Türkiyədə prezident seçkisinə bir aydan da az vaxt qalıb. Cümhuriyyət Xalq Partiyasının sədri Kemal Kılıçdaroğlu ölkənin hazırkı lideri Rəcəb Tayyib Ərdoğana qarşı Abdullah Ocalan kartını oynayır.
Rusiya KİV-in məlumatına görə, Kılıçdaroğlu kürdyönümlü Xalqların Demokratik Partiyasından (HDP) dolayı yolla güclü dəstək alıb. Belə ki, HDP seçkilərdə öz namizədini irəli sürməkdən imtina edib və Qərb mediasının yazdığına görə, Ərdoğanın rəqibinə dəstək ifadə edib.
Türkiyə liderinin digər əsas rəqibləri (İstanbul bələdiyyə başqanı Ekrem İmamoğlu, “İYİ Partiya”nın lideri Meral Akşener və başqaları) də Kılıçdaroğlunu dəstəklədiklərini bildiriblər.
Rusiya mediasında yayılan məlumata görə, RF təhlükəsizlik qüvvələri müxalifətə bu cür dəstəyin sonradan Türkiyənin daxili siyasətində ciddi fəsadlar yarada biləcəyi düşüncəsindədir. Belə ki, təhlükəsizlik qüvvələrinin məlumatına görə, Kılıçdaroğlu seçkilərdə qalib gəldikdən sonra PKK-nın lideri və qurucusu Abdullah Ocalanı (1999-cu ildən ömürlük həbs cəzası çəkir) əfv edəcəyinə söz verib.
Onların proqnozuna görə, Kılıçdaroğlu qələbə qazanarsa, Prezident Ərdoğanın son 20 ildə qurduğu xarici siyasətdə böyük dəyişikliklərə səbəb olacaq.
Rusiya hüquq-mühafizə orqanlarının fikrincə, tərəflər arasında münaqişə kontekstində Qərb və Rusiyanın maraqlarını nəzərə alaraq daha balanslı siyasət yürüdən Ərdoğandan fərqli olaraq, Kılıçdaroğlu daha çox qərbyönlü siyasətin tərəfdarıdır.