“Azərbaycan vətəndaşları ölkədə pul köçürmə xidməti zamanı vəsaiti nağd şəkildə göndərən və qəbul edənlərin 87%-ni təşkil edir”.
“Report” xəbər verir ki, bunu Tədqiqat qrupunun rəhbəri, beynəlxalq ekspert Anna Proxorova Azərbaycanda pul köçürmə xidməti istifadəçiləri arasında aparılan oflayn sorğuların nəticələrini açıqlayarkən bildirib.
O qeyd edib ki, əcnəbilər ödəyicilərin çox kiçik bir hissəsini təşkil edir və bu səbəbdən Azərbaycandan xaricə pul köçürmələri əcnəbilərin pul köçürmələrindən daha çox Azərbaycan diasporuna pul köçürmələrindən ibarətdir:
“Xaricə pul köçürmək üçün əsas motivasiya təcili maliyyə ehtiyaclarını ödəməkdir. Oflayn sorğumuzun nəticələri yalnız nağd pul köçürmə xidməti istifadəçilərinə şamil edilir. Bununla belə, bizim nəticələrimiz həm ödəyicilər, həm də vəsait alanların maliyyə inklüzivliyi səviyyəsinin 50%-ə yaxın olduğunu göstərir. Bu rəqəmlər əsasən Azarbaycan vətəndaşlarına aid olsa da, biz respondentlər arasında əcnəbilərə də rast gəlirik (7,7%)”.
Ekspert qeyd edib ki, əməkhaqqı kartı həm vəsait alanlar, həm də ödəyicilər arasında ən çox istifadə edilən ödəniş kartıdır:
“Bu, onu göstərir ki, respondentlərimizin ən azı yarısı əlavə daimi gəlir mənbəyinə malikdir. Sorğularımızda bütün respondent kart sahibləri pul köçürmə xidmətinin müxtəlif üsullarından istifadə edirlər. Lakin ödəyicilər üçün - hətta kartları olanlar üçün belə - rəqəmsal üsullar daha çox problemli görünür. Azərbaycandan pul köçürülməsinin alternativ rəqəmsal metodu kartdan karta üsuluna əsaslanır, lakin bunun, pulköçürmə sistemləri vasitəsilə nağd pul göndərməkdən daha baha başa gəldiyi görünür”.