Əsas Səhifə > Cəmiyyət > Sui-qəsd cəhdindən sonra Fazil Mustafadan ilk AÇIQLAMA

Sui-qəsd cəhdindən sonra Fazil Mustafadan ilk AÇIQLAMA


29-03-2023, 09:21


Martın 28-də terror hücumuna məruz qalan millət vəkili Fazil Mustafa hadisə ilə bağlı ilk açıqlama verib.

O, Haqqın.az saytına açıqlamasında bunları deyib:

“Evə qədər sürdüm. Maşını qaraja daxil etmək istəyəndə birdən nə olduğunu başa düşmədim. Pultun düyməsini sıxıb qaraja daxil olmağa hazırlaşırdım. Birdən maşının ön şüşəsi silkələndi. Çiynimdə dəhşətli ağrı hiss edirdim. Ağrılardan sonra bunun atəş zərbəsi olduğunu anladım, çünki atəş səslərini eşitdim. Qapını açıb düşdüm. Darvazaya tərəf bir neçə addım atanda artıq ikinci güllə mənə dəydi. Ayağımdan yaralandım. Evə gedərək tez qapını bağladım”.

Millət vəkilinin sözlərinə görə, sonra qapını bağlayaraq təcili tibbi yardım və hüquq-mühafizə orqanlarına məlumat verib: 

“Təcili yardım maşınında özümü təhlükəsiz hiss edəcəyim xəstəxanaya aparılmağı xahiş etdim. Amma çox qan itirmişdim. Bədənim əsirdi. Daha heç nə xatırlamıram.

Özüm də başa düşmədim ki, necə sağ qaldım. Allah saxladı. Möcüzə oldu”.

Xatırladaq ki, dünən Zabrat qəsəbəsində yerləşən evinin qarşısında silahlı hücuma məruz qalan millət vəkilinə avtomat silahdan çoxsaylı atəş açılıb. F.Mustafa iki güllə yarası alıb. Çiyin nahiyəsindən və ayağından yaralanan millət vəkilinə ilk olaraq Kliniki Tibbi Mərkəzdə həkim müdaxiləsi edilib. Sonra isə deputatın təhlükəsizliyinin daha yaxşı təşkil olunması məqsədilə o, hüquq-mühafizə qurumlarından birinin hospitalına aparılıb.

Şəffaflıq.az


Geri qayıt