Əsas Səhifə > Cəmiyyət > Laçın şəhəri laçın çağlarına geri dönür - FOTOLENT

Laçın şəhəri laçın çağlarına geri dönür - FOTOLENT


17-04-2023, 16:24


Azərbaycanın dilbər guşələrindən olan Laçın, sözün əsl mənasında, laçın çağlarına geri dönür. Ərazidə aparılan geniş tikinti-bərpa işləri nəticəsində Laçın gündən-günə abadlaşır. Yazın gözəlliyi ilə həmahəng olan şəhər gecələr çıraqban mənzərəsi ilə göz oxşayır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, erməni işğalından öncə Laçın şəhərində inzibati binalardan başqa, 2 020 fərdi ev, 28 ümumi yaşayış evi olub. Təəssüf ki, işğal zamanı erməni vandalizmi nəticəsində 1 500-dən artıq ev tamamilə dağıdılıb, təbiət isə ekoloji terrora məruz qalıb, bir çox abidə məhv edilib. 44 günlük Zəfər yürüşündə Azərbaycan Ordusuna məğlub olan düşmən Laçından da çıxarılıb. Laçın əsl sahiblərinin nəzarətinə keçdikdən sonra isə artıq burada geniş tikinti-bərpa işlərinə başlanılıb.

“Bakı Abadlıq Xidmətinin” memarı Elnur Abdullayev bildirib ki, hazırda Laçın şəhərində yeraltı magistral kommunikasiya xətləri çəkilib başa çatıb, ev birləşmələri işləri aparılır:

“Yeraltı xətlər - içməli su, yağış suları, kanalizasiya, elektrik, rabitə, qaz və küçə işıqlandırılması xətlərindən ibarətdir. Laçın şəhərində doqquz ədəd içməli su anbarı, üç ədəd yağış sularının toplanması anbarı, bir ədəd çirkab suların təmizlənmə qurğusunun tikintisi davam edir. Həmçinin bərpası mümkün olan evlər əsaslı təmir olunur, işlər bitmək üzrədir. Müasir memarlıq üslubuna uyğun olaraq, xalq memarlığı da qorunmaqla müxtəlif dizaynlı dekorasiya işləri aparılır. Evlərin əsaslı təmiri ilə yanaşı, həyətyanı sahələrin abadlığı, landşaft işləri paralel yerinə yetirilir”.

İşğal zamanı ekoloji terrora məruz qalan Laçın şəhərinin yaşıllıq zolaqları da bərpa edilir. Şəhər ərazisində yeni parklar salınır, iqlimə uyğun yeni ağac və bitkilər əkilir. Həyətyanı sahələrdə damcı-suvarma sistemi quraşdırılır.

Yol infrastrukturunun qurulması üçün birinci üz asfalt örtüyünün salınması işləri davam edir.

İş yerlərinin yaradılması məqsədilə istehsal müəssisələrinin tikintisi, o cümlədən əhalinin məşğulluğu üçün müxtəlif müəssisələrin açılması da nəzərdə tutulur.

Sürətlə həyata keçirilən işlər Laçının doğma sakinlərinə tezliklə yenidən qucaq açacağından xəbər verir.













































Şəffaflıq.az


Geri qayıt