Nəsimi rayonu 3-cü mikrorayon ərazisində körpüdə hərəkətin intensiv olduğu vaxtda təmir işləri aparılır.
Oxu.Az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.
Belə ki, körpünün yuxarıdan çökdüyü iddia olunub. Bu səbəbdən təmir prosesinin başlanıldığı bildirilib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Mətbuat Xidmətinin rəhbəri Anar Nəcəfli Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, həmin ərazində heç bir təhlükə yoxdur:
“Sosial şəbəkələrdə düzgün olmayan informasiya yayırlar. Yanlış məlumatı ötürməyə çalışırlar. Orada heç bir təhlükə yoxdur. Bu barədə dəfələrlə danışmışıq.
Həmin körpünün yəni yol ötürücüsünün temperatur tikişləri, “şov”ları var. Yol ötürücüsü dəmir beton konstruksiyalıdır. Onun sıxılma və genişlənmə kimi funksiyası var. İsti aylarda genişlənir, soyuq aylarda sıxılır. Yol ötürücüsünün konstruksiyasına xələl gəlməsin deyə, bu cür temperatur “şov”ları qoyulur ki, genişlənəndə, sıxılanda hər hansı bir problem yaranmasın.
Temperatur “şov”ları da bir-birindən aralıdır. Hava dəyişkənliyindən su körpünün aşağı hissəsinə sızır. Su sızdığı üçün körpünün aşağı hissəsində beton üzəri malalanır. Üzlük çəkilir ki, estetik cəhətdən yaxşı görünsün. Nəmişlik nəticəsində həmin o üzlük eroziyaya uğrayır. Altdan baxanda elə təəssürat yaranır ki, problem var. Lakin heç bir problem yoxdur.
Sadəcə olaraq bu yaxınlarda körpünün temperatur “şov”ları yenilənib. Eroziyaya uğramış hissələr malalanır ki, estetik cəhətdən yaxşı görünsün. Təhlükə yoxdur”.
Nəsimi Rayon İcra Hakimiyyəti isə zənglərimizi cavabsız qoyub.
Həmin görüntüləri təqdim edirik:
Nəzrin Vahid