəsilə obyektə çəkilmiş su xəttini qəza briqadası kəsərək ləğv edib. Hökməli-Qobu yolu üzərindəki obyektlərdə də sudan uçotsuz və qanunsuz istifadə halları aşkarlanıb. Sahibkara məxsus aptek, mobil telefon və aksesuar satışı, geyim mağazası, şirniyyat evi və gözəllik salonunda sudan qeyri-qanuni istifadə edilib.

Aşkarlanmış qeyri-qanuni xətlər və birləşmələr ləğv ediliblər. Obyekt sahiblərinə su şəbəkəsinə qanuni qoşulma ilə bağlı məlumat verilərək bildirilib ki, içməli sudan qeyri-qanuni, israfçılıqla istifadə edilməsi şəbəkələrdə hidravliki rejimlərin pozulmasına, ciddi su itkilərinə, həmin ərazilərdə yaşayan digər sakinlərin su təchizatının pisləşməsinə səbəb olur. Qanunsuz halların qarşısını almaq üçün tədbirlər mütəmadi davam etdiriləcək, özbaşına çəkilmiş, sayğacdankənar xətlər ləğv olunacaq.

Bu ilin yanvar-mart aylarında içməli sudan qanunsuz istifadə ilə bağlı “Azərsu” 2 639, Abşeron rayonu üzrə 73 fakt aşkarlanıb. Aşkarlanmış faktlarla bağlı “Azərsu” üzrə 822 min kubmetr, Abşeron rayonu üzrə 27 min kubmetr həcmində sərfiyyat bərpa olunub. 3 ay ərzində içməli sudan qanunsuz istifadə ilə bağlı 50-dən çox fakt araşdırılması üçün hüquq-mühafizə orqanlarına təqdim olunub.









Şəffaflıq.az


Geri qayıt