Əsas Səhifə > İqtisadiyyat > Novruz öncəsi bazarlarda vəziyyət: Alıcılıq qabiliyyəti necədir? - REPORTAJ + FOTO
Novruz öncəsi bazarlarda vəziyyət: Alıcılıq qabiliyyəti necədir? - REPORTAJ + FOTO18-03-2023, 19:23 |
Novruz bayramına iki gün qalıb. Bu bayramlarda diqqəti çəkən əsas məqam süfrənin tərtibatıdır. Azərbaycan xalqının milli bayramı olduğundan, hər kəs Novruza xüsusi hazırlaşır, şirniyyatlar bişirirlər. Çalışırlar ki, süfrəyə bol nemət düzsünlər. İnanclara görə, süfrədə nə qədər çox nemət olsa, il bir o qədər ruzili-bərəkətli keçəcək. Novruz hazırlıqları üçün isə insanlar əvvəlcədən alış-veriş etmək üçün paytaxtda qurulan yarmarka və mağazalara üz tuturlar. Əhali arasında sərfəli alış-veriş məkanlarından biri olan “Yaşıl bazar”da bayramqabağı vəziyyətin necə olduğunu öyrənmək üçün Oxu.Az-ın əməkdaşı ora baş çəkib. Diqqətimizi çəkən ilk məqam bazarda olan seyrəklik idi. Bayrama sayılı günlər qalmasına baxmayaraq, əvvəlki qədər sıxlıq müşahidə olunmurdu. Piştaxtalar bayram üçün bütün nemətlərlə dolu idi. Lakin alıcı qıtlığı hiss olunurdu. Əvvəlcə Novruzun atributlarından olan səmənilərə nəzər yetirdik. Bazarda hər qiymətə səməni vardı. Baharın simvolundan olan səmənilərin ən aşağı qiyməti 1 manat idi. Satıcı səməniləri fevral ayından satışa çıxardığını söyləyib: “İlk çərşənbədən öncə səmənini satışa çıxardıq. Lakin mənə elə gəlir ki, insanlar çərşənbələri artıq qeyd etmirlər. Çünki çərşənbələrdə demək olar səməni alan yox idi. Son çərşənbəyə yaxın axın oldu. Lakin bu da əvvəlki qədər çox deyil”. Digər bir satıcı da alıcılıq qabiliyyətinin kəskin şəkildə aşağı düşdüyündən şikayətlənib: “Bayrama 2 gün qalır. Lakin axın yoxdur. Məhsullar üzərində qiymət artımı yoxdur. Alıcılığın aşağı olması təəccüblü məqamdır. Marketlərə nisbətən bizdə daha ucuzdur. Əksər məhsulların qiyməti bazar, marketlə müqayisədə 1-2 manat ucuzdur”. Bazarın çərəz satılan hissəsinə baş çəkdik. Çeşid çoxluğunu müşahidə etsək də, satıcılar alıcılıq qabiliyyətində artımın olmadığını söyləyiblər: “Ləpə 14-16 manatdır. Qabıqlı qoz isə 4-6 manata satılır. Fındıq 7, ləpəsi 14, badam ləpəsi 22, iydə 6, xurma 10-15, innab 8, qaysı 13 manatadır. Qarışıq meyvə qurusu 10-22 manat, tumsuz xurma 14 manat, tumlu 7 manat, alma və armud qurusu 3-10 manatdır. Şabalıd 3,50-10 manat, qaysı 12-20 manat, sarı kişmiş 6-20, alça qurusu 4-10, gavalı qurusu 3-15 manat aralığında satılır. Qiymətlər normaldır. Bayramla əlaqədar bahalaşma yoxdur”. Bayram süfrəsini plovsuz təsəvvür etmək mümkün deyil. Plovun hazırlanmasında istifadə olunan düyülərə isə tələbat çoxdur. Qablaşdırılmış düyülər isə müxtəlif qiymətə satılır. Meyvə-tərəvəz məhsullarının satıcısı bazarda alıcıların sayının azalmasını iri marketlərlə əlaqələndirir: “Bazarda məhsullar ucuzdur. Bazarda hər şey ucuz olsa da, məhsulları alan yoxdur. Armud 2, portağal 3, heyva 2, banan 3 manatdır. Qiymətlər bundan aşağı ola bilməz”. Digər satıcı isə alıcılıq qabiliyyətinin son bir neçə ayda aşağı düşdüyünü əlavə edib: “Bəziləri bayramqabağı bahalaşma səbəbindən alıcılıq qabiliyyətinin aşağı olduğunu düşünür. Lakin bayram ilə əlaqəsi yoxdur. Bir neçə ay öncədən durğunluq müşahidə edilir”. Ümid edirik ki, alıcıların süfrəsi, satıcıların da cibi bu bayramda boş qalmaz. Bayramınız mübarək! Daha çox foto burada: PhotoStock.az Nəzrin Vahid Şəffaflıq.az Geri qayıt |