Əsas Səhifə > Cəmiyyət > Məişət texnikası ilə bağlı düz bildiyimiz səhvlər - Ekspert məsləhətləri - FOTO
Məişət texnikası ilə bağlı düz bildiyimiz səhvlər - Ekspert məsləhətləri - FOTO18-03-2023, 20:55 |
Məişət texnikasında istifadə etdiyimiz elektrik məhsulların düzgün istifadə qaydalarını bilmədikdə, həm canımıza, həm də cibimizə ziyan edirik. Yanlış istehlak daha çox elektrik israfına səbəb olur və cihazın ömrünü azaldır. Soyuducu, kondisioner, paltaryuyan, qabyuyan maşınlar, telefonlar, kompüterlər hamımızın həyatını asanlaşdıran önəmli cihazlardandır. Lakin bu məhsulların düzgün istifadə qaydalarını bilmədikdə, həm canımıza, həm də cibimizə ziyan edirik. Yanlış istehlak daha çox elektrik israfına səbəb olur və cihazın ömrünü azaldır. Sıradan çıxan cihaz isə evdə yanğına, partlayışa səbəb ola bilir. Bununla təcrübədə də rastlaşmışıq. Bəs evdəki elektrik əşyalarımızın istifadəsi ilə bağlı bu günə qədər düz bildiyimiz səhvlər nələrdir? Əvvəlcə soyuducudan başlayaq. Soyuducular həddindən artıq ərzaqla doldurularsa... Ən önəmli məsələlərdən biri, soyuducunun yerinin düzgün seçilməsidir. Soyuducunu yerləşdirərkən onun pəncərədən və qaz pilətəsindən uzaq, soba ilə arasında ən azı 10 sm məsafədə olmasına diqqət yetirməliyik. Həmçinin soyuducu divara tam söykənməməlidir. Mütləq divarlar arasında boşluq buraxılmalıdır. Elektrik mütəxəssisi, mühəndis Fuad Kərimov deyir ki, soyuducunu ekonom rejimində istifadə etməyin ən vacib addımlarından biri ehtiyacınıza uyğun məhsulları almaqdır: “Ehtiyacınızdan daha çox məhsul alsanız, enerji istehlakı artacaq. Soyuducular həddindən artıq ərzaqla doldurularsa, yüklənəcək və daha çox enerji sərf edərək işləyəcək”. Bir dəfəyə çox paltar yumaq işimizi rahatlaşdırır? Bu gün insanların ən sevdiyi ixtiralardan biri də paltaryuyan maşınlardır. Lakin onlarla bağlı da düz bildiyimiz səhvlər çoxdur. Ən böyük səhvlərdən biri paltaryuyan maşınların qapısını bağlı saxlamaqdır. Mütəxəssis deyir ki, paltar yuyulduqdan sonra, nəmin buxarlanması üçün maşının qapısı açıq olmalıdır: “Qapı bağlı qaldıqda, içəridə qalan nəm pis qoxuya səbəb olur. Daha sonra bu qoxu növbəti yuyulmada paltarlara hopur. Soyuducu kimi paltaryuyan maşının da yük götürmə dərəcəsi var. Əgər 3 kilo yuya bilmə gücü varsa, 6 kilo paltar yumağa çalışdıqda, bu, mühərriki sıradan çıxarır. İnsanlar düşünür ki, bir dəfəyə çox paltar yumaq onların işini rahatlaşdırır və qənaət edirlər. Amma bu, əksinədir. Çünki maşın gərgin işləyəndə daha çox elektrik sərf edir. Bundan əlavə, məişətdə istifadə olunan elektrikli avadanlıqlar iş bitdikdən sonra mənbədən ayrılmalıdır. Birbaşa birləşmiş və daimi qoşulu qalan avadanlıqlar öz gücünə uyğun naqillərlə və mühafizə açarları ilə qoşulmalıdır. Naqilində, korpusunda birləşdirici başlığında nasazlıq olan heç bir avadanlığı təhlükəsizlik baxımından işlətmək olmaz”. Kondisionerlərin