Əsas Səhifə > Cəmiyyət > Cibə girməyən avtobuslar və yanlış düşüncəli piyadalar: Bakı standartlara niyə sığmır? - FOTO

Cibə girməyən avtobuslar və yanlış düşüncəli piyadalar: Bakı standartlara niyə sığmır? - FOTO


14-04-2023, 14:21


Avtobus dayanacaqlarının düzgün təşkili ictimai nəqliyyatdan istifadənin artmasına əhəmiyyətli dərəcədə təsir göstərir.

İctimai nəqliyyat dayanacağı, piyada keçidi və ya kəsişmə, yol şəhər infrastrukturunun vacib hissələridir. Bu, düzgün təhlil edilmiş dizayn və planlaşdırma tələb edir.

Bakı şəhərində isə müxtəlif ərazilərdə dayanacaqlar piyada keçidlərinin yaxınlığında yerləşir ki, bu da insan həyatı üçün təhlükə yaradır. 

Bəs ictimai nəqliyyat üçün dayanacaqlar necə təşkil olunmalıdır?

“İnsanyönümlü şəhərlər” layihəsinin təmsilçisi Arzu Süleymanov Oxu.Az-a açıqlamasında bildirib ki, rahat və təhlükəsiz dayanacaqlar ümumilikdə ictimai nəqliyyatın keyfiyyətinə təsir edir, eyni zamanda, ictimai nəqliyyatdan daha tez-tez istifadəyə səbəb olur:

“Bunun əksi olarsa, dayanacaqlar savadsız dizayn edilərsə, hətta ən müasir avtobuslar və tramvaylar belə, cəlbedici olmayacaq. İnsanlar onlardan, sadəcə, istifadə etməyəcəklər. Çünki bu, əlverişsiz sayılacaq. İctimai nəqliyyat üçün yalnız pavilyonun harada qoyulması və ya hansı formada olması nəzərə alınmamalıdır.

Eyni zamanda, yaxınlıqdakı piyada keçidləri, dayanacaq ərazisində hərəkəti normallaşdırmaq üçün tədbirlər görülməli, avtobusların hərəkət cədvəli lövhəsi, şəhərin xəritəsi, zibil qutusunun yeri və bilet satışı terminalı quraşdırılmalıdır. Ümumiyyətlə, Avropa və ABŞ şəhərlərində bu məsələlərin xırda iş olmadığı düşünülür və məsələyə kompleks yanaşırlar”.

O qeyd edib ki, Avropa və ABŞ mütəxəssisləri bu və ya digər qərarın qəbul edilməsindən asılı olaraq bütün dayanacaqları beş kateqoriyaya bölürlər:

“Məsələn, böyük yol qovşağının yaxınlığında yerləşən dayanacaq az trafikli yolda olan dayanacaqdan çox fərqli qərarlar tələb edəcək. İkinci standartda deyilir ki, ictimai nəqliyyatın dayanacağı aydın görünməlidir və ona giriş hər tərəfdən maneəsiz olmalıdır.

Dayanacaqların məsafəsinə xüsusi diqqət yetirilir. Məsələn, standartda deyilir ki, çoxmərtəbəli binaların olduğu ərazidə hər 400-600 metrdən bir ictimai nəqliyyat dayanacaqları qoyulmalıdır.

Ayrı-ayrılıqda, mütəxəssislər əhəmiyyətli cazibə nöqtələrində dayanacaqların birbaşa mühüm obyektin qarşısında və ya yaxınlığında olmasını təyin edirlər. Belə obyektlər klinikalar, təhsil müəssisələri, inzibati binalar, ofislər və sair yerdə olur.

Avropa şəhərlərində və son zamanlar Nyu-York şəhərində ictimai nəqliyyat dayanacağının ətrafındakı məkanın təşkili də diqqətəlayiqdir. Əvvəla, yeni standartlar dayanacağa yanaşmanın mümkün qədər sadə və təhlükəsiz olmasının lazım olduğunu bildirir.

Üstəlik, onlar “yol hərəkəti qaydalarını daim pozan piyadalar”, “yanlış düşüncəli”, “bizim mentalitetimizə xas” insanların olduğunu iddia etmirlər, lakin birbaşa yazırlar ki, əksər piyadalar dayanacağa qədər həmişə ən qısa yoldan istifadə edəcəklər, hətta təhlükəli olsa da.

Eyni zamanda, insan davranışını nəzərə alaraq (istifadəçi təcrübəsinə əsaslanaraq), mütəxəssislər çıxış yolu kimi yeni küçə dizaynı təlimatı tərtib edirlər. Buna görə də dayanacağın təşkilinə yanaşma fərqli ola bilər.

Məsələn, az trafikə malik ikizolaqlı bir yolda təhlükəsizlik adacığı olan işıqlı bir piyada keçidini təşkil etmək kifayətdir.

Ancaq iki və ya daha çox zolaqlı bir küçədə artıq işıqfor tələb olunur”.

Aşağıdakı şəkildə göründüyü kimi, dayanacaqda avtobus üçün cib təşkil olunmayıb. Çünki şəhər küçələrindən avtobusların ciblərə girib-çıxması ləngiməyə səbəb olur. Bakı misalında bu cibləri, əsasən, qanunsuz sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələri zəbt edir. Avtobus dayanacaqlarında ciblər şəhərətrafı hərəkət sürəti 60 km/saatdan yüksək olan yollarda təşkil olunmalıdır.

Nəhayət, bəzi yerlərdə dayanacaq elə təşkil olunur ki, dayanan avtobus digər nəqliyyat vasitələrinin hərəkətinə mane olsun. Şəxsi nəqliyyat vasitələrinin sürücüləri isə çox gözləmirlər. Lakin sərnişinlərin enməsi və minməsi mümkün qədər təhlükəsiz baş verir və ictimai nəqliyyat şəhərdə real prioritet olduğunu sübut edir.

İlhamə Əbülfət

Şəffaflıq.az


Geri qayıt