Əsas Səhifə > İdman > Romao Qurban Qurbanova ad günü hədiyyəsi verməyəcək: “Sadəcə, meydanda onun üçün də qaçacağam” - FOTO

Romao Qurban Qurbanova ad günü hədiyyəsi verməyəcək: “Sadəcə, meydanda onun üçün də qaçacağam” - FOTO


8-04-2023, 16:31


“Qarabağ”a ötən ilin yayında Portuqaliyanın “Santa-Klara” komandasından transfer olunmuş Julio Romao ilk vaxtlardakı oyunu ilə diqqət çəkməsə də, sonradan Ağdam təmsilçisinin əvəzolunmazlarından birinə çevrilməyi bacardı. Adaptasiya problemini geridə qoyan braziliyalı dayaq yarımmüdafiəçisi hazırda Azərbaycan Premyer Liqasında öz mövqeyinin bəlkə də ən yaxşısıdır. Bura gələnədək yalnız öz ölkəsində və Portuqaliyada çıxış edib. Ən böyük hədəflərindən biri futbolçu kimi daha da inkişaf etməkdir.

“Qarabağ”ın 6 nömrəsi “Report”a müsahibəsində bir sıra maraqlı məqamlara toxunub.

- “Qarabağ” 74 xalla turnir cədvəlinə başçılıq edir və ən yaxın izləyicisi “Sabah”ı 9 xal qabaqlayır. Özünüzü çempion kimi hiss edirsiniz?

- Turnir cədvəlinə baxanda ikinci yerlə xal fərqinin böyük olduğu görünür. Amma bu, bizi qətiyyən rahatlaşdırmır. Hər oyuna xal fərqi yoxmuş kimi yanaşırıq. Sıralamaya çox da fikir verməməyə çalışırıq. Sırf oyunlara köklənmişik. Hədəf hər matçda yaxşı çıxış etmək və qələbə qazanmaqdır. Yalnız mövsümün sonunda çempionluqdan danışa bilərik.

- Çoxları düşünür ki, “Qarabağ”ın Azərbaycan futbolunda rəqibi yoxdur. Bu fikirlərlə razısınız?

- Belə düşünsək, çempionatdakı rəqiblərimizə hörmətsizlik olar. Hər komanda meydanda vuruşur, əlindən gələni edir. Bəzən alınır, bəzən alınmır. Fikrimcə, Premyer Liqadakı hər bir komanda rəqibimizdir. Hər matça bu düşüncə ilə çıxırıq. Elə oyunlar olur ki, rəqib səni gözləmədiyin halda təəccübləndirir. Məsələn, bizdən xal alan “Kəpəz”in timsalında bunu görə bilərik. Ötən tur “Şamaxı” yaxşı müqavimət göstərdi. Hər bir kollektiv sonadək mübarizə aparır.

- Bu gün “Qarabağ”la çempionluq uğrunda mübarizə apara biləcək əsas komanda hansıdır?

- Mənə elə gəlir ki, rəqibləri turnir cədvəlindəki sıralamaya uyğun sadalamaq olar. “Sabah”la “Neftçi”ni qeyd edərdim. Bu komandalar çempionluq uğrunda mübarizə apara biləcək gücdədirlər.

- Doqquz aydan çoxdur Azərbaycandasınız. Futbolumuz haqqında fikirləriniz necədir?

- Kimsə Azərbaycan çempionatı, burada oynanılan futbol haqqında başqa fikirdə ola bilər. Amma mənim müşahidələrim onu deməyə əsas verir ki, Premyer Liqada yaxşı futbolçular və komandalar var. Kimlərsə Azərbaycanda çempionluğun asan əldə edildiyini düşünə bilər. Lakin belə deyil. “Qarabağ” da çempionluğu asan qazanmır.

- “Qarabağ”a adaptasiya prosesiniz bir qədər uzun çəkdi. Açığı, yeni gələndə çıxışınız çoxlarını razı salmırdı. İndi isə komandanın əvəzolunmazlarından birisiniz. Burada əsas rolu Qurban Qurbanov, yoxsa uyğunlaşma amili oynadı?

- Açığı, uyğunlaşma prosesinin uzun çəkdiyini düşünmürəm. Mən gələndə “Qarabağ” artıq avrokubokların pley-off mərhələsində çıxış edirdi. Birlikdə təlim-məşq toplanışında olduqları üçün digər futbolçularda oyun ritmi var idi. Mən isə tətildən qayıtmışdım və keçmiş komandam “Santa Klara”da cəmi 2 həftə məşq etmişdim. Buna görə də əsas heyətə düşməməyim və dərhal oynamamağım normal idi. Üzərimdə səylə işləməyə başladım və öz şansımı gözlədim. Əsas səbəb budur. Əslində insanların bu cür düşünməsi normaldır. Komandanın içində olmadıqları üçün proseslərin gedişatından xəbərsizdirlər.

- Qurban Qurbanovu həm məşqçi, həm də insan kimi necə xarakterizə edərdiniz?

- Əslində baş məşqçi haqqında çox danışmaq olar. Qısa xarakterizə etsək, şəxsiyyət kimi çox dürüst və səmimi insandır, böyük qəlbə sahibdir. Məşqçi kimi isə əlavə şərhə ehtiyac yoxdur. Hər zaman futbolçulara dəstək olur, istənilən halda yanımızda olduğunu deyir. Yəqin çoxları bu fikrimlə razılaşar. “Qarabağ” bu səviyyəyə çatıbsa, səbəbkar ilk növbədə Qurban Qurbanovdur.

- Yeri gəlmişkən, aprelin 13-də baş məşqçinizin doğum günüdür. Ona nə hədiyyə edəcəksiniz?

- (Gülür). Hədiyyə verməyəcəyəm. Sadəcə, təbrik edəcəyəm və meydanda həm də onun üçün qaçacağımı deyəcəyəm.

- Özünüzü “Qarabağ”da necə hiss edirsiniz? Məsələn, bundan əvvəlki klubunuz olan “Santa-Klara”dakı kimi rahatsınız?

- Burada özümü həqiqətən çox yaxşı və rahat hiss edirəm, nəinki “Santa Klara”da. Müntəzəm oynayıram, baş məşqçi mənə inamını ifadə edir. Düşünürəm ki, yaxşı formadayam. Amma bununla kifayətlənmək fikrində deyiləm. Səviyyəmi daha da artırmağa. inkişaf etməyə çalışacağam.

- Braziliya, Portuqaliya, Azərbaycan. Növbəti dayanacaq hara ola bilər? Təklifləriniz var?

- “Qarabağ”a yeni gəlmişəm, müqaviləm var. Tam olaraq buraya köklənmişəm. Bildiyim qədəri ilə, mənə görə kluba hər hansı təklif gəlməyib. Bu işlərə çox da qarışmaq istəmirəm. Məqsədim daha çox oynamaq, inkişaf etmək və “Qarabağ”la müqaviləmə sadiq qalmaqdır.

- Bir müddət öncə Türkiyə “Qalatasaray”ı ilə xeyriyyə oyunu keçirdiniz. Matçın anlamını, rəqibin kimliyini nəzərə alsaq, görüşdən hansı təəssüratlarla ayrıldınız?

- Həmin gecə stadiondakı ab-hava həqiqətən möhtəşəm, unudulmaz idi. Xoşbəxtəm ki, bu cür gözəl stadionda və möhtəşəm azarkeşlər qarşısında böyük kluba qarşı oynamaq imkanı qazandım. Belə matçlar insanın həyatında dərin izlər buraxır. Bu cür görüşləri hər zaman xatırlayacağam.

Şəffaflıq.az


Geri qayıt