ideal temperaturu neçədir? Bir çoxumuzun şikayəti yay aylarında elektrik sərfiyyatının çox olmasıdır. Bunu kondisionerlə əlaqələndirib, yayda işıq pulu qəbzlərinə təəccüblənmirik. Amma düzgün istifadə etməklə, sərfiyyatı az da olsa, azalda bilərik. Mütəxəssis deyir ki, diqqət etməli olduğunuz ilk məqam kondisionerlərin işlədiyi temperaturdur. Hər kəsin özünü rahat hiss etdiyi temperatur fərqli olsa da, 22-25 dərəcə arasındakı temperatur ideal mühit temperaturu kimi tanınır. Önəmli olan çölün temperaturu ilə evin temperaturundakı balansı qorumaqdır. Məsələn, çöldə 30 dərəcə isti olanda, eviniz daha tez soyusun deyə 18 dərəcəyə təyin edilməsi, kondisionerinizin daha gərgin işləməsinə səbəb olur. Bu da elektrik istehlakını artırır. Tez-tez söndürüb-yandırmaq da ziyanlıdır Həmsöhbətimizin sözlərinə görə, xüsusilə yay fəslində kondisionerləri tez-tez söndürüb-yandırmaq da çox enerji sərfiyyatına səbəb olur: “Kondisionerinizi daim yandırıb-söndürsəniz, cihazlarınız bütün sistemlərini yenidən işə saldıqları üçün demək olar ki, bir neçə dəfə çox enerji sərf edirlər. Nəticə etibarı ilə, elektrik enerjisi istehlakı yandırma və söndürmə tezliyindən asılı olaraq daim artır. Bu səbəbdən gün ərzində ətraf mühitin temperaturu sabitləşənə qədər kondisionerlərinizi mümkün qədər söndürməməyə və tək bir temperaturda işlətməyinə diqqət etməlisiniz. Bundan əlavə, kondisioner öz gücünə uyğun naqillə çəkilməli və avtomatla qoşulmalıdır”. Telefonları ən az neçə faizdə şarj etməliyik? İnformasiya Texnologiyaları üzrə ekspert Qafar Əhmədov deyir ki, telefonumuzu söndürsək belə, batareya daim işləyir, keyfiyyətdən düşür. Amma bu prosesin sürətini azalda bilərik: “Telefonun 0 faizə qədər enerjisini işlətdikdən sonra şarj etmək batareyanın ömrünü azaldır. Çünki passivləşən batareya birdən-birə bütün enerjini özünə çəkir. Bu da tam hərəkətsiz zərrəciklərin daha sürətlə yer dəyişməsinə gətirib çıxarır, nəticədə batareyaya zərər dəyir. Bu 5 və 10 faizə də aiddir. Minimal şarj həcmi 20 faiz götürülür, bu zaman batareya normal şəkildə enerji yığmağa başlayır. Telefon 100 faiz enerji yığdıqdan sonra şarj etməyi dayandırır. Bundan sonra cihazı şarjda saxlamaq məsləhət deyil”. Bu zaman batareya partlaya bilər Həmsöhbətimizin sözlərinə görə, cihazları həddən artıq soyuq və isti temperaturda şarj alətinə qoşmaq olmaz. Bu prosesdə batareya bir neçə aya xarab ola bilər: “Bu yeganə haldır ki, bu zaman batareya hətta partlaya bilər. Bu hala daha çox avtomobildə rast gəlinir. Belə ki, telefon şarj alətinə taxılıb şüşənin önünə qoyulur, üzərinə günəş şüaları düşür. Bunu etmək olmaz. Ümumiyyətlə, cihazları soyuqda və istidə saxlamaq olmaz. Bundan əlavə, telefonların dəstəkləmədiyi adapter başlıqları ilə şarj etməyin. Məsələn, “x” firmanın məhsulunu “y” adapteri ilə şarj etmək telefonunuzun ömrünü azaldır”. Şəffaflıq.az Geri qayıt |